Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 11:50
Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC bu il də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini xüsusi layihələrlə təbrik edəcək.
Metropolitendən Sonxeber.net-a bildirilib ki, 2020-ci ilə sayılı günlər qaldığı bir vaxtda metronun stansiyalarında bayram əhval-ruhiyyəsi hiss olunur. Sərnişin axınının sıx olduğu "İçərişəhər", "28 May", "Elmlər Akademiyası", "Koroğlu" və "Avtovağzal" stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb.
Yeni il rəmzləri ilə bəzədilmiş retro vaqonlardan ibarət qatar bu dəfə də sərnişinlərin görüşünə gələcək. 4 gün ərzində - dekabrın 29-dan yanvarın 1-dək "A" və "Г", eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış "E" tipli vaqonların qoşulduğu qatar "İçərişəhər" stansiyasının 1-ci yolunda nümayiş etdiriləcək. Yaşlı və orta nəslin nümayəndələrində nostalji hisslər oyadan bu qatara hər kəs tamaşa edə, xatirə şəkli çəkdirə biləcək.
Bakı metropoliteni daha bir ənənəsinə sadiq qalacaq. Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız bu il də sərnişinlərlə görüşə gələcək. Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də tam fərqli layihə ilə azyaşlı sərnişinlərini sevindirəcək.
"İçərişəhər" stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək. Böyük şou-tamaşada nəhəng oyuncaqlar, şarlardan müxtəlif formalı fiqurlar düzəldəcək klounlar azyaşlı sərnişinləri əyləndirəcək. Uşaqların sevimlisi olan sehrbaz isə tam fərqli formatlı və ilk dəfə nümayiş etdirəcəyi illüziya proqramı ilə izləyicilərini heyran qoyacaq.
Yeni il şənliyi iki gün - dekabrın 29 və 30-da keçiriləcək.
Bu iki gün ərzində "İçərişəhər" stansiyasının platformasında və retro vaqonlarda Yeni il rəmzlərinə bürünmüş metropolitençilər azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.