Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 18:57
Bakı. Trend:
Yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, hazırda ölkə hüdudlarından kənarda olan abunəçilərinə xüsusi diqqətlə yanaşır. Belə ki, Azercell şirkəti hal-hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 AZN məbləğində pul vəsaiti yükləmişdir. Həmçinin mart ayının 17-dən etibarən mobil operator bütün müştəriləri üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (Təbib) "Qaynar xətt"inə (1542) zənglərin ödənişsiz olmasını təmin edib.
Qeyd edək ki, hazırda Azercell-in Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətləri də gücləndirilmiş iş rejimi ilə çalışır. Belə ki, şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, habelə Təbib-in "Qaynar xətt"i ilə əlaqə saxlanılması istiqamətində hər cür dəstək göstərməyə hazırdır. Xatırladaq ki, Azercell-in həm Fakturalı, həm də Fakturasız Xətt (Sim-Sim) abunəçiləri rominq zamanı tamamilə ödənişsiz olaraq *1111 qısa nömrəsi vasitəsilə mobil operatorun Telefon Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,5 milyondan artıq abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi:
99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.
Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.