Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərdar Zeynal: Akademik Tofiq Hacıyevin dil sevgisi

Sərdar Zeynal: Akademik Tofiq Hacıyevin dil sevgisi

Tarix: 1 May 2020 14:45

Bakı. Trend:

Dilinə, vətəninə, torpağına, yurduna sevgisindən, vurğunluğundan danışanlar çox olur. Lakin gördükləri işlə dillərində səsləndirdikləri şüarları müqayisə etdikdə onların bəzilərinin əməllərinin söylədikləri ilə tamamilə tərs mütənasib olduğunun şahidi oluruq.

Ancaq elə şəxsiyyətlər olub və haliyədə də var ki, onların danışığında, dilində, yazısında “sevirəm” sözünə rast gəlmək qeyri-mümkündür. Onlarin sevgisi yalnız sahibi olduğu əməldə, gördüyü işdə özünü büruzə verir.

Böyük yazıçı və dramaturq C.Məmmədquluzadənin, görkəmli satirik M.Ə.Sabirin əsərlərinin heç birində “Mən Vətənimi sevirəm”, “Azərbaycan mənim canımdır” kimi dildə səslənən şüarsayağı cümlə və ifadələrə rast gəlmək qeyri-mümkündür. Məsələn, C.Məmmədquluzadə ”Molla Nəsrəddin” jurnalının 7 aprel 1906-cı ildə çıxan birinci nömrəsində yazırdı: “...ancaq bircə üzürüm var: məni gərək bağışlayasınız, ey mənim türk (azərbaycanlı-S.Z) qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir” (əsərləri, 2-ci cild, səh.7). Yaxud “Azərbaycan” məqaləsində yazırdı:

“Ax, unudulmuş vətən, ax, yazıq vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən?!” (Yenə orada, səh. 645)

Sabir isə deyirdi:
“...Ax, naxələf oğlum, nə mətin məşqə düşübsən,
... Quldurluğa yox, elmə tərəf eşqə düşübsən.
...Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz”.

C.Məmmədquluzadə və M.Ə.Sabirdən gətirdiyimiz bu nümunələrin heç birində “vətən səni sevirəm”, “səndən yana ölürəm” ifadələri yoxdur, lakin onların hər birində vətənə olan sevgi və məhəbbət, onun dərdlərinə çarə tapmaqdan ötrü hər cəfaya dözmək qüdrəti əbədi olaraq öz əksini tapmışdır.

Bunların hamısı 20-ci əsrin əvvəllərində yazıb-yaradan, adları tarixə qızıl hərflərlə yazılan vətən aşiqlərinin yaradıcılığının leytmotivini təşkil edən əsas məsələlər idi. Bu o zaman idi ki, o zaman Azərbaycan xalqının əksəriyyətini təşkil edən kütlə savadsız və elmdən uzaq toplum həyatı yaşayırdı.

Lakin 20-ci əsrin ortalarından sonra məsələ tamam başqa yöndə çözülməyə başlamışdı. Bu dövrdə insanların əksəriyyəti müəyyən qədər təhsil almış, dünyanın gedişatını duyub öyrənməkdə, baş verən hadisələrə münasibətini bildirməkdə fəallaşmışdılar. Bu dövrlərdə bir xalq kimi kimliyimiz, bu xalqı bir nöqtədə birləşdirən dilimiz, o dilin keçib gəldiyi yollar, ”doğuluşunun” hansı zamana təsadüf etməsi bir millət kimi Azərbaycan türklərinin qarşısında əsas məsələ kimi dayanırdı.

XX əsrin otuzuncu illərinə qədər türk dili adı ilə tanınan dilimiz həmin illərdən başlayaraq “Azərbaycan dili” adı ilə tanındılmağa başlandı.

Bu dövrdən sonra elə bu ad ilə tanınan dilimizin tarixini, onun yayılma arealını, bu torpağın elə ilk günlərdən - yəni tarix yaranandan bizim ulu babalarımızın məskəni olduğunu sübut edərək, xalqımız, torpağımız, dilimiz haqqında hədyan danışan, bilə-bilə xalqımızın və ərazimizin tarixinə şübhə ilə yanaşanlara elmi dəlillərlə cavab verməyə qadir olan alimlər ordusu yetişdi.

Həmin ordunun sırasında özünü cəsur bir əsgər kimi göstərənlərdən biri də bu il, yəni 1 may 2020-ci ildə 84 yaşı tamam olan filologiya elmləri doktoru, akademik Tofiq İsmayıl oglu Hacıyev idi.

Bütün həyatını Azərbaycan xalqının dilinin, ədəbiyyatının və tarixi keçmişinin tədqiqinə həsr edən bu türk oğlunun yaradıcılığının əsasını Azərbaycan türkcəsinin yaranması, inkişafı və bugünkü işləklik arenası təşkil edir.

1957-ci ildə dövrü mətbuatda nəşr olunan “Ədəbiyyatşühaslıq terminləri lüğəti haqqında qeydlər” adlanan ilk elmi məqaləsindən başlayaraq, “Ədəbiyyat “ qəzetinin 7 noyabr 2015-ci il tarixli nömrəsində dərc edilən “Türk folklorunun Şumer yaşı haqqında tədqiqat” adlı son məqaləsinə qədər akademikin əsas tədqiqat obyekti yuxarıda qeyd etdiyimiz kimi, türk dilinin tarixi keçmişi onun inkişafı və qaynaq nöqtələri olmuşdur. Elə buna görə də, onun ilk geniş həcmli tədqiqat əsəri Azərbaycan dilinin dialektologiyasindan bəhs edən “Azərbaycan dilinin Cəbrayıl şivəsi” adlı namizədlik işi olmuşdur.

Namizədlik işindən sonra alim, dialektologiya sahəsindən fərqli bir sahə, Azərbaycan ədəbi dili məsələləri ilə məşğul olmağa başlayır. Doktorluq işinin müdafiəsindən sonra alim bir daha dialektologiya məsələləri ilə məşğul olmamış, Azərbaycan ədəbi dili məsələləri böyük alimin yaradıcılığının əsas leytmotivini təşkil etmişdir.

Bu məsələ ilə bağlı akademik Tofiq Hacıyevin yetirməsi, bu gün öz seçicilərini Milli məclisdə ləyaqətlə təmsil edən akademik Nizami Cəfərov 2018-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan “Cəbrayıl şivəsi” əsərinə yazdığı “Ön söz və ya Ustadın ilk əsəri” adlı girişində bununla bağlı yazır: “...Tofiq Hacıyev “XX əsrin əvvəlləri Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, öz dialektoloq karyerasına, demək olar ki, son qoydu.

Sonralar biz tələbələr hərdən cəsarət edib ona zarafatla deyirdik ki, “yəqin, Azərbaycanda Cəbrayıl şivəsindən zəngin şivə olmadığına görə Tofiq müəllim öz dialektoloji missiyasını həmin şivənin tədqiqi ilə başa çatdırıb”. O da zarafatından qalan deyildi. Bir dəfə dialektologiyadan dil tarixinə keçməyini belə “izah etdi”: “O illərdə yaxşı makinaçı tapmaq çətin idi. Mən yazılarımı makinaçıdan alanda bəziləri təəccüblə , bəziləri isə təbəssümlə deyirdi ki,Tofiq müəllim, yazıda çoxlu orfoqrafik səhvlər var idi, düzəltdik. Baxıb görürdüm ki, nə qədər dialekt misalları varsa, makinaçı hamısını “ədəbiləşdirib”. Hər dəfə mətni yenidən yazdırmaq lazım gəlirdi... Ona görə də keçdim dil tarixinə”. (həmin əsər, səh.3)
Lakin əslində gedişat bunun əksini göstərir. Tofiq müəllimin özü sonralar dialektologiya məsələləri ilə birbaşa məşğul olmasa da, dolayısı ilə bu məsələləri həmişə nəzarətdə saxlamışdır.

Ona görə də yetişdirdiyi alimlərin bir neçəsinin fəaliyyətini bu sahəyə yönəltmişdir. Məsələn, rəhbərlik etdiyi ilk aspirantlarından biri Əzizov Elbrus İslam oğlu 1974-cü ildə “Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi”, Vəliyeva Gülxanım Qüdrət qızı 1984-cü ildə Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası mövzusunda namizədlik, yenə də Əzizov Elbrus İslam oğlu “Azərbaycan dilinin tarixi dialektologiyası” (1999) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu onu təsdiq edir ki, Tofiq müəllimin özü dilçiliyin əsas sahələrinin ağırlığını öz üzərinə götürmüş, vaxt tapıb həll edə bilmədiyi məsələlərin həllini elminə və bacarığına güvəndiyi tələbələrinin öhdəsinə buraxmış və onlara da bilavasitə özü başçılıq etmişdir.

Rəhbərlik etməyə imkanı olmadığı digər kadrların isə opponenti kimi çıxış etmişdir. Məsələn, Sadıqov Buta Pənah oğlunun 1964-cü ildə “Azərbaycan dilinin Gədəbəy şivələri” mövzusunda, Bağırov Quşdan Əlikişi oğlunun 1966-cı ildə “Ermənistan SSR Sisyan rayonu Azəri şivələri” mövzusunda, Behbudov Seyfinin həmin ildə müdafiə etdiyi “Azərbaycan dilinin Zəngilan şivəsi” adlı, Cəfərzadə Məmmədin “Azərbaycan dilinin İmişli rayonu şivələri” adlı (1969), Quliyev İnqilabın 1973-cü ildə müdafiə etdiyi “Azərbaycan dilinin Ağcabədi şivəsi” adlı namizədlik işlərinin, digər iki nəfərin isə bu sahə ilə bağlı müdafiə etdikləri doktorluq işlərində opponent kimi çıxış etmişdir. Doğrudan da, həmin dövrdən sonra T.Hacıyev öz yaradıcılığının əsas hissəsini Azərbaycan ədəbi dili məsələlərinə həsr etmişdir. Ona görə də doktorluq işini bu sahəyə həsr edərək 1969-cu ildə, 33 yaşında “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertsiyası müdafiə etmişdir.

Bunun ardınca “Azərbaycan ədəbi dili üslublarının təşəkkülü və inkişafı”, “Ədəbi dil məsələsi”, “Azərbaycan ədəbi dil tarixində Füzuli”, “Azərbaycan ədəbi dili tarixində “Dədə Qorqud kitabı”, “Azərbaycan milli ədəbi dili məsələsinə bir baxış” və “Azərbaycan ədəbi dilinin dövrləri haqqında“ silsilə məqalələr kimi onlarla elmi məqalələri (ən mötəbər jurnallarda nəşr olunan) və “Azərbaycan ədəbi dil tarixi” (ADU nəşri, 1976, 155 səh), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” (Bakı, Maarif, 1977, 188 səh.), “Azərbaycan ədəbi dili tarixi” (Bakı,1987, 293 səh.), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (Bakı, 1990, 360 səh. ), “Azərbaycan ədəbi dili tarixi” (Bakı, Elm, 1991, 283 səh.) və “Azərbaycan ədəbi dilinin tarixi” (Dərslik, I hissə, 468 səh, II hissə 380 səh. Bakı, Elm, 2012) kimi sanballı kitabları nəşr olunmuşdur.

Azərbaycan ədəbi dili məsələlərindən bəhs edən əsərlərindən başqa, professor Tofiq Hacıyev Azərbaycan dilinin digər sahələrinə həsr etdiyi əsərlərində də ədəbi dil məsələlərini qabartmış və onunla bağlı yeni fikirlər söyləmişdir.

Həmmüəlliflə birlikdə yazıb nəşr etdirdikləri “Azərbaycan dili tarixi” (Bakı, “Maarif” Nəşriyyatı 1983) adlı dərs vəsaitində də yeri gəldikcə ədəbi dil məsələlərinə toxunmuş, yeri gəldikcə yeni fikirlər söyləmişdir.

Vəsaitin “Dil tarixinin iki istiqamətdə öyrənilməsi” (səh.4) bölməsində bu mövzu ilə bağlı yazılır: “Dil tarixinin tarixi qrammatika və ədəbi dil tarixi üzrə öyrənilməsi hər şeydən əvvəl, praktik əhəmiyyətə malikdir...

Bu ümumi vəziyyət Azərbaycan dilinin tarixinə tətbiqdə də öz qüvvəsində qalır.
Ədəbi dil tarixi fənni də tarixi qrammatika kimi Azərbaycan dilində olan yazılı abidələrin üzərində tədqiqat aparır, yəni hər iki fənnin obyekti eynidir. Ancaq abidələrinin dilinə yanaşma məqsədinə, faktları təhlil etmə istiqamətinə görə bunlar fərqlənir...
Əslində, tarixi qrammatika tarixin bütün təzahürlərini, yazılı nə varsa, hamısını bütöv halında alıb tədqiq etməli, ədəbi dil tarixi isə tarixi təzahürlərdən ancaq ədəbi normalı sayılanı öyrənməlidir...” (“Azərbaycan dili tarixi”, səh.5)

Ümumiyyətlə, kitabın birinci bölməsi tamamilə tarixi qrammatika ilə ədəbi dil tarixinin oxşar və fərqli cəhətlərindən bəhs edir, lakin bölmənin əsas hissəsi ədəbi dil tarixi ilə bağlı məsələlərə həsr edilmişdir.

Kitabda bu bölmədən sonra “Azərbaycan dili anlayışı” bölməsi verilmişdir. Bu bölmədə isə “Azərbaycan dili” termininin keçib gəldiyi yol, dilimizin Azərbaycan dili adlandırılmasına qədər olan dövrlərdə ona verilən adlar, adların verilməsinə, veriləndən sonra onların dəyişdirilməsinə səbəb olan tarixi şərait və hadisələr tarixi dəqiqliklə qiymətləndirilmişdir. “Azərbaycan dili” termininin ilk dəfə XI əsrdə işləndiyini sübut etmək üçün kitaba ədəbiyyatşünas Xətib Təbrizi ilə onun müəllimi Əbü-l–Əla Nəəri arasında olan dialoqu nümunə göstərmişdir.

Kitabın “Azərbaycan dili anlayışı” (səh.9-47) bölməsindən sonra yenə də ədəbi dil məsələləri aydınlaşdırılmışdır. Kitabın “Azərbaycan ədəbi dilinin tarixi dövrləri” adlanan üçüncü, “XIII-XIV əsrlər ədəbi dili” adlanan beşinci və “XV-XVI əsrlər ədəbi dili” adlanan altıncı bölmələri ədəbi dil məsələlərinə həsr edilmişdir.
Akademikin sağlığında nəşr olunan ikicildlik ”Azərbaycan ədəbi dilinin tarixi” dərsliyi (Ali məktəblər üçün) 2012-ci ildə “Elm” nəşriyyatı tərəfindən çap edilmişdir. Dərsliyin birinci hissəsi 475, ikinci hissəsi isə 389 səhifədən ibarətdir.

Dərsliyin birinci hissəsi “Ön söz” (səh 5-15) “Fənnin mövzusu və bir neçə anlayış haqqında” (səh. 16-35), “Azərbaycan dili: terminoloji anlayışı; etnik mənşəyi; ən qədim izləri və təşəkkülü” (səh.36-70), “Azərbaycan ədəbi dilinin dövrləri”(səh.71-104), “Dədə Qorqud kitabının dili” (səh.105-130) bölmələrindən ibarətdir. Ardınca XIII əsrdən başlayaraq XIX əsrə qədər olan dövrlərin ədəbi dili işıqlandırılır və izah edilir. Bununla yanaşı, bu dövlərdə yaşayan sənətkarlar haqqında məlumat verilir və onların yaradıcılıqları işıqlandırılır. Yaradıcılığı daha çox diqqət mərkəzinə çəkilən sənətkarlar isə Nəsimi, Qurbani, Xətai, Füzuli, Qövsi Təbrizi və M.Pənah Vaqif sırasından ibarətdir. Kitabda əsərlərinin təhlilinə daha çox yer ayrılan sənətkar qələmini ədəbi janrların bir çoxunda sınamış M.Füzulidir.

Dörd yüz səhifədən ibarət olan bu dərsliyin dörddə bir hissəsini M.Füzuli yaradıcılığının təhlili təşkil edir. Kitabın sonunda isə XV-XVI əsrlərdəki “Bədii üslub”, “Nəsr dili”, ”Elmi üslub” və “Rəsmi epistoliyar üslub” məsələləri aydılnaşdırılır.
Müəllif kitabın “Ön söz”ündə yazır: “Azərbaycan ədəbi dili vaxtilə ümumi türk ədəbi dilinin (türk imperiya dilinin) tərkib hissəsi kimi formalaşır...Dəfələrlə Altaydan Dunaya gedən və dəfələrlə parçalanan türk imperiyalarının tarixi yaşanışının nəticəsində Şərq və Qərb ədəbi türkcələri meydana çıxır” (Orada.səh.6).

“Ön söz”də müəllif türk dilinin zənginliyi, onun lüğət vahidlərinin məna çalarları, bir sözün ifadə etdiyi mənanın digər xalqların dilində bir neçə sözlə ifadəsinin çətin olduğunu diqqət mərkəzinə çəkir və bununla bağlı yazır : “Dilin zənginliyi, dolğunluğu onu daşıyan millətin zənginliyi, mükəmməliyi deməkdir. VII əsrdə türkün dörd sözdən ibarət iki misrada dediyi şeiri 1950-də müasir dünyanın beynəlxalq dillərindən olan rus dilində on iki sözdən təşkil edilmiş iki cümlə ilə çevirmişlər”. (Yenə orada)

Akademik “Ön söz”ün sonunda Azərbaycan ədəbi dilinin lap qədim dövrlərin məhsulu olduğunu, bu dilin min illər boyu yetkinləşərək bugünkü ədəbi dil səviyyəsinə gəlib çıxdığını nəzərdə tutaraq yazırdı: “Ədəbi dil nə zaman yaranıb? İlk əmək nəğməsi, ilk atalar sözü, ilk şeir, ilk mif-əfsanə yaranandan ədəbi dil başlayır. Ancaq bizim haqqında danışdığımız şəkildə ədəbi dil insanlığın müəyyən inkişaf səviyyəsində, müəyyən mədəni yüksəlişin məhsuludur”. (Yenə orada,səh.15)

Müəllif Azərbaycan türklərinin yaşadıqları bugünkü torpaqlarında məskunlaşdıqları dövrlə bağlı yanlış fikir söyləyən, bilə-bilə bu xalqın tarixini bir az da cavanlaşdıran, xalqımızın ən qədim xalqlardan olduğunu şübhə altına alan bəzi “ağzıgöyçək”lərə Azərbaycan türklərinin kökü, yaranışı, bu torpaqda məskunlaşma tarixi ilə dünyanın ən görkəmli alimlərinin türklərin tarixi ilə bağlı söylədikləri fikirləri əsər boyu qeyd edir ve həmin fikirlərə istinadla söylədiklərini təsdiqləyir. Bununla bağlı o yazır: “Qədim yunan, ivrit və latın dilli mənbələrə yaxşı bələd olan Z.Yampolski Azərbaycan ərazisində eradan əvvəl 1-ci minilliyin ortalarında türk etnoslarının məskun olduğunu aşkar edir”. (Orada, səh.46)
Akademik xalqın tarixi ilə bağlı yaşadıqları dövrün tələblərindən doğan baxışlarla yanaşıb fikir söyləyənlərin fikirlərinə etiraz edərək yazırdı: “20-ci yüzilliyin 40-80-ci illərinin bir sıra tarixçiləri isə müqayisəli araşdırmalara, dil faktlarına söykənmədən Albaniya türklərini istisnasız olaraq gəlmə, köçəri sayırlar. Halbu ki, türk tarixinin böyük bilicisi L.N.Qumilyov “yerli türk” ifadəsini işlədir”. (Yenə orada, səh.44)

Akademik araşdırdığı tarixi kitablara, bu sahə ilə məşğul olan Avropa tarixçilərinin –eyni zamanda obyektiv fikir söyləyən digər alimlərin fikirlərinə əsaslanaraq Azərbaycan türklərinin tarixinin daha qədim olduğunu, onların yaşadıqları bugünkü ərazinin ən qədim yerli sakinləri olduğunu təsdiqləyərək yazır: “Müasir dünya dilləri arasında türkcə yeganə dildir ki, beş min beş yüz il bundan əvvələ aid şumercənin içində dil nümunələri var. Osman N.Tunanın sözü dilin inkişaf məntiqinə tamam uyğundur ki, bu rəqəmi daha bir o qədər də tarixin dərinliyinə aparmaq olar, yəni 9-10 min il bundan əvvələ gedir” (Yenə orada,səh.61)

Akademik bu kitabında öz doğma sahəsi olan dilçiliyə aid məsələlərdə daha çox görkəmli bir tarixçi kimi, türklərin tarixi əraziləri, onların yaranışı, inkişafı və bugünkü durumları ilə bağlı məsələləri konkretləşdirib rəsmiləşdirməyə çalışır. Mənsub olduğu xalqın tarixinin ən qədim tarixi olan xalqlarla yanaşı dayandığını göstərir. Müəllif Azərbaycan xalqının tarixi, onun qədimliyi, geniş ərazilərdə yaşayıb hakimiyyət qurmaları ilə bağlı Avropa alimlərinin apardığı tədqiqatlarla yanaşı, Azərbaycanın öz ərazisində bu gün də əsas istinad nöqtəsi olan yazılı abidələrinə də müraciət edir. Və göstərir ki, yad müəlliflərin söylədiyi fikirlər, eyni zamanda, yurdumuzda bu gün də öz zənginliyi ilə dünya alimlərini mat qoyan tarixi abidələrin dili ilə təsdiq olunur. Akademik bununla bağlı yazır: “Orxon hərfinin Qobustanda türk damğası və ya ideoqramı kimi əks olunması Azərbaycan torpağının hələ eradan səkkiz min il əvvəl türk yurdu olmasını göstərir. Və beləliklə Parfiya – Orxon - Qobustan üçbucağı Nizami Gəncəvinin Makedoniyalı İsgəndərin yürüşündən danışarkən dedikləri ilə üst-üstə düşür:

Zikuhi Xəzər ta be dəryayi Çin
Həme tork, por tork binəm-zəmin.
(Xəzər dağlarından Çin dəryasına) (Yenə orada, səh.67)
Azərbaycan türklərinin məskunlaşması, yayılma arealı, hansı xalqlardan əvvəl tarix yazdıqlarını sübut etmək üçün akademikin apardığı araşdırmalar digər bir tarixçi tərəfindən aparılsaydı, həmin şəxs dünya tarixçiləri içərisində barmaqla sayılan tarixçilər sırasına qatılardı.

Akademik Toiq Hacıyevin dillə, ədəbiyyatla bağlı apardığı araşdırmalar elmi araşdırmaların pik nöqtəsi kimi qəbul ediləndi.

Dərsliyin I hissəsinin son hissəsi, “Nəsr dili” (səh.456-465), “Elmi üslub” (səh 466-469) və “Rəsmi-epistolyar üslub” (səh.470-474) bölmələrindən ibarətdir. Müəllif “Nəsr dili” bölməsində əsasən XVII-XVIII əsrə aid dil nümunələrinə müraciət edərək qeyd edir ki, “dövrün nəsr dilində həm Füzulinin “Şikayətnamə” və “Həqiqətüs-Şüəda” ənənəsi görünür, həm də nağıl-dastan dili ölçüsündə yeni nəsr nümunələri yaranır”. (Yenə orada,səh.456)
Bundan sonra müəllif yazıya alınmış nəsr nümunələrindən biri olan “Şəhriyar” dastanından söhbət açır və qeyd edir ki, bu dastanın dili “Dil, leksika və sintaksisi ilə xalis yazı dilidir”. (Yenə orada,səh. 456)

Mətnin daxilində “Şəhriyar” dastanının dili geniş tədqiq və təhlil olunur, onun nəsr dili ilə yanaşı şeir dili də müqayisə obyektinə çevrilir. Onun dilinin sadəliyi, aydınlığı, axıcılığı, xalq danışıq dilinə yaxınlığı M.P.Vaqifin şeir dili ilə müqayisə edilir və bununla bağlı yazılır: ”Bu (dastanın dili-S.Z) XVII əsrin nəsr dilidir, leksik, sintaktik xəlqiliyi ilə, yüksək sənətkarlığı ilə, bütün detalları üzrə bugünkülüyü ilə Molla Pənahın şeir dilinin nəsr müqabilidir.” (Yenə orada,səh.458)

Bu əsərin təhlilindən əlavə akademik T.Hacıyev həmin dövrdə Azərbaycanda məşhur olan tərcümə əsərlərinin dilinin izahına da müəyyən qədər yer ayırmışdır. Bu əsərlər sırasına Şərqin məşhur əsəri olan “Kəlilə və Dimnə” və Möhsün Nəsrinin “Lisanüt-teyr” (Quş dili) əsərləri də daxil edilmişdir.

“Elmi üslub” bölməsində isə Krım xanının sifarişi ilə Məhəmməd Ağdaşi tərəfindən yazılan “Dərbəndnamə” əsərinin dili tədqiq obyektinə çevrilir. Müəllif bu əsərin dilinin təhlilindən danışarkən yenə də Azərbaycan türkcəsinin zənginliyini, onun istifadə olunduğu ərazinin genişliyini, qonşu xalqların ondan ortaq ünsiyyət vasitəsi kimi istifadəsini qabardaraq həmin ərazidə hakim mövqeyə sahib olduğunu faktlarla təsdiqləyir. Akademik qeyd edir ki, “Əsər Krım xanının sifarişi ilə yazılsa da, Azərbaycan dilindədir”. Və bunun Azərbaycan dilində olmasının iki səbəbini göstərir. Daha sonra qeyd edir ki, “XIX əsrin sonu, XX əsrin əvvəllərində Krımda çıxan “Tərcüman” qəzetini bütün Qafqaz, Volqaboyu, Orta Asiya türkləri anlaya-anlaya oxuyurdular. Deməli, Krım türklərinin də dilcə Azərbaycan türkcəsinə yaxınlığına görə Krım xanı geniş türk dairəsində başa düşülməsi üçün “Dərbəndnamə”nin Azərbaycan dilində yazılmasını məsləhət görmüşdür. XVI əsrin sonu XVII əsrin əvəllərinin abidəsi olan “Dərbəndnamə”nin dili Azərbaycan elmi üslubunun o dövrdə necə xəlqi və yetkin səviyyədə olduğunu bir daha təsdiqləyir.” (Yenə orada,səh.468)

Kitabda verilən son mətn “Rəsmi epistolyar üslub” adlanır. Bu mətnin daxilində XVII-XVIII əsrlərdə dövlət başçıları və müəyyən rütbə sahiblərinin adı ilə bağlı dövlət sənədləri və məktublardan söhbət açılır. I Şah Abbas zamanında Venesiyada satılmış bir neçə xalvar ipəyin alınması ilə bağlı ödənilən pulun verilməsini təsdiq edən qəbz haqqında məlumat verilir. II Şah Abbasın Şirvan bəylər-bəyisi Mənuçöhr xana məktubu nümunə göstərilir.
Bunun ardınca II Yekaterina zamanında Rusiya əyalətlərində yaşayan xalqlar üçün nəşr olunan yeni qanunlar məcəlləsinin türk xalqlarının başa düşməsi üçün (Rusiya imperiyasında yaşayan türk xalqları) onun Azərbaycan türkcəsinə tərcüməsindən söhbət açılır. Akademik Tofiq Hacıyev bu təqdimatda da Azərbaycan türkcəsinin işlənmə trayektoriyasının genişliyini, Rusiya imperiyasında yaşayan türk xalqlarının hamısının müştərək ünsiyyət vasitəsi olduğunu diqqət mərkəzinə çəkir və bununla bağlı yazır: “Diqqəti çəkən birinci odur ki, mətnlər saf Azərbaycan dilindədir - qanunlar Azərbaycanın Rusiya imperiyasına qatılmasından əlli il (1813-cü ilki qismən ilhaqı nəzərə alsaq, 33 il ) əvvəl yazılmışdır. Çarın bu məcəlləni imperiya daxilində olan Volqaboyu, Şimali Qafqaz, Sibir türklərinin dilinə yox, məhz Azərbaycan dilinə tərcüməsini nə ilə izah etmək olar? Ancaq onunla ki, hansı türk dilində yazılsa, yalnız o xalq başa düşəcəkdi, Azərbaycan dilindəkini isə görünür bütün türk xalqlarının ziyalıları, məmurları anlamışlar. Buna görə də XIX əsrdə rus-Avropa səyyahları Azərbaycan dilinin şərqdəki mövqeyini fransız dilinin Avropada işlənməsi ilə müqayisə etmişlər” (Yenə orada, səh.474).

Akademik Tofiq Hacıyev Azərbaycan dilinin zənginliyi, digər dillərdən üstünlüyü, digər türkdilli xalqların bu dildən istifadəsi və s. haqqında bircə cümlə də yazmır. Gətirdiyi faktlar, söylənilən fikirlərin ifadəsi müəllifin ürəyindən keçənləri xalqına, dilinə olan sevgisini, bu sevgidən doğan fəxarət hissini qabarıq surətdə üzə çıxarır. Ola bilsin ki, akademik öz dilinə, əcdadına olan istək və sevgisini sözlərlə ifadə etmək istəsəydi, bu qədər dəqiq, bu qədər səmimi, bu qədər könüloxşayan şəkildə ifadə edə bilməyəcəkdi. Mənə elə gəlir ki, bu ifadə forması insanın öz torpağına, xalqına və onun dilinə olan ölçüyəgəlməz sevgisinin qabarıq və obyektiv ifadə formasıdır.

“Azərbaycan ədəbi dilinin tarix”i dərsliyinin ikinci hissəsi XIX-XX əsr ədəbi dili məsələlərini əhatə edir.Kitabın XIX əsr ədəbi dili-tarixi mədəni şərait” adlanan ilk bölməsində Azərbaycanın Rusiya və İran tərəfindən iki yerə parçalanmasından , Şimalla Cənubun Azərbaycan xalqının tarixində olan ayırıcı siyasətindən və sairdən söhbət açılır “İran dövlətinin tərkibindəki Cənubi Azərbaycanın mədəni təkamülü Şərq feodal dövləti üzərində ged(ən), Rusiya imperiyasına düşən Şimali Azərbaycan(ın) isə tədricən yeni, elmi –texniki tərəqqili Avropanın inkişaf ritminə uygunlaş”masından danışılır.

Kitabda parçalanmış Azərbaycan haqqında Rusiya və İran “xadimlərinin” aşağılayıcı fikirləri diqqətə çatdırılır və bir vaxtlar dörd yüz on min kvadrat kilometr əraziyə malik bir dövlətin yadellilər tərəfindən parçalanıb bütövlüyünü itirməsi diqqətə çatdırılır.
Lakin bütün bunlara baxmayaraq, Rusiya tərəfindən Azərbaycanın işğal edilməsindən sonra burada elm, maarif, mətbuat və digər sahələrlə bağlı müəyyən dirçəlişlərin də qabarıq şəkildə diqqət çəkdiyini nəzərə çarpdırır. Akademik bu məsələ ilə bağlı yazır: “Göründüyü kimi, sırf Rusiyanın imperiya mənafeyi əsas tutulur, ancaq Azərbaycan sonra bundan öz istedadlı övladlarının vasitəsi ilə fayda götürəcəkdir. A.A.Bakıxanov, M.F.Axundzadə kimi imperiya qulluğunda olub millətinə xidmət etmiş məmurlar,... rus elmi və mədəniyyəti zəminində Mirzə Cəfər Topçubaşov, Mirzə Məhəmmədəli Kazımbəy kimi görkəmli elm və maarif xadimləri yetişir, ...Moskva Universitetini bitirən Həsən bəy Zərdabi “Əkinçi” qəzeti ilə mədəniyyətimizin tarixinə təzə səhifə yazır” (“Azərbaycan ədəbi dilinin tarixi” II hissə, Ali məktəblər üçün dərslik, Bakı, “Elm”-2012, səh.7)

Kitabın ikinci bölməsi “Elmi dilçilik mühiti” (səh.9-25) adlanır. Bu bölmədə elmin tərkib hissəsi kimi dilçilik elmi və onun inkişafı məsələləri aydınlaşdırılır. Bu bölmədə M.Y.Lermantovun dostu S.A.Rayevskiyə məktubunda və A.A.Bestujev-Marlinskinin Azərbaycan dili haqqında olan fikirlərinə aydınlıq gətirilir.

Bu bölmədə eyni zamanda, Mirzə Fətəli Axundovun əlifba uğrunda mübarizəsi və durğu işarələri ilə bağlı fəaliyyətindən söhbət açılır. Durğu işarələrindən Azərbaycanda ilk dəfə “Əkinçi” qəzetində istifadə edildiyi tarixi faktlar əsasında qeyd edilir.

Dərsliyin “Normalar” (səh.26-43) adlanan bölməsində isə fonetik, leksik və sintaktik normalar araşdırılır. Normalar haqqında danışan müəllif bu sahə ilə bağlı yeni fikirlərini izah etdikdən sonra belə bir nəticəyə gəlir ki, “Milli morfoloji quruluş XIX əsrdə həm XVII-XVIII əsrlərdəkinə, həm də bugünkünə uyğundur. Fonetik və morfoloji normanı fərqləndirən, ümumən, yazı qaydalarıdır. Buna görə də bunları fonetik, orfoqrafik-morfoloji deyə bir silsilədə təqdim etmək münasibdir.” (Yenə orada səh.26)

Bunun ardınca isə leksik-terminoloji və sintaktik norma məsələləri aydınlaşdırılır, həmin normaların sərhədləri dəqiqləşdirilir.

Daha sonra akademik XIX əsrin üslub mənzərəsi məsələlərinə aydınlıq gətirir. Bu bölmədə folklor danışıq dili ilə dövrünün səsli-küylü şairi Q.Zakirin əsərlərinin dili müqayisə edilir, bunların uyğun və fərqli cəhətləri dəqiqləşdirilir və bununla bağlı yazır: ”Klassik kitab dilindən fərqli olaraq, folklor danışıq dili XIX əsrin ancaq birinci yarısında fəaliyyət göstərir... XIX əsrin ikinci yarısında folklor–danışıq dili fəaliyyət göstərmir. Əsrin əvvəllərində isə bu üslubun ən görkəmli nümayəndəsi Vaqif məktəbinin istedadlı davamçıları Q.Zakir, Cənubda isə Ə.Nəbatidir” (Yenə orada, səh45)

Klassik-kitab dilindən danışan müəllif bu bölmədə XIX yüzillikdə yaranan ədəbiyyatın həm şeir, həm də nəsr qollarından söhbət açır. Burada XIX əsrdə klassik kitab dilini bütün ölçüləri ilə, “akademik şəkildə davam etdirən Bakıxanov”un yaradıcılığından söhbət açılır.
Dərslikdə əsərlərinin dilinə daha çox müraciət olunan şair və pedaqoqalardan biri də Seyid Əzim Şirvanidir. Görkəmli şairin əsərlərinin dilinin izahına müəllif dərsliyində geniş yer ayırmış, onun əsərlərinin dilinə xüsusi diqqət yetirmişdir. Əsərlərində işlənən ərəb və fars sözləri onun əsərlərinin dilində çətinlik yaratmaqla yanaşı, həm də onun yaradıcılığında bir zənginlik yaradır. Lakin bu zənginliyin içərisində bir çətin anlama bu gün də özünü göstərməkdədir. Bununla bağlı dərslikdə yazılır: “Seyid Əzimin bu dili XIX əsrin elmi ədəbiyyatşünaslıq dilinin nümunələrindəndir. Bu yazıların hamısında klassik–kitab nəsrinin ərəb-fars sözlərinə və izafətlərə geniş yer verməsi ənənəsi qalır.” (Yenə orada, səh.79)

XIX əsrdə üslubların inkişafı, birinin digərindən fərqləndirilməsi və bu üslubların inkişafında əməyi olan yaradıcı insanlardan isə dərsliyin “Üslubların yenidən təşkili” (səh.85-165) bölməsində söhbət açılır.

Bu bölmədə XIX əsrdə daha çox istifadə olunan bədii, elmi, rəsmi və publisistik üslublarda birləşən, şair, yazıçı, mühərrir və digər qələm sahibləri və onların əsərlərindən bəhs edilir. Bölmənin girişində akademik yazır: “Ədəbi dil normasının yeniliyi, XIX əsr normasının təşkili yeni yaranan üslublarla və bədii üslubun məhz bu zaman üzə çıxan və ya əvvəllər epizodik planda olub bu dövrdə fəallaşan nəsr, mənzum hekayə və s. qolları ilə bağlıdır.” (Yenə orada,səh.85)

Bu bölmələrdə XIX əsrdə çarizmin Azərbaycana basqını, bəylərinin, zadəganlarının və varlılarının, ümumiyyətlə elitasının - yüksək təbəqəsinin çar məmurları qarşısında oyuncağa çevrilməsindən, çar məmurlarına baş əyən bəy və zadəganları görən bütöv kütlənin həmin çar məmurlarılna müqəddəs və əyilməz bir varlıq kimi yanaşaraq onların qarşısında müti qula çevrilməsindən ürək ağrısı ilə söz açılır.
“Bədii üslub”un daxilində “Bədii tərcümə, dərslik və uşaq ədəbiyyatının dili” adlı bir mövzu və bu mövzunun daxilində XIX əsrdə şair və yazıçıların müxtəlif xalqların ədəbiyyatından etdikləri tərcümələr, hazırlanan dərsliklərlə bağlı məlumat da verilir. Bu bölmədə A.A.Bakıxanovun İ.Krılovdan etdiyi “Eşşək və bülbül”, M.Kazımbəyin A.S.Puşkinin “Bağçasaray fantanı” əsərindən etdiyi tərcümələr haqqında danışılmış, eyni zamanda uşaqlar üçün nəzərdə tutulmuş dərsliklər və ədəbi nümunələrlə bağlı nümunələr aydınlaşdırılmışdır.
Elə bu bölmənin özündə də akademik Tofiq Hacıyev ortaq türk dili məsələsini digər tarixi şəxsiyyətlərin əsərlərinin dili ilə bağlı danışarkən qabardır və öz qəlbindən keçənləri tarixi şəxsiyyətlərin dili ilə diqqətə çatdırır.
Elə buna görə də “Həyat” qəzetinin 11 yanvar 1906-cı ildə çıxan doqquzuncu nömrəsindəki aşağıdakı cümlələri nümunə göstərir. Nümunədə deyilir: “Tərcüman” 30 ildir çıxır. Bu otuz ilin müddətində hər tərəfin müsəlmanları qeyri qəzeti olmadığına görə onu aparıb oxuyublar. Odur ki, bəradərimiz İsmayıl bəy (İsmayıl bəy Qaspıralı-S.Z) istəyir ki, “Tərcüman”ın dili ümumi dil olsun” (Yenə orada,səh.117)
Bunun adrınca həmin dövrdə nəşr olunan Mirzə Şəfi ilə İ.Qriqoryevin tərtib etdikləri “Kitabi-Türki”, A.Çernyayevskinin “Vətən dili”dərslikləri haqqında məlumat verilir və onların dili araşdırılır.
“Mirzə Fətəli Axundazadənin bədii dili” dərsliyin geniş bir bölməsini təşkil edir. Bu bölmədə müəllif M.F.Axundov yaradıcılığını ilk şeirlərindən başlayaraq son əsərinə qədər təhlil edir onun ədəbi dilə gətirdiyi yeniliklərdən danışır və elə yazının əvvəlindəcə onu Lomonosovla müqayisə edərək V.Q.Belinskinin Lomonosov haqqındakı “o bizim ilk universitetimizdir” təyinini Axundova şamil edir və yazır: “M.F.Axundov bütün təfəkkür hüceyrələri ilə yenilikçidir. O, təkcə ədəbiyyatımızda deyil, bütövlükdə mədəniyyətimiz tarixində era başlayır” (Yenə orada,səh.130). Dərsliyin digər bölməsi “XX əsrin əvvəllərində ədəbi dil” (səh.184-375) adlanır. Bu bölmədə müəllif həm ədəbi dilin Cənub qolu, həm norma və üslublar (bədii, publisist, elmi, şəriət və rəsmi-epistolyar üslub), həm də sovet dövrü Azərbaycan ədəbi dili ilə bağlı məsələləri aydınlığı ilə təqdim edir.
Bəhs edilən dövrün ədəbi dili haqqında akademik yazır: “Milli ədəbi dil XVII-XVIII əsrlərdə xəlqiləşməsi, XIX əsrdə yeni janrların yaranması ilə yeni söz-ifadə qatlarının açılması və əsrin sonunda isə üslub bütövlüyü ilə səciyyələnir - publisistik üslub yaranır və dil nəzəriyyəsinin tələb etdiyi kimi milli ədəbi dil çoxvalentlilik qazanır.” (Yenə orada, səh.184)
Ədəbi dil normalarının müəyyənləşməsi, təkcə bir və ya bir neçə nəfərin fəaliyyətinin nəticəsi deyil, ümumiyyətlə ümumxalq danışıq dilinin daimi təkmilləşməsi və inkişaf nəticəsində meydana çıxır. Bu inkişaf təkcə bir və ya bir neçə nəfərin yaradıcılığından asılı olmur. Ancaq bununla bərabər, bu inkişaf yolunun önündə gedən yazıçılar , şairlər və digər sənət sahibləri bu işin gedişində avangard rolunu oynayırlar.

Həmin elm və sənət sahiblərinin əsərlərinin dilində ədəbi dil gündən-günə təkmilləşir və onun ifadə inmkanları daha kamilləşir. Elə bunu nəzərə alan akademik Tofiq Hacıyev dərsliyin “Dil məsələləri, dil əsərləri” bölməsində yazır: “Dövrün ədəbi dil normasının müəyyənləşməsində görkəmli söz ustaları ilə yanaşı, mətbuat işçiləri, ziyalılar da bütünlüklə iştirak edirlər. Eyni zamanda, təxminən heç bir ziyalı ədəbi dil, ana dili ətrafında mübahisələrdən kənarda qalmır. Hamı eyni mövqedən çıxış etmir, lakin ədəbi ana dilinin taleyinə heç kəs laqeydlik göstərmir”.(Yenə orada,səh.187)

Bütün bunlardan sonra müəllif “ədəbi dilin Cənub qolu” haqqında danışır. Azərbaycan ədəbi dilinin inkişaf xüsusiyyətləri, Cənubun Şimaldan fərqli olan, fonetik, leksik xüsusiyyətləri, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, burada yaşayanların ədəbi dilində olan dəyişmələr, Şimali Azərbaycanlılarla Cənubi Azərbaycanlıların danışıqlarında, eyni zamanda ədəbi dildə olan fərqli xüsusiyyətlər araşdırılır və XX əsrin əvvəllərindən başlayaraq bu fərqlərin çoxaldığı nümunələrlə diqqətə çatdırılır. Bununla bağlı müəllif yazır: “Cənubda yazanların dilində nəinki klassik ədəbi dil normasında təkmilləşmə aparılmır, hətta bu ənənə məhəlliçilik elementlərinin doldurulması ilə xeyli zəiflədilir”. (Yenə orada, səh.232)

Bunların ardınca dərslikdə ədəbi dilin Cənub qolunun norma və üslubları, dilimizin Şimal qolu ilə Cənub qolunun arasında olan fərqlər və oxşar xüsusiyyətlər izah edilir.
Dərsliyin ən maraqlı bölmələrindən biri də “Azərbaycan Xalq Cumhuriyyəit: dil siyasəti və ədəbi dil” (səh.285-319) fəslidir. Bu bölmədə ömrü cəmi iyirmi üç ay çəkən Azərbaycan Xalq Cumhuriyyətinin həmin dövrdə dillə bağlı verdiyi qərarlar, gördüyü işlər, apardığı islahatlar öz əksini tapır. Ömrü o qədər də çox olmayan bu müstəqilliyin xalqın, eyni zamanda onun dilinin tarixində apardığı islahatlar vurğulanır. Dil siyasətinin dövlətçiliyin tərkib hissəsi olduğunu diqqətə çatdıran müəllif yazır: “1918-ci ilin mayında müstəqil Azərbaycan dövlətinin yaranması ilə Azərbaycan milli dilinin çiyninə yenə şahlıq quşu qondu. 1918-ci il iyunun 27-də Azərbaycan türkcəsi dövlət dili elan olundu. Budur həmin fərman: “Dövləti lisan türk dili qəbul ediləcək, iləridə bütün məhkəmə, idareyi daxiliyyə və sair dövlət vəzifələri başında duranlar bu lisan bilənlər olana qədər hökumət müəssisələrində rus dili istemalına da müsaidə edilsin” (Yenə orada, səh.285)

Bunun ardınca Azərbaycanda təhsil sisteminin milliləşdirilməsi, ibtidai və orta məktəblərdə təhsilin bütünlüklə ana dilində aparılması məsələləri əsas məsələ kimi diqqət mərkəzinə gətirilir. İbtidai və orta məktəblərdə təhsilin milliləşdirilməsinin nəticələrinin hələ uzun zaman çəkməsinə baxmayaraq 1918-ci il dekabrın 27-də cumhuriyyətin hərbi naziri Səməd bəy Mehmandarovun Azərbaycan türkcəsinin orduda əsas dil kimi işlədilməsi ilə bağlı əmr verdiyi də qeyd olunur.

Bu bölmədə müstəqil Azərbaycan dövlətinin hökm sürdüyü qısa bir zaman ərzində dillə, məktəblə, milli ordunun anlaşma dili ilə bağlı gördüyü əsas işlər gerçəkliyi ilə öz əksini tapır, türkcəni yaxşı bilməyən hakimlərin yüksək vəzifələrdən endirilərək digər aşağı vəzifələrə göndərilmələri ilə bağlı əmr və fərmanların imzalandığı da diqqətə çatdırılır.
Həmin dövrdə Azərbaycan türkcəsinə edilən diqqət, göstərilən qayğı və onunla bağlı verilən qərarlar görülən işlərin obyektivliyində öz əksini tapır. Uzun müddət dövlət idarələrində öz kökündən uzaqlaşan, yad dillərin təzyiqi ilə üzləşən, onlarla dayanmadan rəqabətdə olan milli dilimiz müstəqil dövlətimizin yaşadığı həmin iyirmi üç ay ərzində özünə olan yüksək sevgisi ilə əhatə olunur, ömrü az olsa da


Etiketlər:  Sərdar Zeynal Akademik Tofiq Hacıyevin dil sevgisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ