Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 17:36
Dekabrın 30-da Göygöl rayonunda məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi istifadəyə verilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, ictimaiyyət nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.
Prezident İlham Əliyevin apardığı siyasət və həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan uğurlar davamlı xarakter daşıyır. Bunun nəticəsidir ki, müharibədən əziyyət çəkən insanların, o cümlədən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin miqyası ilbəil genişlənir. Son iki il ərzində ölkə ərazisində bütün zəruri sosial-texniki infrastrukturu olan 13 qəsəbə və bir bina tikilib istifadəyə verilib. Ümumilikdə isə indiyədək 300 mindən çox qaqın və məcburi köçkünün - 62 mindən çox ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Gələn il 7 minə qədər məcburi köçkün ailəsinin yeni ev və mənzillə təmin edilməsi nəzərdə tutulur.
Məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır şəraitdə, həyat üçün təhlükəli bina və tikililərdə müvəqqəti məskunlaşan ailələrin birinci növbədə yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırıq icra edilir. Məhz Mehriban xanımın çağırışı ilə özəl sektor məcburi köçkünlərin mənzil probleminin həllinə öz töhfəsini verməyə başlayıb. Dövlətimizin başçısı tərəfindən də dəstəklənən bu təşəbbüsə qoşulan sahibkarlıq subyektlərinin sayı artmaqdadır.
Göygöldəki açılış mərasimində bu barədə məlumat verən Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərə dövlətimizin başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb, onlara yeni mənzillərdə xoş günlər, firavanlıq arzulayıb. Əminliklə qeyd edilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqları gün də uzaqda deyildir. Ölkə rəhbərinin qətiyyətli siyasəti Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi ilə nəticələnəcəkdir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxışında Göygöldə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin hər bir müraciətinə yerli orqanların həssaslıqla yanaşdığını, onlara lazımi köməklik göstərdiyini bildirib və yeni istifadəyə verilən məhəllənin rayon ərazisindəki məcburi köçkünlərin mənzil problemini tam həll etdiyini deyib.