Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA: Ramazanda balanslı və sağlam qidalanmaq vacibdir

AQTA: Ramazanda balanslı və sağlam qidalanmaq vacibdir

Tarix: 25 Aprel 2020 16:06

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ramazan ayında düzgün qidalanma ilə bağlı məlumat paylaşıb.

AQTA-dan Trend-ə verilən məlumata görə, Ramazan ayında düzgün qidalanma qaydalarına daha çox diqqət etmək lazımdır. Balanslı və keyfiyyətli qidalanmaq vacibdir. Yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluğu hiss etmiş oluruq. Bu səbəbdən imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Mütəxəssislər hesab edirlər ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. Belə qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir.

Nəinki ramazan ayının imsakında, adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Əgər imsakda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq. Özümüzü yorğun və halsız hiss etmərik. Mütəxəssislər imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində yumurta olan səhər yeməyinə qatıq, yulaf və çia toxumu əlavə edilərsə, toxluq hissi daha uzunmüddətli ola bilər.

Həzm sisteminin fəaliyyəti pozulduqda qəbizlik, şişkinlik, qarında qaz problemləri müşahidə oluna bilər. Bu halda bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı və daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.

Orucu ilıq su ilə açmaq lazımdır. 1-2 stəkan su içdikdən sonra zeytun, xurma, tərəvəz salatı və göy-göyərti yemək daha uyğundur. 15-20 dəqiqə fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Qəbul olunan qidalar yaxşı çeynənməlidir ki, həzmdə problem yaranmasın. Normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir. Mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəklərinin, qızartmaların, tərkibində sous olan kalorili yeməklərin ramazan ayı boyunca iftar süfrələrində yer almaması tövsiyə olunur.

Acılı, müxtəlif ədviyyatlı qidaların, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil. 1-2 dilimdən çox çörək yemək məsləhət görülmür. Yeməklərdən dərhal sonra şirniyyat qəbulu artıq çəkiyə səbəb olur. Şirniyyat, adətən, yeməkdən 1-2 saat sonra qəbul edilməlidir. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat daha məqbuldur. İftarla imsak arası bol miqdarda su içilməsi tövsiyə edilir. İftardan sonra bağırsağın aktiv fəaliyyəti, qəbul edilmiş qidaların yaxşı həzm olunması üçün piyada gəzmək şərtdir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.

AQTA: Ramazanda balanslı və sağlam qidalanmaq vacibdir - Gallery Image


Etiketlər:  AQTA Ramazanda balanslı sağlam qidalanmaq vacibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ