Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 12:58
“Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun müsahibəsi
- Koronavirus pandemiyasına görə aprelin 20-dək Azərbaycanda karantin rejimi elan olunub. “Keşlə”nin futbolçuları qaydalara necə riayət edirlər?
- Hamı kimi, bizim futbolçular da fiziki hazırlıq üzrə məşqçinin verdiyi təlimləri yerinə yetirir, fərdi hazırlaşırlar. Bir sözlə, rejimə tam əməl edirlər.
- Koronavirus bir çox sahəyə olduğu kimi, futbola da ciddi ziyan vurur. Buna görə dünyada bəzi klublar artıq futbolçuların maaşlarını azaltmağa başlayıblar. “Keşlə”də də belə bir məsələ gündəmə gəlibmi?
- Hələ bu məsələ müzakirə olunmur. Futbolçular martın maaşlarını tam alacaqlar. Gələcəkdə UEFA və AFFA nə qərar verəcəksə, biz də ona uyğun addım atacağıq.
- Bəs, futbolçular özləri necə, belə bir təşəbbüs irəli sürüblər?
- Onlar istəmədən oynamırlar ki... Bu, bütün dünyada gedən prosesdir. Hamı əməl etməlidir. Başqa dövlətlərə baxanda bizdə vəziyyət müsbətdir. Hamımız dövlətimizin atdığı addımlara riayət edirik ki, virus tezliklə bitsin. Futbolçular hələ ki məvaciblərini alırlar. Vaxtı çatanda maaşların azaldılması da müzakirə olunacaq. Bütün respublikada karantin rejimi aprelin 20-dəkdir. Ondan sonra atılan addımlara uyğun hərəkət edəcəyik.
- Çempionatın bərpası uzansa, futbolçulara əlavə pul ödəməli olacaqsınız. Bu, kluba mənfi təsir göstərməyəcək?
- Təbii ki, təsir edəcək. Amma biz UEFA-ya bağlıyıq. Bu qurum nə qərar versə, biz də ona riayət edəcəyik. Qitə futbol qurumu da hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini gözləyir.
- “Keşlə”də əksər futbolçuların müqavilələri mövsümün sonunda başa çatacaq. Həmin vaxt sözləşmə müddətinin bitdiyini əsas gətirərək, getmək istəyə bilərlər. Bu, məsələni necə tənzimləməyi düşünürsünüz?
- Ümidvaram ki, tezliklə bu bəladan qurtaracağıq. Bu mövzuda söhbətimiz olmayıb. Düşünürəm ki, vəziyyəti bir az da zamana buraxmaq lazımdır. Gözləyək, görək hər şey necə başa çatacaq. Bundan sonra yəqin ki, lazımi qərarlar qəbul olunacaq. Hamımız bunu gözləyirik.
- AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi klublarla mütəmadi əlaqə saxlayır, müzakirələr aparır. Çempionatın startı üçün hər hansı tarix deyilibmi?
- Xeyr, konkret vaxt yoxdur, gözləyirik. Fikrimcə, təhlükəsizlik tam təmin olunandan sonra çempionatı bərpa etmək olar. Hamımız futbol üçün darıxmışıq.
- Siz özünüz karantin rejiminə necə əməl edirsiniz?
- Tam ciddi riayət edirəm. Bu rejim sağlamlığımız üçün tətbiq olunur. Yalnız özünütəcrid şəraitində bu bəladan birlikdə xilas ola bilərik.
- Virusa yoluxmamaq üçün nə edirsiniz?
- Spirt, əlcək və maskadan istifadə edirəm. Qaydalar nə tələb edirsə, ona uyğun davranıram. Eyni zamanda şirkət rəhbəri kimi öz işimə gedib-gəlirəm.
- İşdən sonra qalan boş vaxtlarınızı necə keçirirsiniz?
- Boş vaxtımı televizor qarşısında keçirirəm. Gözəl telekanallarımız var. Ailəliklə maraqlı verilişləri izləyirik. İdman kanalları sağ olsun, maraqlı oyunlar göstərirlər, biz də baxırıq. Arada kitab da oxuyuram. Bir sözlə, yalnız evdə oluram.
- Karantin dövründə ölkəsinə getmək üçün sizə müraciət edən legioner futbolçular, futzalçılar olubmu?
- Yox, elə bir futbolçu, futzalçı olmayıb. Hamısı karantin rejiminə ciddi əməl edir Hazırda Azərbaycan koronavirusla mübarizədə öncül ölkələrdən biridir. Legionerlər də burada özlərini rahat hiss edirlər.
- Komandanızda virusa görə karantin altına alınan oyunçu var?
- Xeyr, nə legionerlər, nə də yerli futbolçulardan bununla bağlı bizə müraciət edən olub. Hamısı peşəkardır, bilirlər ki, karantin rejiminə uyğun hərəkət etsələr, həm özlərini, həm də yaxınlarını qorumuş olarlar.
- Koronavirusla Mübarizəyə Yardım Fonduna ianə etmisiniz?
- Bəli, yardım olunub. Rəhbərlik etdiyim “Səmayə” şirkəti tərəfindən Fonda 50 min manat köçürülüb. Yaxın günlərdə, “Keşlə” klubu olaraq, yerləşdiyimiz ərazidəki 200-dək imkansız ailəyə yardım etməyə hazırlışırıq. Bakının Nizami rayonunun İcra Hakimiyyətinin nümayəndələri və klubumuzun üzvləri ilə birlikdə bu aksiyanı həyata keçirəcəyik (Report).