Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq agentlik: Çernobıldakı yanğın radiasiya təhlükəsi yaratmır

Beynəlxalq agentlik: Çernobıldakı yanğın radiasiya təhlükəsi yaratmır

Tarix: 27 Aprel 2020 07:48

Bakı. Trend:

Çernobıl AES-in təcrid zonasının yaxınlığında baş vermiş son yanğınlar havada artan radioaktiv hissəcikləri təhlükəli səviyyəyə çatdırmayıb.

Trend-in məlumatına görə, bu barədə Atom Enerjisı üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat yayıb.

AEBA-nın ekspertləri öz qənaətlərində Ukrayna tərəfinin təqdim etdiyi məlumatlara söykənirlər. Məlumatda radiasiya səviyyəsinin bir qədər artması göstərilsə də, onun insan sağlamlığı üçün təhlükə yaratmadığı bildirilir.

“Bundan əlavə, yanğın yerindən uzaqlaşdıqca, radiasiyanın səviyyəsi aşağı düşür”, - deyə AEBA-nın Fövqəladə Hallar üzrə Mərkəzinin rəhbəri Elena Buqlova qeyd edib. O, Çernobılda yanğın başladığı andan Ukrayna hökuməti ilə əlaqədə olub. Kiyev təşkilata üzv ölkələrlə oxşar hadisələr barədə məlumat mübadiləsi aparmaq üçün AEBA tərəfindən yaradılmış xüsusi sayta mütəmadi olaraq informasiya yükləyib.

Ukrayna hökuməti yanğının təcrid zonasında işlənmiş nüvə yanacağı anbarına çatmadığını, buna görə də həmin müəssisənin əməkdaşlarının müdafiəsi üçün əlavə tədbirlərin görülməsinə və ya onların təxliyə edilməsinə ehtiyac olmadığını bildirib.

Ukrayna ərazisində radiasiyanın səviyyəsi bütün ölkə ərazisində və iyirmi il əvvəl sonuncu reaktorun bağlandığı Çernobıl AES ətrafında yerləşdirilmiş xüsusi stansiyalar şəbəkəsi vasitəsi ilə izlənilir.

Təxminən üç həftə əvvəl başlayan yanğın geniş əraziləri əhatə edib. 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra ətraf zonanın çirklənməsi səbəbindən bu yanğın radiasiyanın bir qədər artmasına gətirib çıxarıb. Bununla yanaşı, AEBA havada radioaktiv materialların konsentrasiyasının Ukrayna tərəfinin müəyyən etdiyi təhlükəsizlik normalarını aşmadığını təsdiqləyib.

Ukraynanın müvafiq xidmət orqanları vəziyyəti izləməkdə davam edirlər.


Etiketlər:  Beynəlxalq agentlik Çernobıldakı yanğın radiasiya təhlükəsi yaratmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ