Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənipərəst Desir yalana havadar olub: ATƏT yenə susacaq?

Ermənipərəst Desir yalana havadar olub:  ATƏT yenə susacaq?

Tarix: 31 Dekabr 2019 01:42

Azərbaycanın daxili siyasətinə kəskin müdaxilə cəhdləri əvvəlki illərdə kobud və primitiv formada idisə, indi demokratiya, insan haqları və vətəndaş hüquqları ilə bağlı ibarələrlə bol formada pərdələnir. Üstəlik, bu cəhdlərdə Azərbaycanın qanunvericiliyinə guya istinad da olunur, rəsmi Bakı qarşısında ultimatum təsiri bağışlayan "xahiş"lər səsləndirilir.

ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Dezir  Twitter-dəki mikrobloqunda bloqer Mehman Hüseynovla bağlı açıqlama yayıb.

H.Dezirin fikrincə, dekabrın 27-də Mehman Hüseynov Bakıda "döyülüb".

"Tanınmış bloqer Mehman Hüseynovun polis tərəfindən saxlanması və döyülməsi ilə bağlı yayılmış məlumatlarla bağlı narahatam. Hakimiyyət dairələri bu məsələni ən qısa müddətdə və təfərrüatla araşdırmağa, günahkarların məsuliyyətə cəlb olunmasına çağırıram" - 60 yaşlı H.Dezir yazıb.

Fransanın Avropa işləri üzrə sabiq dövlət nazirinin bu ritorikası nə təcrübəli siyasətçiyə, nə də ATƏT funksionerinə əsla xas olmayacaq dərəcədə primitiv və qərəzli təsir bağışlayır.

Cənab Dezirin tvitindəki ifadələri təsadüfi saymaq sadəlövhlük olardı.

Mehman Hüseynovun DİN binası qarşısında "tənha piket" keçirmək cəhdi və bu cəhdin nə ilə sonuclanması bəllidir. Axşam saatlarında nazirlik binasının qarşısında duran bloqerin "piket"i çox qısa müddətdən sonra qanunsuz aksiyaya çevrilib.

M.Hüseynov və onun "pozulmüş hüquqlarını müdafiə etməyə çalışan"lar, yaxud buna cəhb edənlər indi ən müxtəlif məqamlara istinad edərək iddialar istehsal edə bilərlər. Lakin reallıq var və faktları danmaq sadəcə, mümkün deyil.

"Tənha piket" heç də M.Hüseynovun sadəcə, özünün, fərdi qaydada keçirdiyi aksiya deyildi. Hadisə yerinə əvvəlcədən az qala onlarla şəxsdən ibarət "dəstək qrupu" yığışmışdı. Onların tam əksəriyyəti subyektivliyi və ölkədə yaşanan proseslərə qərəzli münasibəti ilə seçilən "YouTube" kanallarının frilanser və stringer tipli muzdlu əməkdaşları, habelə sosial şəbəkələrdəki radikal ruhlu səhifələrin müəllifləri idilər.

"Aksiya"da məqsəd M.Hüseynova diqqəti cəlb etməkdi. Bloqer də davranışının və hərəkətlərinin nə kimi perspektivlər vəd etdiyini bilirdi.

Elə bu bilgiyə əsaslanaraq o, "aksiya"ya başlamışdı.

Fəvvarələr meydanı ətrafında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirilib, ictimai asayişi pozmağa yönəlik hərəkətlər olunub.

Sonra isə situasiyanı daha da gərginləşdirmək üçün "döyülmə" versiyası işləndi, M.Hüseynovun futbolkası cırıq vəziyyətdə kameralar qarşısında duraraq çaşqın durumda açıqlamalar verdiyi videolar yayıldı.

Beləliklə, ssenari bütünlüklə, ən xırda detallara qədər reallaşdırıldı.

Onu gerçəkdən də, polis saxlayaraq zor tətbiq etmişdimi, döymüşdümü?

M.Hüseynovun özünün dediyinə görə, ona 6 (!) polis hücum çəkib, saxlayıblar, zorla maşına oturdublar, döyüblər, sonra da aparıb şəhər kənarında buraxıblar.

"Banan ölkələri"ndəki yırtıcı rejimlərin vətəndaşlarına qarşı tətbiq etdiyi və çox ucuz, B3 kateqoriyalı Hollivud filmlərindəki süjeti xatırlayan bu "ssenari"yə yerli spesifikanı nəzərə almaqla sadəcə, bir detal əlavə olunmuşdu: Mehman rolu oynayaraq çaşqın baxışlarla ətrafı süzürdü.

Yəni məqsəd "polis zorakılığına məruz qalmış insanda affekt sindromunun yarandığını" göstərmək idi.

Ssenariyə bir daha baxaq: "qəddar polislər" Mehman Hüseynovu saxlayır, zorla maşına oturdur, döyür, sonra da şəhər kənarına aparıb buraxılar.

Ev heyvanlarının qəddar sahibləri tərəfindən azdırılma proseduruna bənzəyən bu "proses"in absurdluğu aşkardır.

Çünki "ssenari" müəllifləri detalların reallıq həddinə uyğunluğuna diqqətlə yanaşmadıqlarından hər şey çox bəsit, uyğunsuz və marazm təsiri bağışlayır.

6 polis heç ucaboylu bloqeri zorla saxlayır, maşına oturdur və heç də böyük şəhərlərarası avtobus olmayan kiçik polis avtomobilində ekzekusiya aparılır.

Altı nəfərin kiçik maşında bir nəfəri döyməsi mümkündürmü? Axı o maşının tutumu maksimum 4 sərnişindir.

Üstəlik, hər şey sən demə, Bakının düz mərkəzində baş verir və sanki şəhərimiz qanunların olmadığı Liberiyanın, yaxud xaosun hökm sürdüyü Haitinin paytaxtıdır.

Ən nəhayət, Azərbaycan polisi başıpozuuq cəza dəstələrinin yığnağı, "tonton-makut"çular və ya "ölüm eskadron"ları deyil ki, şəhər mərkəzində heç bir günahı olmayan adamı tutub, vəhşicəsinə zorakılığa məruz qoysun, sonra da "pişikazdırma" əməliyyatının analoqunu gerçəkləşdirsin.

Daxili İşlər Nazirliyi (DİN) bloqger Mehman Hüseynovun polis tərəfindən saxlanılması və döyülməsi barədə yayılan məlumatlara rəsmi münasibəti də bəllidir.

Bəlli olur ki, M. Hüseynovun polis tərəfindən döyülməsi barədə səsləndirdiyi iddialar tamamilə əsassızdır:

"Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun polis tərəfindən döyülməsi barədə dedikləri tamamilə əsassızdır. Əgər Mehman Hüseynovu sonradan kimsə döyübsə, onun bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Müraciət edərsə, bu, araşdırılacaq", - yetərincəə aydın, konkret açıqlamadır.

Harlem Dezirin bəyanatı məhz bu baxımdan yumşaq desək, birmənalı təsir bağışlamır.

Əslində, sosialist Harlem Desir siyasi karyerası boyunca epatajları və düşünlməmiş bəyanatları ilə fərqlənib.

ATƏT-in kütləvi informasiya vasitəldərinin azadlığı üzrə nümayəndəsi postundan Dunya Miyatoviç kənarlaşdırılandan sonra Rusiya və daha bir neçə  ölkə potensial namizədliklərin kimlikləri ilə razı deyildilər.

Uzun sürən danışıqlardan sonra H.Desir kompromis fiqur sayıldı və 2017-ci ilin iyuln 18-də bəhs etdiyimiz posta təyin olundu.

H.Desirin uğurlu təyinat olmadığını elə Fransanın özündə vurğluayırdılar və bu gümanlar təsdiqini tapdı. 2017-ci ildə Çexiya və Albaniyada, 2018-ci ildə Rumıniya, İtaliya, Portuqaliya, Ermənistan və Avstriyada, bu isə Avropanın 12 (!) ölkəsində KİV-lə bağlı probemlərə H.Desirin paradoksal yanaşma tərzi, ələlxüsus da onun Ermənistan mediasındakı az qala apokaliptik vəziyyəti inadla görmək istəməməsi, əvəzində bir neçə ölkəyə qarşı aşkar qərəzli mövqe tutması və həmin ölkələrdəki bəzi olaylarla bağlı yoxlanmamış informasiyalara, iddialara əsaslanaraq ultimativ formalı bəyanatlar verməsi əfsuslar olsun ki, gerçəkdir.

Harlem Desir ampluasına bu dəfə də sadiq qalıb. M.Hüseynovla bağlı bəyanatında o, "polis tərəfindən saxlanması və döyülməsi" kimi yolverilməz ifadə işlədir, Azərbaycan DİN-nə qarşı ittiham irəli sürür.

ATƏT funksioneri bütün siyasi qaydaları və diplomatik etiketi kobudcasın pozaraq sadəcə, bir nəfərin iddiasına və bəhs etdiymiz ssenari çərçivəsində çəkilmiş videokadrlara istinad edərək Azərbaycan hakimiyyətini yox, Azərbaycanı suçlayır.

"Günahkarların məsuliyyətə cəlb olunmasına çağırıram" isə birbaşa olaraq M.Hüseynovla bağlı iddiaların "artıq baş vermiş hadisə" qismində təqdimatıdır.

H.Desirin vətəndaşı olduğu Fransada zorakılığa, xuliqanlığa və ya fiziki təzyiqə məruz qaldığını iddia edən şəxs polisə, yaxud məhkəməyə müraciət edir.

M.Hüseynov bunu etməyib.

Belədirsə, H.Desirin "tələb"lərinin əsası nədir?! Bəlkə ATƏT-in baş ofisində "faktçekinq", yəni faktların yoxlanması ifadəsini unudublar və ya söhbət Azərğbaycandan gedəndə, unutmağa çalışırlar?!

Unutqanlıq varsa, Harlem Desirin yadına ğir məsələni sala bilərik: 1998-ci ildə o, dövlət və ictimai əmlakından sui-istifadə etməkdə, saxta sənədlərə əsasən maaş almaqlda suçlanmış, cinayəti sübut olunmuş, 18 ay şərti cəza almış, 30 min frank cərimə ödəməyə vadar olunmuşdu.

ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Dezir rəsmi media bir kənara dursun, bloqerin hüquqlarını müdafiə etdiyini göstərməyə çalışırsa, nədən Ermənistanda mass-medianın faciəsinə göz yumur?: Nə üçün Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclıq nəticəsində vəfat etdikdə niyə bir kəlmə də nə yazdı, nə danışdı?!

Ermənistanda baş nazir Nikol Paşinyan siyasi rəqibləri ilə sanki "vendetta" qanunlarına uyaraq haqq-hesab çəkir, müstəqil jurnalistlərlə ona "sədaqət andı" içməyənləri "asfalta üzüqoylu uzatmaq"la hədələyir, amma H.Desir lal, kar və kor olaraq susur.

1984-cü ildə Fransada "SOS Racisme" antirasist qeyri-hökumət təşkilatına rəhbər seçilmiş Harlem Desir irqçiliyə və ksenofobiyaya nifrət etdiyini deyir.

Fəqət Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmələrə ilə bağlı o, bir dəfə danışmayıb, rəsmi İrəvanın zooloji millətçi və şovinist siyasətindən dolayı narahatlığını izhar etməyib.

Bəlkə o, aşkar ermənipərəst mövqe tutduğundan belə davranır, ola bilərmi?!

Fransa XİN-nin dövlət katibi olarkən Harplem Dezir Azərbaycan-Ermənistan münaqişəsi ilə məşğul olurdu. Həmin dövlətlərdə o, açıq ermənipərəst mövqeli insan kimi tanınırdı.

ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Dezirin yoxlanmamış məlumatlara, qərəzli iddialara və subyektiv xəbərlərə əsasən rəsmi bəyanatla çıxış etməsi onun qərəzli, subyektiv və məntiqsizliyini nümayiş etdirir.

Eyni zamanda H.Dezirin mandatından sui-istifadə etməsi, məsələləri lüzumsuz yerə hədsiz dərəcədə şişirtməsi və siyasiləşdirilməsi ümumiyyətlə ATƏT-in etibarına gölgə salır. 

Ümid edirik ki, ATƏT rəhbərliyi bunun fərqində olacaq.

Elçin Alıoğlu
Milli.Az


Etiketlər:  Ermənipərəst Desir yalana havadar olub ATƏT yenə susacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ