Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 14:54
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva ötən il dekabrın 30-da Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzində aparılan əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, mərkəzin yeni korpusunun açılışında iştirak ediblər.
Qeyd edək ki, Psixonevroloji Uşaq Mərkəzi 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən inşa edilib. Ötən il Mərkəzin binası yenidən əsaslı təmir olunub və əlavə 2 mərtəbəli yeni korpus inşa edilib. Bu tibb müəssisəsində autizm, serebral iflic, əqli gerilik və ləngimələrdən əziyyət çəkən 100-ə yaxın uşaq müalicə kursu keçir və xüsusi təhsil alır. Valideyn himayəsindən məhrum olan 24 körpə isə stasionar şəraitdə xüsusi uşaq evi şöbəsində müalicə olunur.
Trend-in müxbirləri Uşaq Psixonevroloji Mərkəzinə baş çəkiblər.
Uşaq Psixonevroloji Mərkəzinin rəhbəri Kəmalə Talıbova qeyd edib ki, uşaqların və gənclərin, ümumiyyətlə insanların sağlamlığı, onların təhsili dövlətimizin diqqət mərkəzindədir:
"Uzun illərdir ki, Mehriban xanım bu sahədə genişmiqyaslı işlər görür. Uşaq Psixonevroloji Mərkəzində xüsusi uşaq evi şöbəsi fəaliyyət göstərir ki, burada 24 körpə müalicə alır. Mehriban Əliyeva bizim Mərkəzə baş çəkərkən onların hər biri haqqında xüsusi qayğı ilə soruşurdu, xəstəlikləri, burada qalma müddəti və ehtiyacları ilə maraqlandı".
K.Talıbova deyir ki, uşaqlar Mehriban xanıma özləri yaxınlaşırdılar, o da onlara çox diqqətlə qulaq asırdı, incəliklə qucaqlayırdı, öpürdü: "Həm valideynlər və uşaqlar, həm də kollektivimiz adından Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk. Biz əlimizdən gələni etməyə çalışacağıq ki, uşaqlarımız sağlamlıqlarına qovuşsunlar və onların çətinlikləri aradan qalxsın”.
Mərkəzin fizioterapevti Leyla Abdulova qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Mərkəzdə nevrologiya sahəsində yeni texnologiyalar tətbiq edilib: “Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində həm tibbi, həm də psixopedaqoji baxımdan çox mükəmməl şərait yaradılıb. Uşaqlara olan qayğısı və Mərkəzdə yaxşı şəraitin qurulmasına göstərdiyi dəstəyə görə Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk”.
Pediatr Gülşən Ağayeva Mərkəzdə gözəl şərait yaratdığı üçün kollektiv və valideynlər adından Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: “Mərkəz çoxlu lazımi avadanlıqlarla təmin edilib. Burada uşaqlar üçün yüksək dərəcədə rahat şərait qurulub, onlar özlərini evdəki kimi hiss edir. Heydər Əliyev Fondu hər xahişimizi yerinə yetirir”.
Nevroloq Aynur Allahverdiyeva Mərkəzin inkişafı və bu səviyyəyə gəlib çatması üçün göstərdiyi ali diqqət və daimi qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürünü bildirib.
Valideyn Məhin Tağıyeva isə bildirib ki, oğlu Mərkəzə gələndə bir addım belə atmağı bacarmırdı: ”Üç ay ərzində o, Mərkəzdə ilk addımlarını atmağa başladı. Hesab edirəm ki, bu, möcüzədir! Təbii ki, bu, dövlətimizin bizə, Çingiz kimi uşaqlara olan diqqət və qayğısının nəticəsidir. Bu Mərkəz kimi tibb müəssisələrində yaradılan gözəl şərait uşaqlarımıza yüksək səviyyədə lazımi müalicə almaq imkanı verir. Mehriban Əliyeva - Bizim Birinci vitse-prezidentimiz, birinci xanımımız Yeni il öncəsi Mərkəzə gələrək buradakı uşaqların hər biri ilə ayrı-ayrılıqda görüşdü, onların hər birinə qayğı göstərdi. O bizlərə daim diqqət ayırır və qayğı göstərir, buna görə də Mehriban xanıma ürəkdən öz təşəkkürümüzü bildiririk”.
Daha bir valideyn Günel Məhərrrəmova da qeyd edib ki, Mərkəzdə yaradılan şəraitdən razıdır: “Bu Mərkəzə çox heyranam. Bura çox səliqəlidir, hər şey çox gözəl təşkil olunub. Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzə tez-tez gəlir, buradakı uşaqların problemləri ilə daha yaxından maraqlanır və lazımi köməyi edir. Uşaqlarımız üçün gözəl şərait yaratdığına görə Birinci vitse-prezident Mehriban Əliyevaya səmimi və dərin təşəkkürümüzü bildiririk!"
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin