Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 15:28
Azərbaycan boksçularının Böyük Britaniyanın paytaxtı Londonda yarımçıq dayandırılmış Avropa Olimpiya Təsnifat Turnirindən Bakıya qayıdacağı vaxt bəlli olub.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, nümayəndə heyəti bu gecə Londondan birbaşa reyslə yola düşəcək və sabah səhər saatlarında Bakıda olacaq: "Həmişə olduğu kimi, idmançıları təlim-məşq toplanışlarına və yarışlara Gənclər və İdman Nazirliyi göndərir. Bu da Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərdən biri idi və boks yığmamız yarışa göndərildi. Hazırda baş verən proseslər və turnirin dondurulması hadisələrin gedişatını dəyişdi. Nazirliyimizin İdman şöbəsinin müdiri Fərid Mansurov da oradadır. Onunla mütəmadi əlaqə saxlayırıq. İdmançıların sağ-salamat Bakıya gəlmələri və onların sağlamlığının qorunması bizim üçün əsas məsələlərdən biridir. Heyət birbaşa reyslə qayıdacaq. Biletlər nazirlik tərəfindən alınıb və yarış vaxtından əvvəl dayandırıldığı üçün bizim tərəfimizdən dəyişdirilib. Onların qayıdışı öncədən London - İstanbul - Bakı reysi ilə nəzərdə tutulmuşdu. Məlum qərardan sonra biletlər London - Bakı reysinə dəyişdirildi".
Fərid Mansurov isə "Report"a açıqlamasında idmançıların sağlamlıqları ilə bağlı hər şeyin qaydasında olduğunu vurğulayıb.
Qeyd edək ki, martın 14-də start götürmüş Avropa Təsnifat Turniri martın 24-də yekunlaşmalı idi. Lakin yarış martın 16-dakoronavirusa görə dayandırılıb və may ayınadək təxirə salınıb.
Azərbaycan boksçularından 57 kq çəki dərəcəsində çıxış edən Tayfut Əliyev 1/8 finalda Litva təmsilçisi Edqaras Skurdelisdən üstün olub və Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.