Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İstedadını həvəssizliyi ilə öldürən işçilərə heyfim gəlir'' - Gör-götür - FOTO

''İstedadını həvəssizliyi ilə öldürən işçilərə heyfim gəlir'' - Gör-götür - FOTO

Tarix: 26 Aprel 2020 22:26

"Coca-Cola"da maliyyə direktoru vəzifəsində çalışan həmyerlimiz Əjdər Salahov: "Mülayim müdir obrazında olmuşam və belə də davam etmək istəyirəm"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Eyni şirkətdə çalışmaqla bağlı danışanda hər kəs müəyyən bir limitli müddət səsləndirir. Adətən 2-3 il eyni şirkətdə çalışmağın kifayət olduğunu deyirlər. O isə 13 ildir eyni şirkətdə çalışır və yanaşması fərqlidir. "Tez-tez şirkət dəyişdirəndə, rəhbərliyə səni tanımaq fürsəti də vermirsən" deyən müsahibimiz Tacikistanda "Coca-Cola" şirkətinin maliyyə direktoru vəzifəsində çalışan həmyerlimiz Əjdər Salahovdur.

Ə.Salahov Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində həm bakalavr, həm də magistr təhsili alıb.

- "Linkedin" profilinizdə çalışdığınız şirkət olaraq yalnız "Coca-Cola"qeyd olunub. Maraqlıdır, karyeranızda işlədiyiniz şirkət yalnız "Coca-Cola"dır?

- Yox, magistr təhsili aldığım dönəmdə il yarım bankda işləmişdim. Təhsili başa vurub hərbi xidmətə getdim, qayıtdıqdan sonra "Coca-Cola"da işə başladım. Bir ay sonra bu şirkətdə çalışmağımın 13 ili tamam olacaq.

- Maraqlıdır, niyə hərbi xidmətdən qayıtdıqdan sonra bank sektorunda davam etmədiniz?

- Bank sektoru maliyyə və mühasibatda çalışanlar üçün çoxda geniş sahə deyil və bu cəhətdən mənə maraqsız gəldi. O sahədə qalmadığıma peşman deyiləm. Mən istehsalat olan şirkətdə çalışmaq istəyirdim.

- İstehsalat olan sahənin maliyyə şöbəsində çalışan əməkdaş üçün marağı nədən ibarətdir?

- İstehsalat sahəsi maliyyə və mühasibatlıq işçiləri üçün çox maraqlı olur. Daha çox hesablarla işləyirsən və daha fərqli hesabatlar aparırsan. Ona görə istehsalat sahəsində fəaliyyət göstərən şirkətdə çalışmaq daha çox zövq verir. Bunu maliyyə və mühasibatlıq sahəsində çalışan şəxslər də təsdiqləyə bilərlər.

- "Coca-Cola"da hansı vəzifə ilə işə başladınız və şirkətdə irəliləmə prosesi necə getdi?

- İlk olaraq satış mühasibatlığı şöbəsində satış mühasibi kimi işə başladım. Bir il sonra şöbənin müdiri oldum. Üç il sonra maliyyə şöbəsinə maliyyə supervayzeri olaraq keçdim. 2 il sonra - 2013-cü ildə isə kommersiya üzrə maliyyə müdiri vəzifəsinə təyin olundum. 2019-cu ildə də "Coca-Cola" Tacikistana maliyyə direktoru olmaq təklif edildi, mən də qəbul etdim.

- İşə başladıqdan bir il sonra çalışdığınız şöbənin müdiri təyin olunmusunuz. Bir il təcrübəsi olan kadr şöbə müdiri olmaq məsuliyyətini üzərinə götürməklə bağlı tərəddüd etmədi?

- İşə yeni başlayanda, ilk olaraq öz görəcəyim işləri öyrəndim. Bir müddət sonra müdir öz işlərini mənə də öyrətməyə başladı. Çünki o olmayanda, işlərini görəcək birinə ehtiyacı var idi. Bu zaman harasa gedəndə, arxayın olurdu, bilirdi ki, işdə problem yaranmaz. Beləcə, müdirin işlərini görməyi öyrəndim. Elə oldu ki, bir müddət sonra müdirimizi başqa şöbəyə keçirdilər, onun yerinə isə məni təklif etdilər. Düzü, özümü psixoloji olaraq hazır hesab etmirdim, məsuliyyəti üzərimə götürməyə bir az çəkinirdim. Ancaq təklif var idi və risk etməliydim. Riski gözə aldım və məncə, alındı.

- Bəzən müdir öz işini müavinə, yaxud hansısa əməkdaşa öyrədəndə işçilərin reaksiyası yaxşı olmur. Deyirlər ki, bizdən istifadə edir, yükləyir. Siz belə düşünmürdünüz?

- Bunu öz rahatlığı üçün etdiyini bilirdim. Ancaq gənc, inadkar və ambisiyalı bir kadr üçün öyrənmək, yeni nailiyyətlər qazanmaq cəhətdən yaxşı fürsət idi. Bilirdim ki, yeni vakansiyalar olanda, öyrəndiklərim mənə çox kömək edəcək. Həvəsliydim, öyrənirdim və işin çoxluğundan da qaçmamışam. Nə qədər iş olsa, yükləyirdilər, öhdəsindən gəlirdim.

- Tələbə vaxtı özünüzü necə yetişdirmişdiniz, inkişaf etdirmişdiniz ki, iş mühitində irəliləmək sizin üçün çətin olmadı?

- Universitetdə çalışqan tələbələrdən olmuşam. Magistrı qırmızı diplomla bitirdim. Riyaziyyatdan güclü idim. Olimpiadalarda iştirak edirdim, qalib gəlirdim. Məktəbdə də, universitetdə də seçilmişəm. Ona görə işdə də seçilməyim mənim üçün qeyri-adi olmadı. 

- 13 il eyni şirkətdə çalışmağınıza gələk. Bir çox kadrlar karyerada irəliləmək, inkişaf deyəndə şirkəti, işi dəyişməyi nəzərdə tuturlar. Sizin yanaşmanız yəqin ki fərqlidir...

- Eyni şirkətdə çalışmaq cəhətdən 13 il az müddət deyil. Bəli, fikrim əslində burdan da bəllidir (Gülür). Uğur qazana biləcək bir kadr, eyni şirkətdə qalsa, daha uğurlu ola bilər. Çünki şirkətdə onu tanıyırlar, dəyərləndirirlər. Amma tez-tez şirkət dəyişdirəndə, rəhbərliyə səni tanımaq fürsəti də vermirsən. 1-2 il işləyirsən, bir az tanıyırlar, səninlə bağlı nə isə qərar verməyə hazırlaşanda, başqa şirkətə keçirsən. Sonra da həmin şirkətdə tanıma müddəti olur. Təbii ki belə dəyişiklik edib uğur qazanan kadr da çoxdur, bunu inkar etmirəm. Amma məncə, eyni yerdə qaldığında uğur qazanmaq imkanı daha çox olur. "Coca-Cola"nın təkcə Azərbaycan deyil, digər ölkələrdə də şirkət daxilində yaxşı uğur qazanmış çox kadrı var.

- Eyni şirkətdə çalışmaqla bağlı deyirlər ki, eynilik olur. İnsan eyni işi nə qədər edər, eyni üzləri nə qədər görər və s.

- Hansı şirkətdə və hansı işdə çalışmağına baxır. İş rutin olsaydı və başqa tip şirkətdə çalışsaydım, yəqin ki mən də uzun müddət eyni şirkətdə qalmazdım. İşimin rutin olmaması üçün mühasibatlıqda qalmadım və şöbəmi dəyişdim. Maliyyə şöbəsində hər gün fərqli iş görürsən. Bizim işdə fərqlilik çoxdur, çünki istehsalat sahəsidir. Şirkətdə eyniliyə, eyni üzlərə gəlincə isə, "Coca-Cola" kimi şirkətdə belə problem də olmur. O qədər fərqli insanlarla ünsiyyət qururuq ki, mən davamlı olaraq eyni üzü görmürəm. Eyni zamanda, biz təkcə Azərbaycandakı əməkdaşlarla işləmirik, həm də digər ölkələrdəki "Coca-Cola"nın əməkdaşları ilə əlaqə yaradırıq, video görüşlər və ya səfərlər olur. "Coca-Cola"da belədir ki, hər 3 ildən bir müdir dəyişir, yenisi gəlir, yeni taktika, fərqli iş üsulu olur deyə, rutinlik qalmır, darıxdırıcı olmur.

Mən demirəm ki, rutin işlər pisdir və s. İnsan var ki, rutin iş ona daha uyğundur, o işlərdə daha xoşbəxt olur. Məndə isə xasiyyət fərqlidir, dəyişiklik sevirəm. İşimdə rutinlik hiss edən kimi yeni bir layihə götürüb üzərində işləyirəm. Yoxsa darıxıram.

- Sizə bir ildən sonra müdir vəzifəsini həvalə ediblər. Maraqlıdır, özünüz bir ildir işə başlayan bir kadrı rəhbər vəzifəyə təyin etməyə risk edərsiniz?

- Mən "Coca-Cola"da iş müsahibəsinə gedəndə, İnsan Resursları şöbəsinin müdiri olan xanım dedi ki, bizdə şirkət özünü göstərə bilən işçini irəli çəkir. Bu fikir xoşuma gəldi. O vaxt hərbi xidmətdən yeni dönmüşdüm, bir çox şirkətə CV göndərmişdim və çağıran çox olurdu. "Coca-Cola"nı xanımın o sözünə görə seçdim. Dedim ki, sizin o sözünüzə inanıram, özümü göstərəcəm. İşlədikcə gördüm ki, özünü göstərən kadrları irəli çəkirlər. İndi mən də gələn gənc kadrlara o şəraiti yaradıram. Bacarığı, məsuliyyətli, işini yaxşı səviyyədə görən birini önə çəkirik ki, şirkətimizin gələcəyini qursun. Əsas odur ki, kadr özünü göstərməyi bacarsın.

- Əvvəl müdirin dediyi qanun idisə, müdir işçinin üstünə qışqırmağı normal qəbul edilirdisə, indi yanaşmalar dəyişir. Bu vəzifənin icrasında zamanla sizin üçün dəyişən nə isə oldumu?

- "Coca-Cola"da rəhbər şəxslərin işçilərə münasibəti həmişə fərqli olub. Qışqırmaq kimi hallarla rastlaşmamışam. Əksinə işçiləri yönləndiriblər, tövsiyə veriblər. Müdir həmişə haqlı ola bilməz. Əməkdaşlar elə fikirlər səsləndirirlər ki, müdirin dediyi ilə müqayisədə daha ağlabatan ola bilir. "Coca-Cola"da qalmağımın səbəblərindən biri də bu idi. Burda sistem fərqlidir. İşçinin fikirləri, təklifləri dəyərləndirilir. 

Mənə gəlincə, həmişə işçilərlə dost olmağa çalışmışam. Doğru yolu göstərmək istəmişəm. Sərt müdir obrazında olmamışam. İşçilər dost, yoldaş kimi baxıblar. Problem olanda, nəinki öz şöbəm, başqa şöbələrin də əməkdaşları mənə yaxınlaşıb çətinliklərini söyləyirlər. Mülayim müdir obrazında olmuşam və belə də davam etmək istəyirəm.

- İşçidə sevmədiyiniz xüsusiyyət hansıdır? Çox vaxt məsuliyyəti deyirlər, biz bundan başqa nüanslara da baxaq.

- İşinə qarşı həvəsinin, istəyinin olmaması. Baxırsan ki, istedadlıdır, amma həvəsi yoxdur. İstedadını həvəssizliyi ilə öldürən işçilərə heyfim gəlir. Elə işçiləri çox görmüşəm. Söhbət etməyə, onları başa salmağa çalışmışam. Bunu dəyərlədirənləri də olub, eyni cür davam edənləri də. Kadr iş görməyə həvəs göstərməyəndə, nə qədər istedadı olsa da, sonda nəticə əldə etmək olmur. Həvəsi olan, ambisiyalı, inadkar şəxsləri dəyərləndirirəm. Çünki sonda onlar nəyəsə nail olurlar. Nəyisə əldə etmək üçün istək oldusa, insan hər şeyi bacarır.

- Yaxşı şahmat oyanmağınız da var, bir az da bundan danışaq. Bu, yalnız hobbinizdir?

- 3 yaşım olandan şahmat oynamağa başlamışam. Professional şəkildə məşğul olurdum. Dərəcəm də var idi. Mən Zəngilan rayonundanam. Rayon üzrə çempion olmuşdum. Məlum səbəblərə görə 1993-cü ildə Bakıya gəldik, şahmatı buraxası oldum, hobbi kimi davam etdim. Professional məşğul olmaq istəyirdim, amma çox heyf ki alınmadı. Ancaq indi də güclü oynayıram. Şahmat belədir ki, çox adam oynaya bilər, amma hər kəs güclü oynaya bilməz. Olur ki yaxşı tanınmadığın bir yerdə hər kəsin güclü bildiyi biri ilə oynayıb qalib gəlirsən, bu zaman sənə qarşı olan fikirlər dərhal dəyişir və təbii ki digərlərindən seçilirsən. Bu, çox xoş hissdir.


Etiketlər:  İstedadını həvəssizliyi ilə öldürən işçilərə heyfim gəlir Gör götür FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ