Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 10:15
Bakı. Trend:
VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kampaniyası çərçivəsində 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Naqif Həmzəyev Gəncə şəhər ağsaqqaları, ziyalıları və gəncləri ilə görüşüb.
Görüşdə Təbliğat Qrupunun üzvləri AMEA Gəncə Bölməsinin sədri Fuad Əliyev, ADAU-nin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu günə qədər keçirilən bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının ölkəmizin rifahı və quruculuğu naminə fəaliyyət göstərməsinin xalqda partiyamıza və onun parlamentdəki təmsilçilərinə böyük rəğbət qazandırdığından danışıblar. Daha sonra VI çağırış Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi yenidən irəli sürülən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev haqqında ətraflı məlumat verilib.
Görüşdə çıxış edən şəhər ağsaqqalları Mobil İmanov, Şəmil Hüseynov və Tofiq Məmmədov deputatlığa namizəd Naqif Həmzəyevin fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda, onun şəhərin tanınmış ağsaqqalları, ziyalıları ilə görüşməsi, onun ağsaqqal xeyir-duasına və ziyalı sözünə böyük əhəmiyyət verməsinin nümunəsi olduğunu qeyd ediblər.
Tədbir iştirakçıları sadəliyi və səmimiliyi ilə Gəncə sakinlərinin rəğbətini qazanan Naqif Həmzəyevin ölkənin, Gəncənin ictimai-siyasi həyatındakı fəaliyyətini, yüksək qiymətləndirdiklərini vurğulayaraq, dəfələrlə V çağırış Milli Məçlisin iclaslarında Gəncə sakinlərin problemlərinin həlli istiqamətində əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını diqqətə çatdırıb, birmənalı olaraq "Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədə - Naqif Həmzəyevə səs verəcəklərini bəyan ediblər.
Naqif Həmzəyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. Böyük sözünə, ağsaqqal xeyir-duasına hər zaman böyük dəyər verdiyini deyən Naqif Həmzəyev şəhərimizin tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, onların dəyərli tövsiyələrinin gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Deputatlığa namizəd Naqif Həmzəyev ağsaqqalların xeyir-duasını alaraq çıxdığı bu şərəfli və məsuliyyətli yolda dövlətimizin qarşıya qoyduğu vəzifələrin xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin