Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 15:18
"Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə görülən tədbirlər vergi ödəyicilərində sabahkı günə inam yaratdı, bu çətin vəziyyətdə tək olmadıqlarını, dövlətin onlara dəstək olduğunu hiss etdirdi".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Mirheydərov deyib.
O qeyd edib ki, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlərin aparılması, əmək müqavilələrinin sayında azalma deyil, əksinə, artım olması, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi və təqribən 300 min fərdi sahibkara dəstək verilməsi Azərbaycanın pandemiyadan daha az zərərlə çıxmasına şərait yaradacaq:
"Digər dövlətlərdən fərqli olaraq, dövlət başçısı pandemiyanın ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün vaxtında lazımi tədbirləri görüb. Bunlardan karantin dövründə əmək müqavilələrin xitam verilməsinə moratorium elan edilməsi, sonradan isə həmin işçilərin əmək haqqlarının vergi ödəyicilərinə kompensasiya edilməsini göstərmək olar. Həmçinin mikrobiznes qrupundan olan fərdi sahibkarların gəlirlərinin kompensasiya edilməsi də bura daxildir".
Ekspert bildirib ki, bu məqamda pandemiyadan zərər çəkməyən və ya nisbətən az zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri üzərlərinə düşən məsuliyyəti dərk etməli, vergi öhdəliklərini vaxtında və tam yerinə yetirməlidir:
"Biznes üçün çətin zamanda hamımız bir-birimizə dəstək olmağı üstün tutmalıyıq. Bəzi vergi ödəyiciləri dövlətin dəstəyinin alınması üçün müraciət etmir ki, həmin yardım daha ağır vəziyyətdə olan vergi ödəyicilərinə çatdırılsın. Bu, təqdirəlayiq haldır. Üzərimizə düşən vəzifələrimizi yerinə yetirməklə, biz bu çətin vəziyyətdən çıxa bilərik".