Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 10:30
Azərbaycanda bu günə qədər səhiyyə sistemində aparılan quruculuq və yenidənqurma işləri koronavirusa qarşı effektiv mübarizə aparılmasında mühüm rol oynayır.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, ölkəmizdə bütün sahələrə olduğu kimi, səhiyyə sahəsinə də böyük diqqət və qayğı göstərilib: "Cənab Prezident İlham Əliyev səhiyyə sisteminin inkişafını, müasirləşdirilməsini daim diqqətdə saxlayıb. Həm paytaxt Bakıda, həm də bütün regionlarımızda müasir tibbi avadanlıqlar və ləvazimatlarla təchiz edilmiş, peşəkar həkimlərimizin çalışdığı tibb ocaqları fəaliyyət göstərir. Bu günə qədər Azərbaycanda 750-dən artıq xəstəxana tikilib və ya təmir olunub".
A.Həsənova vurğulayıb ki, koronavirusla mübarizə dönəmində səhiyyə sahəsində görülən işlər özünü aydın şəkildə biruzə verdi: "Koronavirus xəstələrinin effektiv müalicəsi üçün dərhal müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalar ayrıldı. Bu gün koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Eyni zamanda 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və "Yeni klinika" adlanan xəstəxananın da açılışı baş tutdu və bu xəstəxana da koronavirusla mübarizəyə qoşuldu.
Lakin dövlətimiz bu işlərlə kifayətlənmir. Daim insanların sağlamlığını diqqət mərkəzində saxlayan cənab Prezident infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması ilə bağlı sərəncam imzaladı. Bu cür xəstəxanalardan 4-ü isə özəl sahibkarların dəstəyi ilə tikiləcək. Bütün bu işlər koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər baxımından mühüm əhəmiyyətə malikdir".
A.Həsənova əlavə edib ki, ölkəmizdə koronavirusla mübarizədə görülən ən mühüm tədbirlərdən biri də aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı oldu:
"Bildiyiniz kimi koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. Hətta dünyanın ən inkişaf etmiş ölkələri belə bu problemi həll etməkdə çətinlik çəkirlər. Lakin Azərbaycanın iqtisadi qüdrəti, sənaye infrastrukturu qısa bir müddətdə ölkəmizdə belə bir müəssisənin yaradılmasına imkan verdi və ölkəmiz bu problemin də öhdəsindən uğurla gəlməyi bacardı. Bu müəssisənin yaradılması bugünkü tələbatı ödəməklə yanaşı, gələcəkdə də tibbi maska idxalından asılılığı aradan qaldıracaq".