Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 18:00
Bakı. Samir Əli - Trend:
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi “Twitter” hesabına tətbiq edilmiş qadağa aradan qaldırılıb.
Bu barədə Trend-ə İctimai Birlikdən məlumat verilib.
Məlumatda bildirilir ki, bir neçə həftə bundan öncə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinə məxsus “Twitter” sosial media hesabı ermənilərin əsassız şikayətləri nəticəsində ilk öncə məhdudlaşdırılmış, sonra isə birdəfəlik bağlanmışdı:
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının çağırışı ilə “Twitter” administrasiyasına edilmiş çoxsaylı müraciətlər nəticəsində nəhayət ki, ədalət öz yerini tapdı və səhifənin fəaliyyəti bərpa olundu. Biz həmişə haqqın, ədalətin tərəfdarı olmuş və bunu öz bəyanatlarımızda daim səsləndirmişik. Azad sözə və fikrə dözümsüz yanaşanlar bunu anlamalı, öz torpaqlarından qovulmuş yüzminlərlə həmvətənlərimizin pozulmuş hüquqlarına göz yummağın qəbuledilməz olduğunu bilməlidir.
Hamı üçün aydın olmalıdır ki, sosial şəbəkədə hüquqları pozulmuş və şikayətlərimiz nəticəsində bərpa edilmiş Azərbaycanlı İcmanın hüquqları da (torpaqlaımıza geri dönmək, mülkiyyət və s. hüquqlar) reallaşdırılacaq və Azərbaycanın suverenliyi və beynəlxalq tanınmış sərhədləri tezliklə bərpa olunacaq".
İctimai Birlik rəsmi “Twitter” səhifəsinin məhdudlaşdırılmasına etiraz olaraq, vətəndaş mövqeyi göstərən və təşkil edilmiş müraciətlərdə səs verən, həmrəylik göstərən bütün soydaşlarımıza təşəkkür edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin