Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2019 08:32
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçirilir.
Trend-in məlumatına görə, imtahan Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 4 binada aparılacaq.
Hər iki imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. İmtahanlar 45 dəqiqə müddətində aparılır. İmtahanların nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Toplanıla biləcək maksimal bal 30-dur.
Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar. Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.
İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 1285 (368+917) nəfərdən 784 (220+564) nəfəri oğlan, 501 (148+353) nəfəri qızdır. 1156 (325+831) nəfər orta ümumtəhsil müəssisələrinin builki məzunu, 129 (43+86) nəfər isə əvvəlki illərin məzunlarıdır.
Ümumilikdə, Bakıda 1274, Naxçıvanda 1 abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 98 nəzarətçi-müəllim ayrılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin