Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 14:06
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işlərinə başlanılıb. Dezinfeksiya işləri şəhərdə iki istiqamət üzrə Kəpəz və Nizami rayonlarının ərazisində aparılır.
Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov Trend-ə bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə də müvafiq tədbirlər görülür:
"Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır. Bu işlər gündəlik olaraq həyata keçirilir. Dezinfeksiya işlər şəhərin küçə və prospektlərini, yaşayış massivlərini, park və xiyabanları əhatə edəcək.
Səhər saatlarından başlayaraq şəhərin küçə və prospektləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulub. Bununla yanaşı şəhərdə olan çoxmənzilli binalarda dezinfeksiya işləri aparılıb. İşlər xüsusi ayrılmış briqada tərəfindən 4 istiqamətdə həyata keçirilib. İşlərə Gəncə Şəhər MKTİB-in onlarla texnika və yüzə yaxın canlı qüvvəsi cəlb edilib".
Qeyd edək ki, gün ərzində Gəncənin Heydər Əliyev, Atatürk və Şah İsmayıl Xətai prospektlərindəki, habelə Cavad xan, Həsən Əliyev, Bahəddin, Keçid, Azərbaycan Bayrağı, Şeyxzamanov, Şahlar Hüseynov, Dədə Qorqud və digər küçələrdə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. Binaların girişləri, bloklar, liftlər xüsusi məhsulla dezinfeksiya edilir. Dezinfeksiya işləri şəhərdəki bütün çoxmənzilli binaları əhatə edəcək. İşlər mütəmadi olaraq davam etdiriləcək.