Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Görün bizə kərə yağı adı ilə nə satırlar... - “Bizim Market”də dəhşət - FOTO

Görün bizə kərə yağı adı ilə nə satırlar... - “Bizim Market”də dəhşət -  FOTO

Tarix: 16 Yanvar 2020 16:38

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçirərkən 12 tondan çox saxta kərə yağı aşkarlayıb.

Agntlikdən Sonxeber.net-a verilən məlumata görə, yoxlama zamanı marketlərdə "Belorusskaya Korova" əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod "Foodini" MMC tərəfindən ölkəyə idxal olunan "Belaya Korova" əmtəə nişanlı kərə yağına aid olub.

"Belorusskaya Korova" əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının "Luninec" ASC olması qeyd edilib. Belarusun "Luninec" ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin "Belorusskaya Korova" əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.

Məlum olub ki, "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Belarusskaya Korova" əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi "SN Qida Təchizat" MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı ("İdxalçı müəssisənin adı və ünvanı", "göndərən müəssisənin adı və ünvanı", "mənşə ölkəsi", "yüklənmə yeri", "istehsalçının adı və ünvanı bölmələri") saxtalaşdırılıb.
Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.

Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. "Bizim Market" şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilmiş və göstərilən məhsul partiyası dövriyyədən çıxarılmışdır.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.


Etiketlər:  Görün bizə kərə yağı adı ilə satırlar Bizim Marketdə dəhşət FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ