Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 16:32
Ötən gün Əfqanıstanın Qəzni əyalətində qəzaya düşən ABŞ hərbi təyyarəsinin göyərtəsində Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabiti Maykl D` Andreanın da olduğuna dair məlumat yayılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, belə bir iddia ilə İranın "Mehr" agentliyi Rusiya kəşfiyyatındakı mənbələrə istinadən çıxış edib.
Bildirilir ki, qəza nəticəsində həlak olan Maykl D` Andrea Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq üzrə əməliyyatlarını, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin öldürülməsini kurasiya edib.
Qeyd edək ki, daha öncə "Taliban" hərəkatının nümayəndələri Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitlərinin qəza nəticəsində öldüyünü iddia ediblər. "Taliban" kəşfiyyatçıların adlarını açıqlamayıb. Amerika tərəfi bu məlumatı şərh etməyib.
Bu məqamda xatırladaq ki, Əfqanıstanın şərqində "Ariana Afghan Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya düşdüyü barədə məlumat yanvarın 27-də yayılıb.
Qeyd olunurdu ki, Herat-Kabul reysini həyata keçirən təyyarə "Taliban" qüvvələrinin nəzarət etdiyi ərazidə, Qəzni vilayətinin Deh Yak rayonunda qəzaya düşüb.
Təyyarənin göyərtəsində əvvəlcə 83, daha sonra isə 110 nəfərin olduğu bildirilmişdi. Dağlıq əraziyə düşən təyyarədəki bütün hərbçilərin öldüyü deyilirdi.
Xatırladaq ki, Qasım Süleymani yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində öldürülüb.