Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 07:56
Türkiyə polisi vətəndaşları aldadaraq zənginləşən iranlı ailəni yaxalayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə il öncə doğma vətənləri İranda 12 min nəfərdən qurduqları "səadət zənciri" vasitəsilə pul əldə edən şəbəkə üzvləri deşifrə olduqdan sonra Türkiyəyə qaçıblar. İlk vaxtlar Antalyada fəaliyyət göstərən ailə bir il öncə İstanbulda məskunlaşıb.
Ata Seyid M. J. ilə biri qız olmaqla 4 uşağının idarə etdiyi şəbəkənin hədəfi əsasən İstanbuldakı zəngin iranlılar olub.
Məlumata görə, şəbəkə ilk iş olaraq İstanbulun lüks səmtlərində kirayələdikləri villalarda yaşayıblar. Bundan əlavə, lüks avtomobillər, bahalı saatlar və şık geyimlərlə insanların düşüncəsində zəngin olduqları fikrini formalaşdırıblar. Məkan olaraq isə iranlıların cəmləşdiyi gecə klublarından restoranlara, ticarət mərkəzlərindən tutmuş toylara qədər hər yeri seçiblər.
Daha sonra "ovladıqları" insanlara öz fəaliyyətləri haqqında bəhs edərək Dubay, Malayziya, Ukrayna və Çilidə kriptovalyuta Bitkoin investisiyalarının olduğunu söyləyiblər.
Qısa müddətdə çox pul qazandıqlarını ifadə edən şəbəkə üzvləri aylıq 10 faiz qazanc payı verdiklərini bildiriblər. Məsələn, 100 min dollar verən şəxsə hər ay 10 min dollar mənfəət payının verildiyi deyilib. Sistemə girən insanların 24 ayın sonunda 100 min dollar qarşılığında 240 min dollar qazandığı bildirilib. Və yavaş-yavaş bir çox insan onların tələsinə düşüb. Belə ki, 3 min dollar verən də olub, 100, 1000 dollar da verən.
Bir il ərzində, əksəriyyəti İrandan olan və bərbər, aşpaz, həkim və əmlak agentləri kimi müxtəlif peşələrdən olan 2 min insandan 50 milyon dollar yığılıb.
Toplanan pullar gün ərzində şəbəkənin ABŞ-dakı lideri Seyid Cəfər J.-yə göndərilib, İstanbuldakı şəbəkə üzvləri isə bir neçə ay ərzində "yoxa çıxıblar".
Prokurorluq telefonlarını və ünvanlarını dəyişdirən şəbəkə üzvləri ilə bağlı cinayət elanlarından sonra hərəkətə keçib.
İstintaq çərçivəsində ötən gün səhər saatlarında 30 nəfərə qarşı əməliyyat keçirilib. 16 nəfər saxlanılıb, digərləri isə qaçıb.