Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 03:30
Əliyar Əzimov: "Azərbaycanı ziyarət edib, ölkəmizin aurasından ovsunlanmış macarlar da var"
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
Fəaliyyət göstərdiyi şirkətdə Latın Amerikası ölkələri ilə işləyir. Vəzifəsi xarici əlaqələr üzrə mütəxəssisdir. Həm dil bacarıqlarına, həm də keçmişdə bu sahədə təcrübəsi olduğuna görə, meneceri onu şəxsən öz direktoruna təqdim edib, işə başlamağını istəyib.
"Soydaş" rubrikamızın budəfəki qonağı Macarıstanın Korvinus Universitetində beynəlxalq münasibətlər üzrə doktorantura təhsili alan, həm də oradakı bir şirkətdə beynəlxalq əlaqələr üzrə mütəxəssis işləyən Əliyar Əzimovdur.
Qeyd edək ki, Əliyar Bakıda ziyalı ailəsində anadan olub. Bakalavr təhsilini 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində alıb. Tələbəlik illərində hazırda olduğu kimi sosial aktivliyi olmayıb. Lakin 2-ci kursdan etibarən zəka yarışlarında, debatlarda iştirak etməyə başlayıb. Təhsil aldığı müddətdə əldə etdiyi yüksək nəticələrə görə, 2013-cü ildə universitetdə "İlin ən yaxşı tələbəsi" seçilib. Gənclər və İdman Nazirliyində təcrübə keçib.
- Nə üçün xaricdə təhsil almaq istədiniz?
- Mən məktəb dönəmindən xaricdə təhsil almaq arzusunda olmuşam. Lakin bu, arzu olaraq qalırdı. Ətrafımda məni düzgün yönləndirəcək və məlumat verə biləcək heç kim yox idi. Təhsil aldığım dönəmdə internetdən istifadə müasir dövrümüzdəki kimi populyar deyildi. Nəyi necə araşdıracağımı bilmirdim və beləliklə, bakalavr təhsilimə başladım. Amma hədəfim hər zaman xaricdə təhsil almaq olub. Buna görə də, bakalavr təhsili müddətində qiymətlərimi daim yüksək saxlamağa çalışırdım. Universiteti də yüksək qiymətlərlə başa vurdum. Xaricdə təhsil almaq üçün bir sıra səbəblərim var idi. Onlardan birincisi, ixtisasımı fərqli mühitdə beynəlxalq tələbələrlə birlikdə fikir alış-verişi edərək öyrənmək idi. İkincisi isə bilirdim ki, xaricdə təhsil almaq gələcək karyerama da müsbət təsir göstərəcək və məni daim bir addım irəlidə saxlayacaq. Buna görə də, xaricdə təhsil ala bilmək üçün əlimdən gələni edirdim.
- Sizcə, xaricdə təhsil gənclərə nə qazandırır?
- Xaricdə təhsilin bir sıra üstünlükləri var. Ən önəmli üstünlüyü tələbənin dünyagörüşünü və məsələlərə baxış bucağını artırmasıdır. Çünki xaricdə təhsil alarkən ətrafınızda, sadəcə həmvətənləriniz olmur. Dünyanın istənilən ölkəsindən şəxslərlə müzakirələr aparırsınız, onların fikirlərini dinləyirsiniz, məsələyə yanaşma tərzini görürsünüz. Bu, gənc bir şəxsin, xüsusilə də keçid dövründə olan tələbənin özünü formalaşdırmasında böyük rol oynayır. Digər tərəfdən isə xaricdə təhsil şəxsə daha möhkəm biliklər qazandıra bilər.
- Bəs, nə üçün Macarıstanı seçdiniz?
- 2016-cı ildə Macarıstan hökuməti ilə Təhsil Nazirliyi arasında imzalanan "Stipendium Hungaricum" təqaüd proqramı elan olunduqda, sənədlərimi göndərməyə qərar verdim. Əslində Macarıstanı Mərkəzi Avropa Universiteti ilə tanımışam. Universitetə müraciət edərkən, artıq həm Macarıstan, həm də universitetlər barədə məlumatlı idim. Universitet seçiminə gəldikdə isə macar universitetləri digər Avropa ölkələrində olduğu kimi qədim universitetlərdən idi. Hətta magistr təhsili aldığım Peç Universiteti 2017-ci ildə 650 yaşını qeyd etdi.
- Oradakı təhsil sistemi ilə buradakı arasında hansı fərqləri gördünüz?
- Macarıstanın köklü və tanınmış universitetləri Avropa sisteminə tam inteqrasiya olunub. Amma beynəlxalq tələbələr üçün hələ də sistemi təkmilləşdirmə prosesi gedir. Təhsil sistemi isə Azərbaycandakı təhsil sistemindən fərqlənir. Birincisi, orada mühazirə, seminar anlayışı yoxdur. Dərsləri vahid bir sistemdən - NEPTUN adlanan platformadan seçirik. Bu platforma özündə bütün universitetləri birləşdirir. Orada biz dərsləri seçirik, imtahanlara qeyd olunuruq, semestri aktivləşdiririk, təqaüdlərimizə nəzarət edirik, şəxsi məlumatlarımızı, dövlət sənədlərinə lazım olduqda koordinasiya edirik, transfer almaq istədikdə və ya akademik məzuniyyət götürmək lazım gələndə bu platformaya müraciət edirik. Professorlar bizimlə əlaqə qurmaq və ya qiymətlərimizi elan etmək üçün bu platformaya üz tuturlar. İmtahan günlərini də özümüz sərbəst şəkildə seçə bilirik. Təhsil sistemi bizə bir fənn üçün 3 dəfə imtahanda iştirak etmək hüququ verir. Əgər nəticələrimizlə razı olmasaq, 2 və ya 3-cü dəfə imtahanda iştirak edərək nəticələrimizi yaxşılaşdıra bilirik.
- Həm oxuyub, həm işləmək çətin deyil ki?
- Bəzən çətin olur, bəzən isə yox. Burada əsas faktor iş müəssisəsindəki məsul şəxslərdən və ya menecerlərdə asılıdır. Elə menecer var ki, işçinin iş müddəti ərzində əlavə işlərlə məşğul olmasını, təhsili üçün müəssisədən ayrılmasını istəmir. Belə olduqda, işə qəbulda tələbələrə üstünlük vermir. Lakin elə menecerlər də var ki, tələbənin bilik və bacarıqlarına görə, onun təhsilinə də maneə yaratmır. Fəaliyyət göstərdiyim şirkətdə Latın Amerikası ölkələri ilə işləyirəm. Vəzifəm xarici əlaqələr üzrə mütəxəssisdir. Həm dil bacarıqlarıma, həm də keçmişdə bu sahədə təcrübəm olduğuna görə, menecerim məni şəxsən öz direktoruna təqdim edib işə başlamağımı istəmişdi. O, mənim Macarıstanda doktorantura təhsili aldığımı bilirdi və müsahibə zamanı ilk sözündən biri mənim doktorantura təhsilimə heç bir maneə yaratmayacağı idi. Doktorantura dərəcəsində dərslər həftədə 1-2, maksimum isə 4-5 dəfə olur. Onların bəziləri əsas, bəziləri isə seçmə fənlərdir. Əsas fənlər həftədə, sadəcə bir dəfə olur və mən daha çox o dərslərdə iştirak edirəm. Digər dərsləri isə verdikləri ədəbiyyatlardan mənimsəyirəm, lakin o dərslər də mənim üçün çətin olmur, çünki ixtisasımla bağlı bilikləri həm bakalavr, həm də magistr müddətində tam mənimsəmişdim. Professorlar da işləyən tələbələrə tolerantlıq göstərirlər və problem yaratmırlar. Buna görə də, tələbə eyni anda həm işləyə, həm də oxuya bilir.
- Orada iş həyatı necədir, bizdən nə ilə fərqlənir?
- Demək olar ki, eynidir. Lakin Macarıstanda hər kəs 8 saat işləyir. 8 saatdan çox işlədikdə, həmin gün üçün onun kompensasiyası işçiyə ödənilir. Əsas fərqlərdən biri, hər bir işçinin şirkət tərəfindən sığortalanması və müəyyən ehtiyaclar - yemək və nəqliyyat üçün əlavə ödənişin verilməsidir. İşdən icazə almaq üçün direktorun və ya müdirin adına ərizə yazılmır, işçilər üçün şirkət daxilində hazırlanmış sistemdən xəbərdarlıq etməyiniz kifayət edir. Macarıstanda iş yerlərində ən önəmli məsələ işçinin sağlamlığıdır. Mənim işlədiyim şirkət, hətta işə gələn və ya gedən zaman belə, işçilərini sığortalayır. Əgər yolda işçi qəzaya uğrasa və ya sağlamlığına zərər gəlsə, onun bütün xərclərini şirkət qarşılayır, işə gəlmədiyi günlərin isə ödənişini edir. Şirkətlərin belə etməsinin səbəbi işçilərin başqa şirkətlərə üz tutmasının qarşısını almaqdır. Çünki bir şirkət üçün hazır kadrın getməsi böyük itki sayılır və onun yerinə gələn birinin öyrədilməsi uzun zaman aldığı üçün şirkətlər mövcud işçini qazanmağa çalışırlar.
- Maraqlıdır, macarların başqa ölkədən gələnlərə münasibəti necədir?
- Bu, şəxsin haradan gəlməsinə bağlıdır. Macarıstan hökuməti öz ərazisinə qanuni yollarla gələn hər kəsi qəbul edir, lakin onların qaldıqları yerə, fəaliyyətlərinə xüsusi diqqət ayırırlar. Macarlar arasında rasizm bəzən ən yüksək həddə çatır. Daha çox Afrika, Ərəb dövlətlərindən və az da olsa Asiyadan gələnlər rasizmlə qarşılaşırlar. Macarlar azərbaycanlıları çox sevirlər. Azərbaycanla Macarıstan arasındakı münasibətlər çox yaxşı olduğu üçün bizə qarşı əksəriyyətin münasibəti yaxşıdır. Macarlar arasında Azərbaycanı ziyarət edib, ölkəmizin aurasından ovsunlanmış şəxslər də var. Macar dostlarımızın bir çoxu Azərbaycan haqqında öyrənmək istəyir və bizə tez-tez suallar verirlər. Yeri gəlmişkən, çayımızı da çox sevirlər (gülür)
- Siz bir soydaşımız olaraq vətənimizi orada tanıtmaq üçün nələr edirsiniz?
- Təbii ki, həm magistr, həm doktorantura təhsilim müddətində Azərbaycan haqqında xüsusi təqdimatlar hazırlayırdım. 2016-cı ildə mədəniyyət günləri çərçivəsində Peç şəhərində Azərbaycan günü təşkil etmişdik. Milli rəqslərimizi və yeməklərimizi nümayiş etdirdik. Həmçinin akademik sahədə də fəaliyyət göstərirəm. Enerji siyasəti üzrə ixtisaslaşmışam. Yazdığım bütün məqalələrin xarici platformalarda yayımlanmasına çalışıram.
- Məqalələrdən danışmışkən, yazılarınızdan biri səhv etmirəmsə, "Natural Gas World" jurnalında yayımlanıb. Bilmək olar həmin yazıda nədən bəhs edibsiniz?
- Bəli, o məqalə də xarici mediada çap olunan yazılarımdandır. Məqalə Avropanın enerji siyasəti, TANAP, Azərbaycan və Türkiyənin bu istiqamətdə olan rolundan bəhs edir. Bu mövzu həm də doktorluq mövzumun bir hissəsidir.
- İran və Ermənistan münasibətlərindən bəhs edən bir kitabın da həmmüəllifisiniz.
- Bəli, AMEA-da çalışarkən İran və Ermənistan münasibətləri haqqında kitab yazmaq tapşırılmışdı. Kitabda 90-cı illərdən günümüzə qədər olan müddətdə bu ölkələr arasındakı münasibətlər təhlil olunur, inkişaf istiqamətləri müəyyənləşdirilir, Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsində İranın rolu analiz edilir. Bu sahədə səhv etmirəmsə, geniş şəkildə tərtib olunan ilk kitabdır.
- Xaricdə təhsil almaq istəyən gənclərə məsləhətiniz nələrdir?
- İlk məsləhətim motivasiyalarını daim yüksək həddə saxlamalarıdır. Bu gün mənim nail olduqlarım hansısa gənc üçün əlçatmaz deyil. Məndən də yaxşıları var, olub, olacaq, olmalıdır da. Bu mövzuda mənə müraciət edən hər kəsə köməklik etməyə çalışıram. Yaxşı olar ki, gənclər təhsil almaq istədikləri sahəni və ölkəni ciddi araşdırsınlar və məqsədyönlü addımlar atsınlar.