Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Superliqa klublarına azərbaycanlı oyunçular təklif olunmayıb'' - Servet Çetin

''Superliqa klublarına azərbaycanlı oyunçular təklif olunmayıb'' - Servet Çetin

Tarix: 19 Yanvar 2020 11:32

Ötən gün "Qarabağ"ın "Akademiya Klinçeni" ilə yoxlama oyununu (2:2) izləyənlər sırasında Türkiyə millisi, "Qalatasaray" və "Fənərbaxça"da oynamış, Azərbaycan türkü  Servet Çetin də olub. Oyunun fasiləsi zamanı o, Qol.az-ın suallarını cavablandırıb.


- Bu gün sizi "Qarabağ"ın oyunun da gördük. "Qarabağ" barədə düşüncələriniz necədir? Komanda haqqında hansı məlumatlarınız var?

- "Qarabağ" təlim-məşq toplanışına gəlib. Onlar hazırda hazırlıq keçir. Gördüyüm qədəri ilə çox yaxşı bir komandadır. Azərbaycan klubları haqqında çox məlumatım yoxdur. Amma ölkənin ən yaxşı komandalarından biri olduğunu bilirəm. Mövsümü də yaxşı keçirəcəklərini düşünürəm.

- "Qarabağ" 6 ildir ki,  avrokuboklarda  qrup mərhələlərində mübarizə aparıb. Bu barədə nə kimi məlumatınız var?

- Avrokuboklarda çıxış etmək çox vacib məsələlərdəndir. Siz də bilirsiniz, Türkiyə klubları Avropa turnirlərində bir az çətinlik çəkirlər. Bunun üçün mövsümü çox yaxşı keçirməlidirlər. Ümumilikdə gündəmlə nəzərdə tutsaq, çox yaxşı haldır. Azərbaycanı bütün dünyaya tanıdırlar. İnşallah, uğur da qazanarlar. Çünki Avropaya yalnız ən güclü, lider komandalar qatılır. Onlar da hər il gedər deyə düşünürəm.

- Azərbaycanda sevilən futbolçu olmusunuz. Çünki azərbaycanlısınız. Bu haqda nə deyərdiniz?

- Açığı, kaş ki, karyeramı yekunlaşdırmağa az qalmış Azərbaycanda da oyana bilsəydim dedim. Amma təəssüf, qismət olmadı. Həmişə yüksək səviyyəli komandalarda oynamışam. Sonda zədələndiyim üçün karyeramı bitirdin. Hətta bir çox dostum - Levent Kartop, Ali Cansu da Azərbaycanda oynadı. O zamanlar mənə də təklif etmişdilər. Amma mən karyeramı Superliqa komandalarında davam etdirirdim. Ona görə qismət olmadı. Amma dediyim kimi, Azərbaycanı cani-könüldən sevirəm.

- İndiyədək Azərbaycanın hər hansısa klubunun və ya milli komandanın oyunlarını izləmək fürsətiniz olub?

- Milli komandalar qarşılaşanda oynamışam.Az əvvəl Rəşadla qarşılaşdıq, görüşdük.  O, "Əskişəhərspor"da oynayırdı. Mənim fikrimcə,  çox uğurlu idi. Ondan başqa heç kimlə izləməmişəm.

- Türkiyə yığması Bakıdakı matçlarda uğur qazana biləcəkmi? Bildiyiniz kimi, "Avro-2020"də 2 oyununu Bakıda keçirəcək.

- Bizim üçün yaxşı bir yerdir. Çünki öz evimizdə oynayacağımızı da deyə bilərəm. Dəyərləndirə bilsək, bu da bizim üçün bir üstünlükdür. Meydançaya çıxıb, yaxşı çıxış etməyəndə harada oynadığınının bir əhəmiyyəti qalmır. Amma öz evimizdə oynayacağımıza görə üstünlüyümüz var. Futbolçular o hissi yaşayacaqlar. Ümid edirəm ki, yaxşı keçər.

- Hazırda hansısa komandada işləyirsinizmi?

- Mən indi "Sivasspor"da baş məşqçinin köməkçisiyəm. Mövsümün əvvəlində bu komanda ilə razılığa gəldik. Bizdə vəziyyət yaxşıdır. Çempionatın lideriyik. İnşallah, mövsümün sonuna qədər də bu nəticəni qoruyub-saxlamağı düşünürük. Sabah (bu gün - red.) "Beşiktaş"la qarşılaşacağıq.

- Son olaraq Türkiyə Superliqasında Rəşad Sadıqov çıxış edib. Bəs, hazırkı dövr üçün Azərbaycandan həmin liqada oynaya biləcək hər hansısa bir furbolçu tanıyırsınızmı?

- İndi ağlıma gəlmir, amma izləmək lazımdır. Ordan da yaxşı futbolçuları tapıb, gətirib, burada oynada, şans verə bilərik. Amma ümumilikdə Serbiya, Slokaviya, Macarıstan -  bu kimi yerlərdən futbolçulara  baxırlar. Əslində isə oraya gəlib, canlı izləyib, ən yaxşıları seçmək olar.

- Son vaxtlar Türkiyə mediasənda "Qarabağ"ın hücumçusu Mahir Emrelinin adı "Trabzonspor", "Beşiktaş" və "Fənərbaxça" ilə hallanır. Bu məsələyə münasibətiniz necədir?

- Demək olar ki, hər kəsin adı keçir. Açığı, bir az da gündəm yaradırlar. Amma transferlər asan deyil. Xüsusilə də dövrəarasında futbolçu almaq çox çətindir. Çünki komandalar yaxşı oyunçularını buraxmazlar. Yeni alacağınız futbolçunun komandaya nə qədər faydalı olacağı, necə alışacağı sual altında olur. Qışda transfer etmək həqiqətən də çox çətindir. Biz də komandamızın heyətini gücləndirmək istəyirik. Amma istədiyimiz futbolçunu ala bilmədik.

- Belə başa düşülür ki, sizə menecerlər tərəfindən azərbaycanlı futbolçular təklif edilməyib.

- Xeyr, olsaydı, bizim üçün haradan olduğu önəmli deyil. Futbolçunun səviyyəsinə baxırıq. Azərbaycandan da gəlsəydi, məmnuniyyətlə izləyərdik. Yaxşıdırsa, təbii ki, alarıq. Hətta, mən şəxsən daha diqqətli baxaram.

- Siz də bir Azərbaycan türküsünüz. Bizim azarkeşlərə hansı mesajı göndərərdiniz?

- Sizin vasitənizlə hamısına salam deyirəm. Dediyim kimi, karyeramın sonubda orada çıxış etmək istəyirdim. Qismət olmadı. Amma hər birinə salamlar göndərirəm. İnşallah, azərbaycanlı futbolçular Türkiyə Superliqasında çıxış edib, uğur qazanarlar.

 


Etiketlər:  Superliqa klublarına azərbaycanlı oyunçular təklif olunmayıb Servet Çetin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ