Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 12:40
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Bakı Metropoliteni" QSC daha bir fərqli sosial layihəsini həyata keçirib.
QSC-dən Sonxeber.net-a verilən məlumata görə, Yeni ilin gəlişi ilə bir neçə gün əvvəldən işıqlı şam ağacları ilə bəzədilmiş "İçərişəhər" stansiyasında Yeni ilin qəhrəmanları Şaxta baba və Qar qız sərnişinləri salamlayıblar. Onlar sərnişinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, onlara yeni ildə uğurlar və sevinc arzulayıblar. Yeni ilin ovqatına uyğun səhnələşdirilmiş tamaşanı Qar qız başlayıb. O, uşaqlarla birlikdə Şaxta babanı səsləyib. Öz təbiri ilə uşaqların səsinə səs verən Şaxta baba sözü-söhbəti, tapmacaları, atalar sözləri, yanıltmacları ilə əsl yeni il şənliyi ovqatı yaradıb. Uşaqlardan şeir, nəğmə hədiyyəsini alan Şaxta baba və Qar qız azyaşlı sərnişinlərə Yeni il sovqatlarını paylayıblar.
"A" və "Г", eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış "E" tipli vaqonların qoşulduğu qatar "İçərişəhər" stansiyasının hərəkətin olmadığı 1-ci baş yolunda nümayiş etdirilib. Şaxta baba və Qar qız stansiyaya enərək nümayiş etdirilən qatara minib, azyaşlı sərnişinlərə hədiyyələr paylayıblar. Sərnişinlər Yeni il qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər.
Yeni ilin əsas personajları iki gün azyaşlı sərnişinlərə hədiyyələr paylayaraq, onları sevindirəcəklər.
Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, yeni il ərəfəsində şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarda konsert proqramı təşkil edilib. Bu dəfə ənənəvi konsert proqramına da yenilik gətirilib. Tanınmış "Şaqan" instrumental ansamblı canlı musiqi ilə "28 May", "Sahil" və "İçərişəhər" stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradıb.