Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurbanovla Hacıyev futbola yox, sanki filmə baxırdılar – Bayıldan reportaj

Qurbanovla Hacıyev futbola yox, sanki filmə baxırdılar – Bayıldan reportaj

Tarix: 2 Fevral 2020 22:08

Bu gün “Səbail”lə “Qarabağ” arasında keçirilən Premyer Liqanın 15-ci turunun oyunu (0:1) başlamamış diqqətimi bir maraqlı məqam çəkdi.

Əsas heyət üzvləri paltardəyişmə otağında olduğu vaxtda Ağdam klubunun ehtiyatda olan qapıçısı Vaqner de Silva meydanda “Səbail”in bir neçə gənc futbolçusu ilə topla məşq edirdi. Baxmayaraq ki, onlar bir-birinə rəqib idi, hiss olunurdu ki, hər biri kiçik məşqdən məmnun qalıb. Elə ona görə də komandalar meydana daxil olduğu vaxtda bu beş futbolçudan ibarət mini “Səbail” – “Qarabağ” komandasının üzvləri” bir-biri ilə mehribanlıqla görüşərək meydanı tərk etdilər. Bu zaman görüşmək növbəsi Qurban Qurbanovla futbolumuzun xaraktercə və soyuqqanlı davranışına görə ikinci Qurban Qurbanovu sayılacaq Aftandil Hacıyevə çatdı.

Sonra əlbəttə, hər biri texniki zonada öz yerinə getdi və təsəvvür edin, bütün 90 dəqiqə hər ikisi bir-biriləri ilə əvvəldən razılaşıbmış kimi sakitcə, səslərini ucaltmadan, qışqırmadan, hirslənmədən təmkinlə oyunu (komandalarını) seyr etməyə başladılar. Sanki futbola yox, düşündürücü bir filmə baxırdılar və onda mənə bir anlıq elə gəldi ki, Bayılda matçı izləməyə gələn 1000-a yaxın insan arasında matç boyu ən az danışan da məhz o ikisi olub - Qurban Qurbanovla Aftandil Hacıyev...

Əsəblər necə bu qədər sakit ola bilər, heyrət etməyə bilmirsən...

***

PFL-in prezidenti Ramin Musayev isə həmişə kimi şən ab-havada görünürdü. Danışıb-gülür və yəqin şifahi xalq yaradıcılığımızdakı unikal sözlərlə zəngin olan bir iki lətifə də danışırdı. Ümumiyətlə, Ramin müəllimin lətifə bazası çox zəngindir, yaxşı maraqlı əhvalatları da az deyil. Düzdür, bəzilərini şişirdir, bəzilərini isə bəzəyib danışır, amma istənilən halda yaxşı danışır. Nə isə bunları sadəcə sözgəlişi dedim.

Bizim futbol idarəçiləri oturduqları “Skybox”da nə danışırlarsa danışsınlar. İstəyirlər, futboldan danışsınlar, lap elə dayanmadan lətifə danışsınlar. Əsas odur ki, bugünkü kimi yerli futbola, stadionlara gəlsinlər. Əsk halda futbolumuz özü, ruslar demiş, anektod mövzusuna çevrilir...

***

Anektod demişkən...

30-cu dəqiqədəki bir kiçik məqam isə artıq həqiqətdə baş verdi, amma Maykl Esyenin vurduğu zərbəyə çoxları güldü. Çünki 20-25 metrlik məsafədən endirilən zərbədən sonra top hardasa elə bir o qədər hündürlüyü olan tribunanı da aşaraq, güman ki, stadionun arxasındakı evlərindən birinin həyətindəki toyuq hininin kəlləsinə düşdü.

Böyük bir adın, futbolçunun karyerasının sonunun gülüş hədəfinə çevrilməsi, doğrudan da, məyusedici olmaya bilməz. Ona görə də Esyeni bura gətirlənlər bu kədərli həqiqəti artıq onun özünə də deməlidirlər.

Yeri gəlmişkən, irad tutulası futbolçu bir tək Esyen deyil. “Qarabağ”da Maqaye Qeyenin yenidən kökəlməsi diqqət çəkməyə bilməzdi. Yenidən ona görə ki, ötən yay Ağdam klubuna gələndə də onun çəkisi, gərək ki, 90 kilonu adlamışdı və həm buna, həm də az qol vurduğuna görə az tənqid olunmamışdı. Bundan sonra çəkisi azalmışdı və gözləmək olardı ki, bu qədər iraddan sonra Qeye qış fasiləsində çəkisini bir qədər də aşağı salacaq, lazımi formaya düşəcək. Amma...

Görünür, Antalyadakı təlim-məşq toplanışı zamanı 29 yaşlı bu seneqallı gizli də olsa dadlı türk tatlılarından o qədər çox yeyib ki, çəkisi az qala yenidən 90-a çatıb. Yəqin həm də bunun nəticəsidir ki, “Səbail”lə oyunda 4-5 metrdən topu boş qapıya göndərə bilmədi. Ümid edək ki, bu intizamsızlığına və məsuliyyətsizliyinə görə onun barəsində Qurban Qurbanov artıq lazimı tədbiri görərək daxili cəza tətbiq edib.

***

Amma Qeye, əlbəttə, “Qarabağ”dakı ümumi havaya təsir edə bilməz. Komanda barədə onu söyləmək olar ki, qış fasiləsində sonra yavaş-yavaş yaxşı formaya düşür, futbolçuların ümumi durumu qənaətbəxş sayıla bilər. Rəşad Sadıqov, Maksim, Qara, İsmayıl, Xayme, Zubir və s. yaxşı təsir bağışladılar. Hərçənd unutmayaq ki, rəqib də xeyli zəifləmiş autsayder “Səbail” idi. İstənilən halda bugünkü qələbəsi “Qarabağ”la ən yaxın rəqibləri olan “Neftçi” və “Keşlə” arasında xal fərqini yenidən 8-ə qaldırdı. Amma bu o demək deyil ki, hələ çempionatda intiriqa ölüb.

Növbəti tur “Qarabağ” əzəli rəqibi “Neftçi”ni qəbul edir. Və böyük ölçüdə məhz fevralın 8-si intiriqanın öləcəyi, yaxud yenidən diriləcəyinə aydınlıq gələcək.

Aydın BAĞIROV 

 


Etiketlər:  Qurbanovla Hacıyev futbola yox sanki filmə baxırdılar Bayıldan reportaj


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ