Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 16:20
Bakı. Trend:
Lozanna-2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycan millisinin bayraqdarının adı dəqiqləşib.
Trend-in məlumatına görə, bu funksiyanı yarışdakı yeganə təmsilçimiz Yekaterina Ryabova yerinə yetirəcək.
Milliləşən fiqurlu konkisürən və nümayəndə heyətimiz İsveçrəyə yanvarın 8-də yollanacaq. Buraya idmançı ilə yanaşı, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov daxildir.
Qeyd edək ki, millimiz Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək. Yanvarın 9-22-də keçiriləcək yarışda 79 ölkədən 1872 atlet mübarizə aparacaq. Bu, indiyə qədər Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ən çox iştirak etmiş idmançı sayıdır. Bu rəqəm bundan öncəki oyunlara münasibətdə 40% daha çoxdur. Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə proqrama xizək alpinizmi idman növü də 5 dissiplində əlavə edilmişdir.
Təşkilatçı ölkə olan İsveçrə öz tarixində ilk dəfə ən çox idmançı sayı ilə (112 idmançı) 15 idman növündə iştirak edirlər. Idmançı sayına görə digər ən böyük delegasiya Rusiya Federasiyasına ( 96 idmançı), Amerika Birləşmiş Ştatlarına (96 idmançı) və Almaniyaya ( 96 idmançı) aiddir. Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycandan əlavə daha 11 ölkə ilk dəfədir ki güclərini müxtəlif idman növlərində sınayacaqlar. İlk dəfə bu oyunlarda iştirak edən ölkələrə Albaniya, Ekvador, Haiti, Honq-Konq (Çin), Kosovo, Pakistan, Qatar, Sinqapur, Tayland, Türkmənistan, Trinidad və Tobaqo aiddir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!