Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 17:30
Rəsmi Bakı bir çox ölkələrlə diplomatik əlaqələrinin inkişafında, tərəqqisində maraqlıdır. Eyni zamanda, münasibət qurduğu ölkələrin, o cümlədən Serbiyanın da yürütdükləri xarici siyasət daim Azərbaycanın diqqət mərkəzindədir.
Sonxeber.net Trend-ə istinadən açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Serbiya Respublikasının Ermənistanla hərbi sahədə əməkdaşlığını şərh edərkən deyib.
Onun sözlərinə görə, əslində işğalçılığı bir sıra beynəlxalq mötəbər qurumlar tərəfindən tanınmış Ermənistanla hərbi sahədə əməkdaşlıq marağı bir sıra meyarlarla üst-üstə düşmür. Belə ki, bu, ilk növbədə rəsmi Belqradın beynəlxalq aləmdəki siyasi nüfuz dairəsinə ziyan vura bilər:
"Rəsmi Bakı nəinki əməkdaşlıq etdiyi digər dövlətlərin siyasətlərini izləyir - çünki bu gələcək siyasi münasibətlər kontekstində əhəmiyyətlidir - o cümlədən bir sıra dövlətlərin Ermənistanla münasibətlərini də xüsusi diqqətdə saxlayır. Bu baxımdan da hesab edirəm ki, əgər bu gün Serbiya işğalçı və təcavüzkar Ermənistanla əlaqələrini möhkəmləndirirsə, daha dəqiq desək, hərbi sahədə əməkdaşlığa meyllənirsə, bu ilk növbədə Serbiyanın Cənubi Qafqaz regionunda lider dövlət olan Azərbaycanla əməkdaşlıq əlaqələrinin ruhuna uyğun hesab edilə bilməz. Çünki Azərbaycan bir sıra ölkələrlə, o cümlədən Serbiya ilə iqtisadi, enerji və s. bir çox sahələrdə əməkdaşlıq edir. Əgər belədirsə, bu zaman Serbiya-Ermənistan hərbi əlaqələri bu əməkdaşlığa mənfi təsirlər göstərə bilər".
Siyasi ekspertə görə, bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində işğalçı ölkə bir sıra regional və beynəlxalq layihələrdən kənarda qalıb:
"Heç bir iqtisadi gücə malik olmayan bir ölkə ilə Serbiyanın əməkdaşlıq etməsi əslində bu Balkan ölkəsinə bir səmərə verə bilməz. Çünki Ermənistanın iqtisadi resursları tükənib, ölkənin rəhbərliyi xilas yolunu yalnız xarici ölkələrdən pənah ummaqda, diaspor vasitəsi dilənçilik pulu yığmaqda görür. Belə olan halda, Serbiyanın sözügedən məsələdə qəbul etdiyi qərarı həqiqətən də suallar doğurur. Düşünürəm ki, belə bir vəziyyətdə Azərbaycan Ermənistan-Serbiya hərbi əməkdaşlığından narahat olur. Çünki bu kimi həssas məsələdə mühüm məqamlar diqqətə alınmalı, Serbiya dövləti beynəlxalq siyasi dairələrdəki nüfuzuna da xələl gətirməməlidir".