Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi-iqtisadi əhəmiyyəti haqqında

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi-iqtisadi əhəmiyyəti haqqında

Tarix: 29 Yanvar 2020 12:06

Hər il yanvar ayının ikinci yarısında İsveçrənin Davos dağının ətəyində keçirilən Dünya İqtisadi Forumu qlobal siyasi-iqtisadi aləminin nüfuzlu simalarının əsas toplantı və ünsiyyət yerlərindən biridir. Forumun əsası 1971-ci ildə qoyulmuşdur və onun başlıca missiyası dünyanın qlobal, regional və sənaye gündəliyini formalaşdırmaq üçün tanınmış siyasi, biznes, akademik və media dairələrinin nümayəndələrini bir araya gətirməkdən ibarətdir. Doğrudur, siyasi liderlərin illik forumlara dəvət edilməsi praktikasına, bir qədər gec, məhz 1973-cü ildə Ərəb-İsrail müharibəsi və Breton Vuds sabit valyuta-dəyişmə mexanizminin kollapsı kimi hadisələr baş verdikdən sonra başlanılmışdır. Lakin günümüzdə məhz Davos Forumuı dünyanın aparıcı siyasi liderlərinin ənənəvi və əhəmiyyətli toplantı yerlərindən biri hesab olunur. Hazırda nüfuzlu siyasi liderləri və şirkət rəhbərlərini bir araya gətirmək və onların iştirakı ilə işgüzar görüşlər keçirmək üçün bundan əlverişli imkan tapmaq, çətin ki, mümkün olsun.

Bu il yanvar ayının 20-24 tarixlərində Davosda baş tutmuş Dünya İqtisadi Forumu "Mütəşəkkil və dayanıqlı dünya üçün maraqlı tərəflər" mövzusuna həsr edilmişdı. Qeyd edildiyi kimi, dünyanın aparıcı liderləri sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu mötəbər tədbirdə iştirak etmişdir. Bu ilki forum ölkəmizin beynəlxalq səviyyədə siyasi və iqtisadi nüfuzunun güclənməsi baxımından xüsusilə əlamətdar olmuşdur. Belə ki, əgər biz Prezident İ.Əliyevin sadəcə görüşlərinin intensivliyinə və müzakirə edilən mövzuların rəngarəngliyinə nəzər yetirsək, onda aydın olar ki, bu mötədil beynəlxalq tədbir ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının bütün komponentlərinə öz əhəmiyyətli töhfəsini vermişdir.

Belə ki, yanvarın 20-də "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri cənab Andrey Kostin ilə keçirilmiş ilk görüşdə Prezident İ.Əliyev bir sıra maraq doğuran iqtisadi mövzular sırasında məhz Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etmiş və bir peşəkar diplomat kimi, qarşı tərəfin bu barədə faktiki razılığını almışdır. Ekspertlər tərəfindən iqtisadi diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirilmiş bu görüşün arxasında məhz ölkəmizdə real sektorun inkişafının ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması məsələsi olmuşdur. Belə ki, ölkəmizin formalaşmaqda olan dinamik maliyyə bazarında əsas oyunçuların, o cümlədən adı çəkilən holdinqin ölkə rəhbərliyinin tövsiyəsi ilə iqtisadiyyatın qeyri-neft sektoruna, xüsusən də digər sektorların inkişafını sürətləndirən real sektorun kreditləşməsinə cəlb edilməsi iqtisadi blokun hazırda ən aktual çağırışlarından biri kimi böyük əhəmiyyət kəsb edır. Ölkəmizdə müşahidə edilən inklüziv iqtisadi inkisaf və aparılan məqsədyönlü siyasət fonunda reallaşan islahatlar ölkə iqtisadiyyatının imkanlarından səmərəli istifadə nəticəsində əldə edilmişdir. İstər institusional, istərsə də qanunvericilik sahələrini əhatə edən bu islahatlar ölkədə makroiqtisadi formada dayanıqlığın qorunub saxlanılmasında, investisiya mühitinin və əsasən infrastruktur təminatının daha da yaxşılaşdırılmasına çox böyük əhəmiyyət kəsb edir. Real sektorun strukturunun təkmilləsdirilməsi və potensialının artırılması isə iqtisadiyyatın diversifikasiyası əsasında ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və qeyri-neft sahəsinin təkmilləşməsinə gətirib çıxarmalıdır.

Bu mənada Prezident İlham Əliyevin yanvarın 22-də forum çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilmiş panel iclasındakı çıxışı xüsusilə əlamətdar hadisə kimi mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır. Belə ki, ölkəmizdə hökumətin yenilənməsi ilə bağlı panelin moderatorunun sualına cavab verən cənab Prezident bildirmişdir: "...Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır." Bununla da, cənab Prezident bir daha beynəlxalq ictimaiyyətə bəyan etmişdir ki, ölkəmizdə yeni, innovativ düşüncəli, Vətənə, dövlətçiliyimizə sadiq insanlar dövlət idarəçiliyində aktiv rol almağa dəvət edilmiş. Onların hazırda həyata keçirilən islahatların davamında aktiv rol oynayacaqlarına ümid edildiyi ifadə olunmuşdur. O, infrastruktur layihələri barədə fikrini davam etdirərək, məhz Davos Forumuna əsasən Azərbaycanın bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdə olduğunu, ölkəmizdə qazlaşdırma səviyyəsinin 96 faiz təşkil etdiyini, 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa edildiyini bildirmişdir. Cənab Prezident idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına toxunaraq, bu standartlara nail olmaq üçün ölkədə güclü siyasi dəstəyin olduğunu bildirmişdir. Bunun üçün obyektiv imkanların olduğu da vurğulanmışdır. Belə ki, yenə də Davos Forumunun qiymətləndirməsinə görə, Azərbaycan hökumətinin strateji baxışı 10-cu yerə, hökumətin sabitliyi təmin etmək bacarığı isə dünyada 11-ci yerə layiq görülmüşdür.

Cənab Prezidentin qeyd olunan paneldəki çıxışını ölkəmizın 2015-ci ildə BMT Baş Assambleyasının formatında üzərinə götürdüyü beynəlxalq öhdəlik kimi Dayanıqlı İnkişaf Məqsədlərinin realizasiyası rakursundan yanaşsaq, görərik ki, məsələn, 1-ci Məqsədin (Yoxsulluğun azaldılması) icrası istiqamətində ölkədə artıq xeyli işlər görülmüş, hazırda yoxsulluq səviyyəsi 5 faizdən aşağı səviyyədə saxlanılmışdır. Bundan əlavə, 8-ci Məqsədin icrası üzrə cənab Prezident hazırda əhalimizin say artımına görə hər il 100 mindən çox yeni iş yerinin açılmasına yeni hökumətin çalışacağını ifadə etmiş və bildirmişdir ki, yeni iş yerlərinin sayı hətta demoqrafik artımdan daha çox olmalıdır. Bundan əlavə o, inflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində olduğunu, birbaşa xarici borcun hazırda çox aşağı səviyyədə olduğunu və ümumi daxili məhsulun 17 faizini təşkil etdiyini vurğulamış, hökumətin əsas hədəfinin isə ÜDM-in 10 faizinə qədər endirməkdən ibarət olduğunu söyləmişdir.

Qeyd edək ki, hazırda ölkəmizdə aktiv işçi qüvvəsinin təxminən 40 faizinin çalışdığı kənd təsərrüfatı mövzusu da Davos Forumu çərçivəsində ölkə başçısının diqqətindən yayınmamışdır. Belə ki, yanvarın 22-də Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşdə Prezident İlham Əliyev iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin dərinləşdirilməsi, o cümlədən kənd təsərrüfatı sahəsində, xüsusilə də heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğunı vurğulamış, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları barədə bəhs etmişdir.

Bununla yanaşı, ölkəmizin neft-qaz sektorunun inkişafı üzrə həyata keçirilən qlobal enerji layihələrinin müzakirəsi də cənab Prezidentin Davos təmaslarının əsas mövzularından biri olmuşdur. Belə ki, yanvarın 22-də dövlət başçısı Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə keçirdiyi görüşdə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağı qeyd edilmiş, habelə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparılmışdır. Dövlətimizin başçısı bu ilin fevralında Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün keçiriləcəyini də qeyd etmişdir.

Elə həmin gün, yəni yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü ölkələrimiz arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişafına mühüm töhfə vermişdir. Belə ki, görüş zamanı ölkələrimizin iştirakı ilə qlobal və regional enerji və nəqliyyat layihələri sırasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyəti barədə bəhs edilərkən yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq" mövzusunda keçirilmiş iclasda bu layihənin önəminin qeyd edildiyi bildirilmişdir. Məhz bu layihənin regionda yeni əməkdaşlıq perspektivləri yaratdığı xüsusi vurğulanmışdır. Qeyd edək ki, bu layihənin ilk dəfə beynəlxalq icitimaiyyətə təqdim edildiyi dövrdə, yəni ikimininci illərin əvvəllərində guya "ER-ın iqtisadi blokadasını gücləndirmək məqsədi daşıması" səbəbindən ilk növbədə Avropa Birliyinin bəzi aparıcı dövlətlərindəki ermənipərəst siyasi dairələr tərəfindən necə kəskin tənqidə və maneələrə rast gəlməsi şəxsən bu yazının müəllifinin yaxşı yadındadır. Belə ki, həmin dövrdə Azərbaycanın Avropa Birliyi Nümayəndəliyində Birinci katibi vəzifəsində çalışarkən, onun bu destruktiv münasibətin canlı şahidi olmuşdur. Lakin AR Prezidenti cənab İlham Əliyevin bu məsələdə qətiyyətli və prinsipial mövqeyi, habelə zərgər dəqiqliyi ilə apadığı effektiv və ardıcıl xarici siyasət xətti nəticəsində qeyd olunan layihə 2017-ci ilin oktyabr ayının 30-da uğurla başa çatdırıldı və hazırda onun mühüm regional layihə kimi əhəmiyyəti gündən-günə artmaqdadır.

Bundan əlavə, yanvarın 22-də cənab Prezident Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşü baş tutmuş və orada ikitərəfli əlaqələr müzakirə olunarkən, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi xüsusi vurğulanmışdır. Həmin görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu, habelə Azərbaycan ilə İsveçrə arasında iqtisadi əlaqələr barədə fikir mübadiləsi aparılmış və bu münasibətlərin inkişafından məmnunluq ifadə olunmuşdur. Görüşdə səsləndirilən maraqlı müzakirə mövzularından biri Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələsi olmuşdur. Ölkəmizdə alternativ enerjinin böyük potensialının mövcudluğunu vürğulayan Prezident İlham Əliyev reallaşdırılan bərpaolunan enerji layihələri barədə məlumat verərək, gələcəkdə turizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində də bərpaolunan enerjidən istifadənin mümkünlüyünü bildirmişdir.

Azərbaycan-İsveçrə ikitərəfli münasibətləri Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli ilə görüşünün də əsas leytmotivini təşkil etmişdir. Belə ki, bu görüşdə iki ay əvvəl İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupunun həmsədri təyin olunmuş Loran Verli Azərbaycan ilə İsveçrə, o cümlədən iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da sürətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir. Söhbət zamanı Azərbaycan ilə İsveçrənin şəhərləri arasında əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılmış, bir müddət əvvəl Montrö şəhəri ilə Bakının Səbail rayonunun qardaşlaşdığı bildirilmışdir.

Bununla yanaşı, iqtisadçı ekspertlər Prezident İlham Əliyevin Davosda "Swiss Re" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşünün ölkəmizin sığorta bazarının inkişafına mühüm töhfə verə biləcəyini ifadə etmişlər. Belə ki, xanım Skotti ilə görüş zamanı dövlətimizin başçısı son illərdə aparılan islahatlar nəticəsində Azərbaycanda sığorta sahəsinin inkişafı və təkmilləşməsi üçün yaxşı imkanların yarandığını bildirmişdir. Öz növbəsində xanım Skotti qeyd etmişdir ki, "Swiss Re" şirkəti Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarda iştirak etməyə, Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazırdır.

Eyni zamanda, Prezident İlham Əliyev Davos forumu çərçivəsində Procter and Gamble Europe" şirkətinin prezidenti Loik Tassel, "Equinor" şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə də maraqlı təmasları Azərbaycanın əlverişli biznes mühitinə xarici investorların artan marağının göstəricisi kimi dəyərləndirilməlidir. Belə ki, məsələn, cənab Loik Tassel görüş zamanı o, son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilmişdir. Hesabata əsasən, Azərbaycan "Doing Business" üzrə dörd sahə (əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmini) üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırmışdır.

Bütün iqtisadi mövzularla yanaşı, Prezident İlham Əliyevin yüksək peşəkar diplomat kimi, bütün beynəlxalq forumlarda olduğu kimi, iqtisadi format olan Davos Forumunda da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin mövqeyini vurğulaması diqqəti cəlb etmişdir. Belə ki, "Strateji baxış: Avrasiya" panel iclasının moderatorunun meydana gəlməsindən ən çox narahat olduğunuz gərginliklər hansılardır sualına, Prezident İ.Əliyev bir sıra regional münaqişə ocaqlarını sadalayaraq açıq bəyan etmişdir: "...Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu daimi təhdid mənbəyidir. Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır... Hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur".

Beləliklə, ölkə başçısının yanvarın 20-24 tarixlərində Davosda keçirilmişDünya İqtisadi Forumunda iştirakı öz yüksək məhsuldarlığı ilə seçilmişdir. Belə ki, bu mötəbər formatda ölkəmizin iqtisadi cəhətdən çiçəklənməsi, yeni investisiyanın ölkəyə axını, istər neft-qaz, infrastruktur layihələri, istərsə də qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verilmişdir. Eyni zamanda, dövlət başçısı dünyanın bir çox siyasi liderləri, habelə nüfuzlu işgüzar dairələri təmsilçiləri önündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin mövqeyini bir da bəyan etməyə müvəffəq olmuşdur.

Fuad Hümbətov

AR Sahibkarlar (İşəgötürlənlər) Milli Konfederasiyasının Baş katibinin müavini, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti


Etiketlər:  Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi iqtisadi əhəmiyyəti haqqında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ