Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sementin qiyməti yenə bahalaşdı: səbəb nədir? - FOTO

Sementin qiyməti yenə bahalaşdı: səbəb nədir? - FOTO

Tarix: 1 Mart 2020 14:20

Bakıda sementin qiyməti bahalaşıb.

Sonxeber.net bildirir ki, musavat.com-un əməkdaşı olaraq tikinti materiallarının satıldığı mağazalarda satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, ötən ilin də qış aylarında sementin qiymətində artım baş vermişdi. Yay aylarında ucuzlaşan sement, yenidən havaların soyumasından sonra bahalaşıb. Əslində, isti aylar tikinti üçün əlverişli hesab edilir. 

Bəs nə üçün Bakıda soyuq havalarda tikinti materialı bahalaşır, yay aylarında isə əksinə olaraq, ucuzlaşır?

Satıcılar bildirdilər ki, Bakıda və bölgələrdə xüsusilə qış aylarında tikinti işlərində aktivlik müşahidə edilir. Satıcılar bunu, Rusiya bazarlarında işləyən azərbaycanlıların qış aylarında evlərinə qayıdıb, təmir-tikinti işləri gördürmələri ilə əsaslandırdılar. Söylədilər ki, onlar qışda yaydan çox sement satırlar: "Qış aylarında  bazarlarda işləyənlər soyuq olduğu üçün al-ver edə bilmirlər. Ona görə də evlərinə qayıdıb, yayda qazandıqları pulu təmir-tikintiyə verirlər. Buna görə də sement və mişar daşı qış aylarında yaydan daha çox satılır.

Biz zavoddan neçəyə sement alırıqsa, üstünə bir neçə qəpik qoyub, satırıq. Bizim üstünə qoyduğumuz qəpik-quruş dəyişməyib. Qiymətlər zavodda bahalaşıb. Azərbaycanda da tikintidə daha çox istifadə edilən sement "Norm"dur. Hazırda bu sementin 300 markasının bir kisəsi 6 manat, (bəzi yerlərdə 5 manat 80 qəpik idi. 1 kisəyə 40 kiloqram sement gedir), 400 marka isə 6 manat 30 qəpikdir. Bu ilin yay aylarında 300 marka sementi 5 manat 30 qəpiyə, 400 markanı isə 6 manata satırdıq. Keçən ilin aprel, may və iyun aylarında "Norm" sementinin bir kisəsinin qiyməti 6 manat 80 qəpik və daha yüksək məbləğə satılırdı. 300 marka sement isə bundan təxminən 50-60 qəpik ucuz qiymətə idi". 

Öyrəndik ki, bölgələrdə hazırda sementin qiyməti 7 manat və daha yüksəkdir...

Əgər zavoddan birbaşa özün sement alırsansa qiymətlər mağazalardan yalnız 20-30 qəpik ucuz olur. Zavoddan alıb, sonra da ünvana gətirməyi də sifariş edirsənsə o zaman hər kisənin üstünə 10 qəpik də əlavə gəlirlər...

Ekspertlər bildirirlər ki, qiymətlərin bu qədər baha olması üçün əsas yoxdur. Çünki sementin hazırlanması üçün əsas xammal yerli istehsal hesabına başa gəlir. Tikintidə daha çox 300 marka, beton hazırlanmasında isə 400 marka sementdən istifadə olunur. Yəni sadə vətəndaşların tələbatı daha çox 300 marka sementədir. Tikintinin "çörəyi" kimi də adlandırılan sementin qiymətində artımın baş verməsi insanların narazılığına səbəb olub. Alıcılarla söhbət etdiyimiz zaman onlar bildirdilər ki, tikinti materiallarının qiymətində son zamanlar artım baş verir.

Alıcılar bildirdilər ki, təkcə sement deyil, eyni zamanda mişar daşının da qiyməti bahalaşıb. Öyrəndik ki, doğrudan da mişar daşının da qiymətində müəyyən qədər artım var. Belə ki, hazırda Qaradağ daşının qiyməti  50-55 qəpik arasında dəyişir. Bakı kəndlərindən gətirilən mişar daşının qiyməti isə 40 qəpikdir. 35 qəpiyə də daşlar var ki, onları ev tikintisində istifadə etmirlər. Çünki daşlar nahamar olduğu üçün həm sementi çox yeyir, həm də keyfiyyəti aşağıdır. 

Ekspetlər bildirirlər ki, hazırda dünyada və eyni zamanda qonşumuz İranda yayılan koronavirus səbəbindən bu ölkədən gətirilən tikinti materiallarının qiyməti yaxın aylarda bahalaşacaq. Ekspertlərin fikrincə virusun yayılması dayanarsa və sərhədlərdə vəziyyət əvvəlki halına qayıdarsa, qiymətlər yenidən əvvəlki kimi olacaq. 


Etiketlər:  Sementin qiyməti yenə bahalaşdı səbəb nədir FOTO


RƏYLƏR