Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 13:26
Bakı. Samir Əli - Trend:
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Dr.Ramal Həsənov ölkəmizdə bir ilkə imza atıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ebstein anomaliyası diaqnozu ilə Klinikaya qəbul edilən 3 yaşlı Cahid Nəsirov əməliyyat edilib.
Xəstəliyin xüsusiyyəti ilə bağlı məlumat verən cərrah R.Həsənov bildirib ki, Ebstein anomaliyası anadangəlmə ürək xəstəliklərinin bir faizdən də azına rast gəlinən bir xəstəlikdir. Həkimin sözlərinə görə, bu anomaliya ilk dəfə Wilhelm Ebstein tərəfindən 1866-cı ildə aşkar edilib. Etiologiyası multifaktorialdır. Bu tipli xəstələrdə trikuspid qapağın septal və posterior lifletinin sağ ventrikul apeksinə doğru anormal yerləşimi mövcud olur. Sağ ventrikulun həqiqi anulus səviyyəsi ilə yalançı anulus səviyyəsi arasındakı sahə atrializə olur. Sağ ventrikulun ümümi həcmi bununla bağlı olaraq azalır.
Ebstein anomaliyası ağırlıq dərəcəsindən asılı olaraq 4 tip olur. C.Nəsirovda 3-cü tip Ebstein anomaliyası və ASD (Qulaqcıqlararası Çəpər defekti) aşkarlanıb. Xəstə elektofizioloji müayinə olunan zaman hər hansı bir aberrant yol aşkarlanmayıb.
Xəstədə Da-Silvanın Cone proseduru ilə tricuspid qapaq təmiri həyata keçirilib. Yuxarı boş vena və sağ ağciyər arteriyası arasında ikiyönlü kavo-pulmonar anastomoz (Glenn) qoyulub və ASD qapadılıb. Bunlarla yanaşı, həmçinin sağ mədəcik və sağ qulaqcıq reduksiyası edilib. Xəstə 3 gün reanimasiya şöbəsində qalıb və 10-cu gün yaxşılaşma ilə evə yazılıb.
Qeyd edək ki, bu əməliyyat 10 ilə yaxındır ki, kəşf olunub və dünyanın nüfuzlu tibbi mərkəzlərində icra olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin