Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 20:42
Türkiyə Suriya məsələsində macəra axtarmır və ərazilərini genişləndirməyə çalışmır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, hazırda ölkə ərazisində 3,7 milyon suriyalı qaçqın var və Türkiyə yeni qaçqın axını ilə bacarmayacaq.
Ərdoğan qeyd edib ki, ölkənin sərhədində 1,5 milyon suriyalı qaçqın toplaşıb: "Biz Suriyada neft və ya ərazi axtarışında deyilik. İdlib məsələsi son dövrdə Türkiyənin əldə etdiyi bütün uğurlarını əlindən almaq cəhdi ilə yaradılıb. Bizi sıxışdırırlar və təhrik edirlər".
Dövlət başçısı bildirib ki, Türkiyə İdlibdə təhlükəsizlik zonası yaratmaq və bununla öz sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyir: "Suriyada baş verənlərin əsl məqsədi İdlib yox, Türkiyədir. Suriyada istədiklərinə nail olanlar silahlarını Türkiyəyə qarşı çevirəcəklər".
Ərdoğan vurğulayıb ki, Türkiyə ordusu İdlibə yerli əhalinin çağırışı ilə daxil olub: "Son məlumatlara əsasən, İdlibdə hava zərbələri nəticəsində ölən Türkiyə hərbçilərinin sayı 33-dən 36-ya çatıb".
Prezident əlavə edib ki, hava zərbələrinə cavab olaraq həyata keçirilən əməliyyatlar nəticəsində azı 2100 Suriya hökumət ordusunun üzvü zərərsizləşdirilib.
Ərdoğan xatırladıb ki, Ankara bir neçə ay əvvəl qaçqınlar üçün Avropaya keçidi açacağını bildirmişdi, lakin heç kim inanmamışdı: "Türkiyə sərhədləri açdı və fevralın 29-u səhər saatları üçün Avropaya 18 min qaçqın yola düşüb. Çox güman ki, bu rəqəm bu gün 25-30 minə çatacaq. Türkiyə qaçqınları sərhəddən buraxmağa davam edəcək".