Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: ''Virusun yeni dalğasına yol verməmək üçün...''

Xalq artisti: ''Virusun yeni dalğasına yol verməmək üçün...''

Tarix: 1 May 2020 10:48

Sözlərimə müdrik bir kəlamla başlamaq istərdim. Adətən, mübarizədə güclülər deyil, ağıllılar, yəni, tədbirlilər qalib gəlirlər. Bu gün dünya ölkələri ilə müqayisədə Azərbaycanın təcrübəsi nümunə göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində vaxtında atılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verib. Məhz dövlətimizin başçısının verdiyi qəti qərarlar sayəsində bu bəladan çox az itki və zərərlə çıxa bilmişik.

Sonxeber.net bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış aktyor, xalq artisti Yasin Qarayev söyləyib.

Xalq artisti bildirib ki, dünyanı lərzəyə salan koronavirus pandemiyası 200-dən çox ölkədə yayılıb və tüğyan edir. Amansız və çarəsi hələ də tapılmayan xəstəlik səbəbindən insanlar həyatlarını itirirlər. Bir sözlə, planetimizdə minlərlə insan pandemiyanın qurbanı olub. Acınacaqlısı da odur ki, koronavirus sərhəd tanımır, yaş bilmir. Lakin şükürlər olsun ki, bu xəstəlikdən sağalanların da sayı az deyil.

Yasin Qarayev bildirib: "Biz tarixin səhifələrini vərəqlədikcə milyonlarla insanın ölümünə səbəb olan bu qəbildən epidemiyaların zaman-zaman baş verdiyini görürük. Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri, filosof, mütəfəkkir alim İbn Sinanın dövründə də müalicəsi müşkül olan epidemiyalar olub. İbn Sina vaxtilə "qara ölüm" adlanan tauna qarşı mübarizədə şəxsi gigiyena və özünütəcrid metodundan məharətlə istifadə edib. Məhz onun tövsiyələri sayəsində dəhşətli taun xəsətliyinə qalib gəlmək mümkün olub. İbn Sina əlləri mütamadi olaraq yaxşıca yumağı və sirkə ilə dezinfeksiya etməyi məsləhət görərək, insanları kütləvi toplantılara yol verməməyə, evdə qalmaqla dəhşətli xəstəliyə qalib gəlməyə çağırıb. Müasir dövrümüzdə də bu qaydalar keçərlidir. Hazırda bizdən səbir, təmkin tələb olunur. Bu, həm özümüz, həm də cəmiyyətimiz üçün vacibdir. Napoleon Bonapart da dediyi kimi, insan öz səbir və dözümü ilə tauna da qalib gələ bilər".

Tanınmış kino və teatr aktyoru qorxulu və insana haradan zərbə vuracağı bilinməyən xəstəliklə mübarizədə soyuqqanlı olmalı, dövlətimizin, Operativ Qərargahın tələblərini yerinə yetirməyə hər birimizin borclu olduğunu xatırladıb. O deyib: "Düşünürəm ki, koronavirus pandemiyasının yeni dalğasına yol verməmək üçün vətəndaş məsuliyyətimizi dərk etməli, karantin rejiminin qaydalarına riayət etməliyik. Vətəndaşlar şəxsi gigiyena, özünütəcrid qaydalarına əməl etməli, kütləvi şəkildə toplaşmalardan mümkün qədər yayınmalı, məsafə saxlamalıdırlar. Bəzi insanlar bu xəstəliyə barmaqarası baxır, məsuliyyəti dərk etmirlər. Bu, yolverilməzdir. Hadisələrə sağlam düşüncə və təfəkkür ilə yanaşmaq lazımdır. Çünki sağlam düşüncə sağlamlığın əsasıdır. Gəlin, qaydalara əməl edək ki, həm sağlamlığımızı qoruyaq, həm də dövlətimizə dəstək olaq".


Etiketlər:  Xalq artisti Virusun yeni dalğasına verməmək üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ