Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öz kəndindəki məktəbdə işləməyi qarşısına məqsəd qoyan müəllim - Örnək - FOTO

Öz kəndindəki məktəbdə işləməyi qarşısına məqsəd qoyan müəllim - Örnək - FOTO

Tarix: 9 Mart 2020 20:46

Mehman Xudaverdizadə: "Öz hesabımıza bilet alıb, uşaqları imtahana yola salırdıq"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Ucqar kənd məktəbində təhsil alıb. Kəndlərdəki müəllim çatışmazlığı onu incidib və məhz öz məktəbində müəllim olmağı qarşısına məqsəd qoyub. Elə müəllim ki, öz çəkdiyi çətinlikləri şagirdlərinə göstərməsin, onları sevsin, qayğı göstərsin və istədikləri təhsili verə bilsin...

Müsahibimiz kənd müəllimi Mehman Xudaverdizadədir.

Mehman 1997-ci ildə anadan olub. 9 illik təhsil aldıqdan sonra Lənkəran Dövlət Humanitar Kollecində ibtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 2016-cı ildə kolleci bitirib və 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib. Müvafiq bal toplayaraq Lənkəran rayon Türkəncil kənd ümumi orta məktəbinə işə düzəlib. Artıq 3 ildir ki, həmin məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. 

"Niyə də öz kəndimizdən bir müəllim olmasın?"
 
Həmsöhbətimiz deyir ki, ona müəllimliyi ibtidai sinif müəllimi sevdirib. Kənddə müəllim az olduğu üçün yaşadığı kəndə yararlı olmaq istəyib və müəllim olmaq qərarına gəlib: "Bizim kənd ucqar dağ kəndi olduğu üçün müəllimlər burada işləməyə gəlmirdilər. Gələnlər də bir müddət işləyib gedirdilər. Demək olar ki, hər il müəllim dəyişirdi. Uşaqlar bir müəllimə alışmamış, digəri onu əvəzləyirdi. Mən də bu hissləri keçirdiyim üçün özümə söz verdim ki, müəllim olacağam. Niyə də öz kəndimizdən bir müəllim olmasın və burada qalıb işləməsin. Uşaqlarla işləməyi çox sevdiyim üçün arzuma çatdım və ibtidai sinif müəllimi oldum".

Peşəsinin sirlərindən danışan həmsöhbətimiz deyir ki, müəllimlik gözəlliyi ilə yanaşı, çətin və məsuliyyətlidir: "Müəllim səbirli, təmkinli və qayğıkeş olmalı, şagirdlərin xarakterini öyrənə bilməlidir. Çünki hər şagird fərqli tərbiyəni alır və fərqli evlərdən gəlir. Müəllim onlarla ünsiyyət qurmağı bacarmalıdır. İşini sevəndən sonra və heç bir sənət çətin deyil".
 
"Müəllim, siz də bir il işləyib gedəcəksiniz?"
 
Mehman müəllim özü ucqar kəndə yaşadığı üçün şərait ona çətin gəlmir. Onu ən çox incidən kənddəki internet problemləri və uşaqların onun da gedəcəyini düşünmələridir: "Dağ kəndi olduğu üçün internet problemləri çox olur. Dərsə aid hər hansı məlumatı internetdən götürmək üçün çətinlik çəkirik. Valideynlərlə də çalışıram internetlə əlaqə saxlayım. İnanıram ki, o da düzələcək. İlk dəfə dərs deməyə başlayanda mənə 3-cü sinif verilmişdi. Sinfə daxil oldum, salamlaşdıqdan sonra  şagirdlərin ilk sualı "müəllim, siz də bir il işləyib gedəcəksiniz?" oldu.  Həqiqətən çox pis təsir etdi. Çünki şagirdlər ildə bir müəllim görürlər. Ucqar yer olduğundan müəllimlər qalmır, uyğunlaşa bilmirlər. Onları inandırmağa çalışıram ki, sizlərlə qalıb kömək edəcəyəm". 

Müəllim deyir ki, hətta universitetə qəbul olsa da, uşaqlara verdiyi sözə görə, onları müəllimsiz qoyub getməyib: "Müəllimlərin işə qəbulu komissiyasında iştirak edəndən sonra atam mənə məsləhət gördü ki, şəhər məktəblərindən birini seçim. Dedim ki, uşaqlığımdan arzum öz məktəbimdə təhsil vermək olub və mən bunu istəmişəm. Burada qalıb işləyəcəyəm. 2018-ci ildə ali məktəbə də qəbul olundum, ancaq getmədim. Çünki şagirdlərimə söz vermişdim ki, qalıb işləyəcəyəm. Bundan peşman da deyiləm".

"Məktəbə rezin qaloşla gedirdik"
 
Mehman müəllim şagird kimi məktəbdə təhsil alarkən yaşadığı çətinliklərdən danışdı. Müəllimin sözlərinə görə, palçıq olduğu üçün onlar hər gün məktəbə rezin qaloşla gediblər: "Oxuduğum illərdə çətinliklərimiz çox olub. Biz məktəbə gedəndə evdən rezin qaloşla çıxırdıq. Sinif otaqları soyuq olurdu. Məktəbimizin binası köhnə olduğundan məktəb ləvazimatlarımız yox idi. Lakin şəhərdə oxuyarkən gördüm ki, hər bir ləvazimat, internet, kompyuter, bir məktəb üçün lazım olan hər şey var. Amma biz onlardan məhrum təhsil almışıq. Hazırda şagirdlərimin üzərində işləyirəm ki, dünyagörüşləri artsın. Yəni ən azı, hər şeydən məlumatları olsun. Əvvəllər valideynlər valideyn iclasına gəlmirdilər. Artıq bütün valideynlər özləri gəlib dərsdə oturur, dinləyirlər. Şagirdlər sıxılmırlar, rahat olurlar. Burada Novruz Bayramını, Yeni ili qeyd edirik".

"Şagirdlərimə öz maaşımla dəftər aldım"
 
Müəllimin sözlərinə görə, məktəbdə məktəbli forması problemi var. Çünki ailələrin maddi sıxıntıları olduğu üçün forma almaqda çətinlik çəkirlər: "Bizdə kənd yeri olduğu üçün valideynlərin maddi sıxıntısı olur deyə övladları üçün məktəbli formasını ala bilmirlər. Ona görə də şagirdlər müxtəlif geyimlərdə dərsə gəlirlər. Dərslərə aid kitablar, testlər almaq üçün çətinlikləri olur. Hətta, bir neçə dəfə özüm maaşımla şagirdlərimə lazım olan dəftər-kitabı almışdım. Bir gün şagirdlərimə test almağı tapşırdım. Əksəriyyəti almışdılar. Səhər dərsə gələndə şagirdlərdən biri mənə dedi ki, müəllim, bütün uşaqlara test almısınız, niyə mənə almırsınız? Pis oldum, çünki uşaq elə bilirdi ki, testləri mən almışam. Ondan sonra uşağa test aldım. Facebook-da müəllim yoldaşımla birlikdə xeyriyyə məqsədilə imkanı olmayanlara dəstək kampaniyası başlatdıq. Şagirdlər üçün dəftər, qələm, test vəsaitləri aldıq. Bacardığımız qədər kömək etməyə çalışdıq ki, şagirdlər heç nədən korluq çəkməsinlər. Bir şagirdim var idi, hər gün məktəbə köhnə və eyni kurtka ilə gəlirdi. Sonra maraqlandım ki, maddi imkanları həqiqətən zəifdir. Müəllim kollektivində söylədim ki, gəlin bacardığımız qədər kömək edək. Şükür ki, bu da alındı. Müəllim kimi şagirdlərə dəstək olmağa çalışırıq". 

"Öz hesabımıza bilet alıb oxuyan uşaqları imtahana yola salırdıq"

Qız uşaqlarının təhsilinə gəldikdə isə, müəllim deyir ki, ilk dərs dediyi vaxtlarda valideynlərin beynində fikir formalaşmışdı ki, qız uşağını oxutdurub şəhərə göndərmək olmaz: "Kənd yerində həm də iş cəhətdən problemlər var. Burada şagirdlər məktəbdən evə gedən kimi evdə işləməyə başlayırlar. Kənd yerində işlər çox olur deyə, valideynlər istəyirlər ki, şagirdlər onlara kömək etsinlər. İndi elə şeylər azalıb. Məktəbdə maarifləndirmə prosesi gedir. Məktəbimiz təzə olduğu üçün hər bir hər bir şərait var. Keçən il 3 qız şagirdimiz müxtəlif yerlərə qəbul olundular.  Artıq görürəm ki, yavaş-yavaş inkişaf var. Valideynlər əvvəllər iclaslara gəlməzdilər, hətta çəkinirdilər ki, iclasa gəlib müəllimlə nə söhbət edəcəyəm? Əvvəllər bizim məktəbdə demək olar ki, ali məktəblərə qəbul olan şagirdlər yox idi. Amma biz bu çətinlikləri artıq geridə qoymuşuq. İndi hamı qızlarının oxumasına daha çox maraq göstərir, oxutdururlar. Mənim öz sinfimdə bu il qız şagirdim məktəb üzrə sınaq imtahanında birinci yeri tutdu. Bizim məktəbdə fəal olan, yaxşı oxuyan qızlarımız çoxdur. Valideynlər onları imtahana göndərmirdilər. Bəlkə də imkansızlıq ucbatından idi... Biz müəllimlər öz hesabımıza bilet alıb oxuyan uşaqları imtahana yola salırdıq".

"Mehman müəllimdən Afərin!"

Həmsöhbətimizin maraqlı dərs keçmək metodu da var: "Mən uşaqları həvəsləndirmək üçün onlara smayliklər aldırmışam. Müxtəlif gülüş smayliklərini dəftərlərinə yapışdırıram. Onlar üçün möhür düzəltdirmişəm ki, orada "Mehman müəllimdən Afərin!" yazılıb. Bu cür həvəsləndirmə tədbirləri edərək, yaxşı nailiyyətlər əldə edirəm. Şagirdlər daha çox həvəslənirlər". 
 
"Valideynlərlə mütəmadi əlaqə saxlamaq lazımdır"

Gənc müəllim sonda vurğuladı ki, hər bir şagirdin ucalığı müəllimin ucaldığı deməkdir: "Müəllim öz üzərində işləməli və istədiklərini şagirdlər üzərində tətbiq etməyi bacarmalıdır. Şagirdlərlə ünsiyyət qurmağı, onların problemlərini dinləməyə, həll etməyə çalışmalıdır. Şagirdlərin nə istədiyini öyrənməlidir. Onun istədiyini ona vermək üçün müəllim əlindən gələni əsirgəməməlidir".


Etiketlər:  kəndindəki məktəbdə işləməyi qarşısına məqsəd qoyan müəllim Örnək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ