Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' ''Qarabağ''a rəqib deyil'' - Bəxtiyar Musayev

''Neftçi'' ''Qarabağ''a rəqib deyil'' - Bəxtiyar Musayev

Tarix: 7 Fevral 2020 10:04

"Qış fasiləsindən sonra komandaların tam forma yığmaları üçün 2-3 tur oynamağa ehtiyacları var. Bu baxımdan "Qarabağ" - "Neftçi" matçında istənilən nəticə qeydə alına bilər".

Sonxeber.net xəbər verir ki, bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

Karyerası ərzində həm "Qarabağ", həm də "Neftçi"nin formasını geyinmiş 46 yaşlı mütəxəssis Premyer Liqanın XVI turunda baş tutacaq "Qarabağ" - "Neftçi" matçını dəyərləndirib. Seleksiyaçı-məşqçi baxımlı oyun arzuladığını söyləyib: "Hər iki komandanın heyətində oynamışam. Amma "Neftçi"də həm uzun müddət çıxış etmişəm, həm də işləmişəm. "Neftçi" indi "Qarabağ"dan 8 xal geridə qalan komanda olmamalıdır. Çox istərdim ki, bu oyun futbol ictimaiyyətinə, azarkeşlərə zövq versin, qollar, həyəcan görək. Belə bir oyuna ehtiyacımız var. Çünki çempionat oyunlarına baxırsan, çox aşağı səviyyədə keçir. Heç olmasa, bu iki komandanın duelindən zövq ala bilək. Güclü qalib gəlsin".

Veteran futbolçu hələ mövsümün əvvəlindən "Qarabağ"ın çempionluğunun məlum olduğunu düşünür. O, hazırda heç bir klubun Ağdam təmsilçisinə rəqib olmadığı qənaətindədir: "Neftçi" bu gün "Qarabağ"a rəqib deyil. Təəssüf ki, "Neftçi" də "Qarabağ"la rəqabət yarada bilmir və bu amil elə "Qarabağ"ın da ziyanınadır. Hələ mövsüm yeni başlayanda demişdim ki, "Qarabağ" şübhəsiz çempiondur. Ötən mövsüm "Neftçi" 5 xal öndə olarkən bu üstünlüyü qoruya bilmədi. Amma indi "Qarabağ" 8 xal öndədir və düşünürəm ki, turdan-tura daha da uzaqlaşa bilər. Etiraf edək ki, "Qarabağ" bütün komandalardan çox üstündür".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu fevralın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Etiketlər:  Neftçi Qarabağa rəqib deyil Bəxtiyar Musayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ