Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 20:16
Bakkı. Trend:
Koronavirus (COVID-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planının icrasını təmin etmək məqsədilə koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu gün, aprelin 9-da Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ilkin sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 698 vergi ödəyicisinə 1 mln. 728 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 533 fərdi (mikro) sahibkara isə 637 min manat vəsait onların müvafiq bank hesablarına köçürülüb.
Tədbirlər Planına uyğun olaraq sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin ödənilməsi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdiriləcəkdir. Həmin sifarişlər pandemiya nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq Maliyyə Nazirliyinə təqdim olunur.