Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 22:15
"Gənclərə deyirəm ki, pul düşünməyin. Əsas sənəti fikirləşin. Dünyaya çıxmaq lazımdır. Pul yaşamı, məşqi, ruhu əlinizdən alır. Bir ölümü, bir də ruzini bilmərsən hardan gəlir. İlk başlayanda 11 il kirayədə yaşadım. 28 min dollar faizlə borcum var idi, amma nağaranı qaldırmağa çalışdım. Deyirlər, dayısı, əmisi arxasında dayanıb. Yox, heç kim olmayıb arxamda".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov müğənni Roza Zərgərlinin "Bakı vaxtı ilə" verilişində deyib. Nağara ifaçısı gənclərə səslənib.
N.Şirinov daha sonra ailəsindən danışıb. O bildirib ki, həyat yoldaşı onu heç vaxt qısqanmayıb:
"Tanınmağım ailə qurandan sonra başladı. Bu günə gəlib çatmağımda göydə Allah, yerdə xanım səbəb olub. Ailə gözəl olanda ritm də gözəl olur. "Sevgilim" mahnısını da ona həsr etmişəm. Ona nə həsr etsəm azdır. Düzdür, problemsiz ailə olmur. Bizdə də qırğın, küsmək, ağlamaq da olur. Hamısı sevginin başında dayanır.
Ailə gözəl olanda, kişi-qadın bir-birini qoruyanda gözəl olur. Hər şey inamdan başlayır. Xanıma təşəkkür edirəm ki, məni qısqanmadı. Qısqanclıq evlər dağıdır. Hər zaman mənə dəstək oldu. Musiqi aləmi elədir ki, deyirlər, bu niyə öpdü, qucaqladı, gül verdi... Nağara qalır bir kənarda, evdə qırğın gedir. Təşəkkür edirəm ki, xanımım bunu mənə yaşatmadı. Özünü idarə etməyi bacarmalısan. Birinci özünü, sonra ailəni idarə etməlisən".