Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 15:42
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması üzrə qrup rəhbəri, beynəlxalq məsləhətçi Piter Midlbruk ilə görüş olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin müşaviri Şəms Mustafayeva da iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən dövrdə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu, BMT-nin Uşaq Fondu, Beynəlxalq Əmək Təşkilatı ilə nazirliyin geniş əməkdaşlıq gündəliyinin formalaşdığını, birgə icra olunan proqram və layihələri, əldə olunan müsbət nəticələri qeyd edib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, Konvensiyaları və Paktlarının icrası sahəsində ölkəmizin uğurlu təcrübəsini diqqətə çatdırıb. Prezident İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıran S.Babayev ölkəmizdə vətəndaş rifahının təminatı sahəsində atılan mühüm addımlar, həssas qrupların hərtərəfli sosial dəstəklə təmin edilməsi üçün icra olunan proqramlar barədə məlumat verib. Dövlət sosial xidmətlərinin innovativ mexanizmlər üzərində keyfiyyətinin yüksəldilməsi üçün reallaşdırılan islahatları, uğurla reallaşdırılan DOST konsepsiyasını diqqətə çatdırıb.
İslahatların geniş miqyas almasının BMT qurumları ilə əməkdaşlığın da getdikcə genişlənməsinə səbəb olduğunu deyən S.Babayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması ilə bağlı nazirlik üçün prioritetləri qeyd edib. Bildirib ki, bu prioritetlər sırasına əhalinin həssas qrupların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə proqramların həyata keçirilməsi, işçi qüvvəsinin sertifikasiyası sisteminin qurulması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların peşə-əmək bazarına inteqrasiyası və s. daxildir.
P.Midlbruk, Q.İsakzai, A.Frakassetti Azərbaycanda innovasiya və məşğulluğun inkişafı, sosial cəhətdən həssas qrupların hüquqlarının və rifahının təmin olunması, onlar üçün inklüziv, layiqli iş yerlərinin yaradılması, demoqrafiya, yaşlıların rifahının təşviqi, institusional potensialın artırılması, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi və digər istiqamətlərdə nazirliklə müsbət iş təcrübəsindən bəhs ediblər.
Görüşdə BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri, sənəddə sosial sahə ilə bağlı əksini tapacaq prioritetlər müzakirə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin