Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2019 18:20
Bakı. Trend:
Avropa Şurası tərəfindən Ombudsman təsisatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə əməkdaşlığı ilə Avropa Şurasının 70 illiyinə və Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyinə həsr olunmuş “Gender bərabərliyi və media” mövzusunda beynəlxalq konfrans keçirilib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bu tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Milli Məclisin deputatları, Ombudsman Aparatının və digər dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin və KİV-in nümayəndələri iştirak ediblər.
Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Müvəkkil Elmira Süleymanova, Milli Məclisin deputatı Sahibə Qafarova və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açılış nitqləri ilə çıxış ediblər.
Ombudsman çıxışında ilk öncə iştirakçıları, beynəlxalq təşkilatların, dövlət və qeyri-hökumət qurumlarının, medianın nümayəndələrini salamlayıb, demokratik, hüquqi dövlət quran müstəqil ölkəmizin dünəni, bu günü və gələcəyi üçün prioritetlərindən olan Avropa Şurası ilə əməkdaşlığı, gender bərabərliyi və media məsələlərinin müzakirəsinə həsr olunmuş bu konfransa uğurlar arzulayıb. O, Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin səlahiyyətləri çərçivəsində məsuliyyətlə və problemlərimizə həssaslıqla yanaşmaqla həyata keçirən rəhbəri Z.Hernyesin simasında bu qurumun 70 illiyini təbrik edib və gələcəkdə daha da uğurlu əməkdaşlıq arzulayıb.
Diqqətə çatdırılıb ki, ölkəmizdə insan hüquqlarının müdafiəsində yeni, müstəqil mexanizm kimi təsis olunmuş, İnsan Hüquqları üzrə Müvəkkil vəzifəsinin və Ombudsman təsisatının yaranmasının Avropa Şurası ilə sıx bağlılığı var. Belə ki, Prezident Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramında, həm də ölkəmizin Avropa Şurası qarşısında öhdəlikləri sırasında “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” qeyd olunmuşdur.
Azərbaycan Avropa Şurasına 2001-ci ilin yanvarın 25-də üzv qəbul olmuş, həmin ilin 25 dekabrında ölkəmiz «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasını ratifikasiya etmiş və üç gün sonra Ombudsman haqqında Konstitusiya Qanunu qəbul edilmişdir. Ötən dövrdə birlikdə bu Konvensiyada təsbit olunmuş insan hüquq və azadlıqları üzrə bir sıra tədbirlər keçirilib.
Bildirilib ki, Ombudsman təsisatı fəaliyyəti dövründə Azərbaycanın Avropa məkanına inteqrasiyasının dərinləşdirilməsi, Avropa standartlarının daxili qanunvericilik sistemində təsbiti, digər öhdəliklərimizin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi istiqamətində tədbirlər və mütəmadi monitorinqlər həyata keçirir. Bu günlərdə ölkəmizdə səfərdə olan Avropa Şurası Katibliyinin Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti və cənab Z.Hernyesin iştirakı ilə keçirilən görüşdə qonaq təsisatın uğurlu fəaliyyətini qeyd etmişdir.
Ombudsman pozulmuş insan hüquqları və azadlıqlarının bərpa edilməsi və Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda hüquq pozuntularının qarşısının alınması ilə yanaşı, informasiya sahibi olan dövlət və yerli özünüidarə orqanlarının, habelə vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirdiyini söyləyib.
Müvəkkil çıxışında qeyd edib ki, artıq 10 milyon nəfərə çatmış əhalimizin təxminən yarısını təşkil edən qadınların fəaliyyətimizdə onların homogen kütlə deyil, müxtəlif kateqoriyalara aid olmasını nəzərə alaraq, gənc və ahıl, ermənilərin 30 ildən çox hərbi təcavüzü nəticəsində yaranan qaçqın və məcburi köçkün, şəhər və kənd əhalisi, müharibə, habelə boşanmalar və başqa səbəblərdən natamam ailə sahibi, əlilliyi və məhkumluğu olan qadınlara ünvanlanmış xüsusi layihələr, regionları əhatə etməklə tədbirlər həyata keçirilir.
Ombudsmanın fəaliyyəti dövründə insan hüquqlarına, o cümlədən qadınlara yönəlik 700-dək təklifinin səlahiyyətli dövlət qurumlarına təqdim edildiyi, onların da yarıdan çoxunun artıq təmin olunduğu vurğulanıb.
Habelə çıxışda nəzərə çatdırılıb ki, Bakı Dövlət Universitetində “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin müstəqil fənlər kimi, tərəfimizdən hazırlanmış mühazirələrimiz toplusu kitabı əsasında universitet səviyyəsində yeni nəsil hüquqşünasların hazırlanması işinin təşkilinə də xidmət edir. Gender bərabərliyinin təmin olunmasında medianın və media nümayəndələrinin də rolu böyükdür, “Gender bərabərliyi və media” mövzusunda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Bakı, Qazax, Mingəçevir, Gəncə, Şəki, Zaqatala və Qubada jurnalistlər və qeyri-hökumət təşkilatları nümayəndələri üçün dəyirmi masalar və təlimlər təşkil edilmiş, regionların daha geniş nəzərə alınması, “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na edilən əlavə ilə əlaqədar jurnalistlərin gender problemləri üzrə maarifləndirilmə işinin təşkil olunması və davam etdirilməsi önə çəkilmişdir.
Milli mətbuatımızın özünütənzimləməsinə xidmət edən Mətbuat Şurasının və habelə Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən mətbuatı dəstəkləməyə, inkişaf etdirməyə və jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmağa yönəldilmiş fəaliyyəti günümüzün reallığıdır.
Vurğulanıb ki, BMT-nin Minilliyin İnkişaf Məqsədləri və daha sonra Dayanıqlı İnkişaf Məqsədləri bütün dövlətlər qarşısında gender bərabərliyinə çatmağı məqsəd qoysa da, heç bir ölkə hələ də buna tam nail olmamışdır. Bu məqsədə çatmaq üçün ölkəmiz Pekin konfransı ərəfəsində ratifikasiya etdiyi BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” (CEDAW) Konvensiyasına və milli qanunvericiliyə uyğun olaraq, gender bərabərliyinə nail olmaq məqsədi ilə ən əvvəl qadınlara və uşaqlara yönəlmiş hər hansı bir zorakılıq aradan qaldırılmalıdır, eyni zamanda hər bir ölkənin öz təcrübəsi də tətbiq oluna bilər.
Ombudsman eyni zamanda bildirib ki, qadınlarımız hələ 1918-ci ildə bir çox Avropa ölkəsindən əvvəl Şərqdə ilk Parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyətində kişilərlə bərabər seçki hüququndan, habelə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında onlara verilən hüquqlardan faydalanaraq seçkilərdə fəallıqla iştirak edir, dövlət və yerli özünü idarəetmə orqanlarında get-gedə daha çox təmsil olunur, bununla qərar qəbuletmə səviyyəsində və dövlətin idarə olunmasında iştirak edirlər.
Son illərdə respublikamızda baş vermiş insan hüquq və azadlıqlarının, o cümlədən qadın hüquqlarının təmini, qadınların seçkilərdə fəal iştirakı sahəsində uğurlar əldə olunsa da, daha da inkişaf etmək imkanları var. Böyük işgüzar və yaradıcılıq potensialına malik olan qadınlar hələ də istifadə olunmamış bu böyük imkanlarını gerçəkləşdirərlərsə, onların bütün sahələrdə Azərbaycan xalqına töhfələr verməsi bizi dayanıqlı inkişaf məqsədlərinə daha da sürətlə yaxınlaşdıracaqdır. Belə ki, ötən dövrdə müxtəlif sahələrdə çalışan fəal və peşəkar qadınların imkanlarını genişləndirməyə şərait yaradan, siyasi karyera üçün təlim və treninqlərin keçirilməsi, cəmiyyətdə qadınlara qarşı genderə həssas münasibətin təbliğinin aparılması, qadın sahibkarlığının inkişafı, onların təşəbbüskarlıq, liderlik, özünüməşğulluq imkanlarının artırılması, seçkilərdə, ictimai həyatda, qərar qəbuletmə işində qadın və kişilərin bərabər iştirakının əhəmiyyəti barədə ictimai məlumatlılığın artırılması, qadınların iqtisadi asılılığının, istismarının aradan qaldırılması, qadın qeyri-hökumət təşkilatları ilə dövlət qurumları arasında dialoq və əməkdaşlığın yaradılması üzrə Ombudsman tərəfindən təkliflər və tövsiyələr irəli sürülmüş və tətbiqinə çalışılır.
Müvəkkil çıxışında həmçinin gender bərabərliyinin təmini, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması, bütün dünyanı bürümüş bu fenomenin aradan qaldırılmasına yönəlmiş kompleks yanaşma ilə pozulmuş hüquqların aradan qaldırılması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir, habelə bunlar üçün icma səviyyəsində xidmətlərin təşkili üzrə müsbət təcrübəmizdən istifadə etməklə reproduktiv sağlamlıq, ailə planlaşdırılması, zorakılıq qurbanları üçün regional sığınacaqların yaranması təklifləri verdiyini vurğulayıb.
Bildirilib ki, Ombudsman təsisatı bu sahədə 25 ilə yaxın dövrdə ölkəmizdə BMT-nin İqtisadi və Sosial Şurası ilə məsləhətçi statusu olan yeganə qadın qeyri-hökumət təşkilatı Azərbaycan Qadın və İnkişaf Mərkəzi ilə birlikdə paytaxtda və regionlarda uğurla fəaliyyət göstərir.
E.Süleymanova konfransda bir sıra digər səmərəli təkliflər irəli sürüb. Belə ki, BMT tərəfindən yüksək dəyərləndirilmiş icma səviyyəsində qadın hüquqlarının, gender bərabərliyinin təmin olunmasına yönəlmiş bu müsbət təcrübənin ölkəmizdə geniş yayılması, gender zorakılığının baş vermə səbəblərinin aradan qaldırılması, həm fərdi şəkildə yanaşma, hər bir halda laqeyd qalmamaq, yardımçı olmaq, həm də kütləvi şəkildə, mütəşəkkilliklə hər bir səlahiyyətli qurumun, hər bir kəsin qatılması ilə, dövlət siyasəti və tədbirlərini dəstəkləməklə bu məsələnin də reallaşdırmağın zəruriliyi və digər təkliflər bu qəbildəndir.
Müvəkkil sonda hamını bu sahədə əməkdaşlıq hərəkatına qoşulmağa çağırıb.
Konfrans digər iştirakçıların çıxışları və interaktiv müzakirələrlə davam etdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin