Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 16:32
Nazirlər Kabineti koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı proseslərə çevik reaksiya verir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Nazirlər Kabinetinin koronavirusun təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi istiqamətində hazırlanacaq təkliflər paketini şərh edərkən bildirib.
Onun sözlərinə görə, hökumətin bu addımları təqdirəlayiqdir:
"Nəzərə alsaq ki, koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilir və sosial təcrid tətbiq olunur, sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi istiqamətində addımlar müsbət haldır. Hökumət bununla bağlı təkliflər paketi hazırlayır və bununla birlikdə sahibkarlara xüsusi dəstəyin genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, ölkədə tətbiq olunan sosial təcrid tədbirləri sahibkarların fəaliyyətinə təsirsiz ötüşmür. Xüsusən də ictimai iaşə, turizm və xidmət sahəsində fəaliyyət göstərən sahibkarların dövriyyələrində azalma müşahidə olunur. Məsələn, bir ay müddətinə toy mərasimlərinə qadağaların tətbiqi həm şadlıq saraylarının sahiblərinə, həm də orada çalışan işçilərin gəlirlərinə təsir göstərir. Bundan əlavə, məhdudiyyətlər turizm sahəsində fəaliyyət göstərən şirkətlərə də təsirsiz ötüşmür. Nazirlər Kabinetinin sözügedən iclasının məqsədi də sahibkarlara dəyən ziyanın minimumlaşdırılması və onlara dövlət dəstəyinin gücləndirilməsidir".
Deputat bildirib ki, bu kontekstdə bir neçə təkliflərin dəstək paketinə əlavə edilməsini təklif ediblər:
"Nəzərə alaq ki, bəzi vətəndaşlarımızın, eləcə də sahibkarların kredit öhdəlikləri var. Bu müddət ərzində onların dövriyyələri məhdudlaşdığı üçün kredit ödənişlərində müəyyən çətinliklər yarana bilər. Biz təklif edirik ki, Mərkəzi Bank kommersiya banklarına tövsiyə xarakterli məktub göndərsin. Təkliflərimizdən biri də odur ki, növbəti üç ay ərzində kredit ödənişlərinə güzəştlər edilməsi və yubanmalarla bağlı cərimələrin hesablanmaması tətbiq olunsun. Çünki koronavirusa görə vətəndaşlarımızın və sahibkarların dövriyyələrində müşahidə olunan azalma onların ödəmə qabiliyyətlərinə də təsir göstərir. Digər tərəfdən, onlayn ticarətin təşviq edilməsi üçün bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara dəstəyin gücləndirilməsinin tərəfdarıyıq. Koronavirus birbaşa ünsiyyəti yox, onlayn ünsiyyəti daha da aktuallaşdırır. Bu baxımdan, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da onlayn ticarətə vergi güzəştlərinin tətbiq edilməsi məqsədəuyğun olardı".
V.Bayramov vurğulayıb ki, güzəştli kreditlərə sahibkarların çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var:
"Xüsusən də rayonlarda çalışan sahibkarların girov təklifetmə ilə bağlı çətinlikləri var. Onlarla bağlı da güzəştlərinin tətbiq edilməsi məqsədəuyğun olar. Bizdə olan məlumata görə, Nazirlər Kabineti tərəfindən kompleks dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Müvafiq qurumlarla bununla bağlı müzakirələr davam edir. Nazirlər Kabinetinin bu addımı və son görüş bir daha təsdiq edir ki, Azərbaycan hökuməti sahibkarlarla bağlı dəstəyi genişləndirmək niyyətindədir. Koronavirusun sahibkarlıq fəaliyyətinə vurduğu ziyanların minimumlaşdırılması Azərbaycan hökumətinin diqqətindədir. Bu da hökumətin bu məsələdə sahibkarların yanında olduğunu bir daha təsdiq edir".