Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 17:46
...Oxşar taleli insanlar harda olsalar gec-tez bir-birlərini tapırlar. Haqqında söhbət açacağımız şəxslərin uğursuz həyatları, içki düşkünü olmaları onları bir araya gətirib. Uçuq sökük daxmalara, öz aralarında "Peykanlı" adlandırdıqları keçmiş "Qarabağ" mehmanxanasının arxasındakı otluq sahəyə də özləri kimi tüfeyli həyat tərzi sürənlər, əlindəki qəpik-quruşu spirtli içkiyə verən səfillər toplaşır.
Bu səfillərdən biri vaxtilə toylarda müğənnilik edən, mahnılar bəstələyən, şahmatla və karate ilə də məşğul olan, sonda isə narkotikə, əyyaşlığa qurşanan və səfil dostları tərəfindən qətlə yetirilən Müşfiq Əliyevdir.
Müttəhimlər kürsüsündə Ramin Həsənovdur
M.Əliyevin qətli işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində bir gün əvvəl yekunlaşıb, prosesdə qəsdən adam öldürməkdə ittiham olunan Gəncə şəhər sakini 34 yaşlı Ramin Həsənovun cinayət işi araşdırılıb.
Sonxeber.net Virtualaz.org-a istinadən bildirir ki, qətl hadisəsi 3 may 2017-ci ildə paytaxtın Nərimanov rayonu Təbriz küçəsi, 2 ünvanında baş verib. Həmin ərazidə yerləşən dayanacağın arxa hissəsindəki otluq sahədə Lənkəran rayonunun Kərgəlan kənd sakini 44 yaşlı Müşfiq Əliyevin meyiti tapılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, M.Əliyevi 52 yaşlı Elman Məhərrəmov qətlə yetirib. İstintaq zamanı E.Məhərrəmovun sözügedən cinayəti təkbaşına deyil, Ramin Həsənovla birgə törətdiyi sübuta yetirilib.
"Qarabağ" mehmanxanasının arxasında, "alkaş" və "bomjların" məskənində...
Belə ki, tüfeyli həyat tərzi sürən bir qrup şəxslər adətən sözügedən ünvana yığışıblar. İçkili vəziyyətdə olan E.Məhərrəmov pulunun oğurlanmasını bəhanə edərək Müşfiqi möhkəm döyüb. Müşfiqin döyülməsində Ramin də ona yardımçı olub. Ağır dərəcəli bədən xəsarətləri alan Müşfiq elə hadisə yerində də keçinib.
Əslən Qərbi Azərbaycandan olan Ramin Həsənov ifadəsində 1988-ci ildə ailəsi ilə birgə deportasiya olunduqlarını və Gəncə şəhərində məskunlaşdıqlarını göstərib. Gəncədəki kişi salonlarından birindı saç ustası işləyən Ramin on il bundan öncə narkotik vasitələrin qanunsuz dövriyyısinə görə həbs olunub. Həbsdən buraxıldıqdan sonra Gəncəyə qayıtmayıb, Bakıda müxtəlif yerlərdə fəhlə işləyib. Qazandığı pulları spirtli içkiyə xərcləyib. Bir müddət sonra oğurluq etdiyinə görə yenidən tutulub. Sonuncu dəfə 2017-ci ilin fevralında azadlığa buraxılan Ramin nə az, nə çox, cəmisi 3 aydan sonra daha ağır cinayətdə - qəsdən adam öldürməkdə ittiham olunaraq təkrar həbsxanaya qayıdıb.
"İşim yox idi, bazarlarda araba sürürdüm, gündəlik qazandığım 3-5 manatı içkiyə verirdim. Yaşamağa yerim yoxdu, parklarda, küçələrdə gecələyirdim. Bəzən də bazarda meyvə satan Yusifin evinə gəlirdim. Yusif ailəsindən boşanmışdı, tək yaşayırdı. Onun evinin də nə işığı, nə qazı var idi"- R.Həsənov ifadəsində deyib.
"Sovetski"dən olan residivist Məhərrəmov da onlara qoşulub
...Həbsxanadakı "xlebnik"i Elman Məhərrəmovla rastlaşan Ramin onu Yusiflə tanış edib. Dəfələrlə cinayət törədərək həbsxanaya düşən Elman "Sovetski"də doğulub, orada da böyüyüb. Nə ailə qurub, nə oğul-uşaq sahibi olub, heç kimi yoxdur. Həbsdən çıxandan sonra gündəlik kirayəyə verilən evlərdə qalıb. Raminlə rastlaşdıqdan sonra Elman da onlara qoşulub, Yusifə məxsus işıqsız, istiliksiz, buz kimi soyuq, rütubətli uçuq-sökük daxmaya sığınıb.
Deyirlər, oxşar taleli insanlar gec-tez bir-birlərini tapır. Elə Yusifin daxmasına da, öz aralarında "Peykanlı" adlandırdıqları keçmiş "Qarabağ" mehmanxanasının arxasındakı otluq sahəyə də özləri kimi tüfeyli həyat tərzi sürənlər, əlindəki qəpik-quruşu spirtli içkiyə verən səfillər toplaşır. Bu səfillərdən biri vaxtilə Lənkərandakı toy məclislərində müğənnilik edən, çoxlu sayda mahnılar bəstələyən Müşfiq Əliyev olur.
"Müşfiqi uzun illər öncə bir dostumun vasitəsilə tanımışdım. Çoxdandı görəmədiyim üçün əvvəlcə tanıya bilmədim. Məni "Roma" deyə çağıranda bildim ki, Müşfiqdir. Rusdilli olduğuna görə həmişə bu cür çağırardı. Dedi ki, küçələrdən metal qırıntıları toplayıb satmaqla, bazarlarda araba sürməklə dolanır. Yanında bir nəfər də vardı. Adı da deyəsən Sanya idi. Müşfiq deyirdi ki, Sanya estoniyalıdır, Bakı bağlarında təmir işləri görür, qazandığını da içkiyə xərcləyir"- R.Həsənov ifadəsində göstərib.
"Müşfiqin cibə girmək kimi xasiyyətinin olduğunu bilmirdim..."
R.Həsənovun ifadəsinə görə, Müşfiq də, Sanya da onlarla birgə bir neçə gün Yusifin evində gecələyib. Hadisə baş verən gecə isə pulları olmadığından aptekdən aldıqları etil spirtini suya qatıb içiblər: "Müşfiqin cibə girmək kimi xasiyyəti olduğunu bilirdim. Hətta 2009-cu ildə mənim də cibimə girmişdi. Yatmazdan əvvəl Tofiq də dedi ki, Müşfiq onun cibinə girib. Ona görə də yatmadım, özümü yuxuluğa vurdum. Gördüm ki, Müşfiq lezva ilə Elmanın şalvarının arxa cibini kəsdi. Bunu görüb əsəbləşdim. İçəndə aqressiv oluram, digər tərəfdən də Müşfiqin çörək kəsdiyi adamların cibinə girməsinə acığım tutdu. Üstünə qışqırdım, pulu da, lezvanı da əlindən yerə atdı. Əsəbi halda Elmanı çağırdım, dedim Müşfiq cibinə girib. Elman da yuxudan oyanıb Müşfiqi vurdu, niyə oğurluq etdiyini soruşdu. Müşfiq heç nədən xəbəri olmadığını dedikdə söydüm, dirsəyimlə udlağından bərk zərbə vurdum. Elman da təpiklə, yumruqla Müşfiqin sifətinə, başına zərbələr endirdi. Əslində, Müşfiqi vurmaq istəmirdim. Ona görə də onları ayırmağa çalışdım, sərxoş olduğumdan hər ikisinə zərbə endirdim. Zərbələrin kimə, hara dəydiyini xatırlamıram. Müşfiq yerdə hərəkətsiz qaldı, öskürürdü, sonra səsi kəsildi. Onun öldüyünü başa düşüb paltosunu üstünə atdım, heç kimə bu haqda bir söz demədim. Elman da butulkanın dibindəki arağı içib yıxılıb yatdı".
Səfillərin işərisində yaşca hamıdan böyük olan qoca Sanya isə baş verənlərdən bixəbər idi. Onsuz da qulağı zəif eşidir, gözləri yaxşı görmürdü. Bir yandan da azərbaycanca bilmədiyindən ətrafda yaşananları başa düşmürdü. Yuxudan ayılanda Müşfiqlə Elmanın hələ yatdıqlanı güman edirdi.
Həsənov gizli yolla Gürcüstana, xalasının yanına qaçır...
Bir qədər sonra hadisə yerinə gələnlər yerdə uzanıqlı vəziyyətdə qalanın kimliyi ilə maraqlanıb. Həmin şəxsin telefonla polisə zəng vurduğunu görən Ramin dərhal "Yaşıl bazar" istiqamətinə doğru qaçır. Hadisə yerində yaxalanan E.Məhərrəmov (Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli hökmü ilə 18 il müddətinə azadlqıdan məhrum edilib -red.) isə ilkin dindirmə zamanı törətdiyi cinayəti etiraf edib.
Cinayətin üstünün açılacağından ehtiyatlanan R.Həsənov gizli yolla sərhəddən keçərək Gürcüstana, xalasının yanına gedib. Uzun müddət əvvəlcə Batumidə xalasıgildə, sonrasa Laqodexi rayonun Qabal kəndində dostugildə qalaraq meşədən odun daşıyıb satmaqla məşğul olub. Yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb. Lakin beynəlxaklq axtarışa verilməsindən ehtiyat edərək adını və soyadını polisə səhv deyib. Ramindən şübhələn gürcü polisi onu polis bölməsinə aparıb. Orada onun Gürcüstana qanunsuz keçməsi müəyyən edilib. Həmin vaxt narkotik vasitə və ya qanunsuz silah daşımağa görə barəsində şübhələr yarandığından Bakıda cinayət törətdiyini və Gürcüstana qaçdığını etiraf edib: "Əməlimdən peşmanam. Müşfiqi öldürmək niyyətim olmayıb. Onun qısa zamanda öləcəyi ağlıma da gəlməyib".
Həbsxanadan çıxanda görüb ki, "Sovetski" dağılıb, nə evləri qalıb, nə ailəsi...
Təqsirləndirilən Elman Məhərrəmov ifadəsində ilk dəfə 1992-ci ildə quldurluq etdiyinə görə 7 il cəza aldığını, azadlığa çıxdıqdan sonra yenidən cinayət törədərək həbsxanaya düşdüyünü deyib. Sonuncu dəfə 2017-ci ilin aprelində həbsdən çıxıb və cəmisi bir ay azadlıqda qalıb:"Həbsxanadan çıxıb böyüdüyüm "Sovetski"yə - S.Əsgərova küçəsində yerləşən evimizə gəldim. Evimiz sökülmüşdü. Ailə üzvlərimdən heç kəsi tapa bilmədim. Axşama kimi bulvarda gəzdim. Gecə qalmaq üçün yer axtardım, "28 May" dakı gecəsi 1 manata kirayə qalmağa yer tapdım".
Anoloji ifadə verən E.Məhərrəmov əlavə olaraq deyib ki, sübh tezdən Raminin səsinə yuxudan oyanıb. Nə baş verdiyini soruşduqda Müşfiqin onun cibini kəsib pulunu götürdüyünü bilib: "Bütün pullarımı onlara xərclədiyimn halda Müşfiqin cib kəsməsi mənə çox pis təsir etdi. Ona görə də ayağından vurub yuxudan oyatdım. Müşfiq dedi ki, nə cib, heç nədən xəbərim yoxdur. Daha da əsəbləşdim, yaxasından yapışıb kəllə ilə başına vurdum, zərbədən yerə yıxıldı, alnı partladı, qan gəldi. Ramin də mənə qoşulub Müşfiqi döydü. Amma sonradan Müşfiqin ciblərinə baxanda pulu tapmadım. Raminə dedim ki, əgər Müşfiq pulu götürübsə onda pul hanı? O, da israrla Müşfiqin götürdüyünü dedi".
Zərərçəkmiş ana Müşfiqin həyatın dibinə necə yuvarlandığını nəql edir...
Zərərçəkmiş Şərqiyyə Əliyeva ifadəsində oğlu Müşfiqin orta məktəbi fərqlənmə ilə bitirdiyini, Lənkəran Dövlət Universitetinin "gömrük işi" fakültəsinə daxil olduğunu, sonradan həmin fakültənin ləğv olunduğunu və təhsilinin yarımçıq qaldığını deyib. Ananın sözlərinə görə, Müşfiq musiqi bəstələyib, mahnı oxuyub, cənub bölgəsindəki toylarda musiqiçi kimi tanınıb.
Eyni zamanda şahmatla və karate ilə də məşğul olub. Ölkə daxilində bir neçə uğurlar qazanıb. "Xəzər-Lənkəran" futbol klubunun ehtiyat oyunçularından biri olub. Amma sonradan narkotik vasitələrdən istifadə etməyə başlayıb, elə bu üzdən də sənətdən, idmandan, dostlarından uzaq düşüb. Evlənib, ailə qurub, iki övladı da oxuyub. Hətta böyük qızı yüksək balla universitetə qəbul olub...
Spirtli içkiyə qurşanması onu ailəsindən də uzaqlaşdırıb. Bakıya gələrək fəhləlik edib. Arada anası ilə birgə Rusiyaya və Ukraynaya gedib, orada ərzaq məhsullarının satışı ilə məşğul olub. Nəhayət, 2017-ci ilin Bakıya gəlib və burada işləməyi qərara alıb. "Yaşıl bazar"da işləməyə başlayıb: "Mayın 1-də hansısa nömrədən mənə zəng vurdu. Dedi ki, bazarda yük boşaldıram, məndən nigaran olma. Beş gün sonra Müşfiqin qəzaya düşməsi xəbərini eşidib rayona gəldim. Burda mənə oğlumun öldürüldüyünü dedilər".
Məhkəmənin hökmü ilə Ramin Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib.