Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı bu gündən 7,5 milyard avro həcmində vəsaitin toplanılması üçün digər qurumlara qoşulur

Avropa İttifaqı bu gündən 7,5 milyard avro həcmində vəsaitin toplanılması üçün digər qurumlara qoşulur

Tarix: 4 May 2020 20:36

Bakı. Trend:

Avropa İttifaqı bu gündən - 4 maydan etibarən 7,5 milyard avro həcmində vəsaitin toplanılması üçün digər qurumlara qoşulur.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətində deyilir.

Cozef Borel videomüraciətində bildirib:

"Avropa İttifaqı adından qarşınızda çıxış etmək üçün məni dəvət etdiyinizə görə minnətdaram. Əgər, nə zamansa, dünyanın müxtəlif guşələrinin biri-birindən hansı şəkildə bağlı olduğunu bilmək istəyirdiksə, COVID-19 bunu özü göstərdi. Bu, oyanış üçün qlobal çağırışdır. Pandemiyanın dünyanın müxtəlif yerlərində tüğyan etdiyi bir zamanda heç kəs heç bir ölkədə, heç bir regionda özünü təhlükəsiz hiss etməyəcək. Mən əlaqələndirilmiş, çoxtərəfli yanaşmaya dəstək vermək üçün bu Zirvə görüşünü keçirdiyinə görə Qoşulmama Hərəkatının təşəbbüsünü alqışlayıram. Pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir. Lakin əgər biz davamlı qlobal bərpanı görmək istəyiriksə, onda yeni və innovativ çoxtərəfli tərəfdaşlıq vacib olacaq. BMT səviyyəsində cavab tədbirlərinin əlaqələndirilməsinə və qlobal miqyasda atəşkəs çağırışlarına gəldikdə, Avropa İttifaqı BMT-nin Baş katibinin göstərdiyi səyləri tam dəstəkləyir. Bu, münaqişələrin qarşısının alınması, sülh quruculuğu və onun möhkəmləndirilməsi baxımından sülh və təhlükəsizlik gündəliyinin yenidən canlandırılması üçün fürsətdir. Aztəminatlı əhali üçün humanitar yardıma çıxış əlyetən olmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmasının qarşısının alınmasında çox mühüm rol oynayır. Avropa İttifaqı dünyada fövqəladə səhiyyə vəziyyətinin yarandığı dövrdə çoxtərəfli sistem daxilində Ümumdünya Səhiyyə Təşkilatının rolunu dəstəkləmək və qorumaq üçün lazımi resursları səfərbər etməkdə davam edəcək. Digər ölkələrdən və regional qruplardan dəstək almaq üçün mayın 18-də Dünya Səhiyyə Məclisində COVID-19-la bağlı qətnaməmizin layihəsinin təkan gücündən istifadə ediləcək. Mən bu təklifin dəstəklənməsi üçün burada bu gün təmsil olunmuş ölkələrə müraciət edirəm.

Hazırkı pandemiyanın aradan qaldırılması və gələcək epidemiyalara müqavimətin qurulması bir-biri ilə yanaşı getməlidir. Biz Ümumdünya Səhiyyə Təşkilatının və digər qlobal səhiyyə təşkilatlarının hərəkətə keçmək çağırışlarını alqışlayırıq ki, təhlükəsiz, keyfiyyətli, səmərəli və əlçatan diaqnostikaya, müalicəyə və koronavirusa qarşı peyvəndlərə ədalətli, universal və bərabər çıxış formalaşdırılsın. Ümumiyyətlə, Avropa İttifaqı və onun üzv dövlətləri Ümumdünya Səhiyyə Təşkilatının ən iri donorlarıdır. Avropa İttifaqı təkcə 2019-cu ildə təşkilata 146 milyon avro ayırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına maliyyə dəstəyini gücləndiririk. Avropa İttifaqı bu gündən - 4 maydan etibarən 7,5 milyard avro həcmində vəsaitin toplanılması üçün digər qurumlara qoşulur.

Təxirəsalınmaz ictimai səhiyyə çağırışları ilə bərabər, beynəlxalq cavab tədbirləri insanları diqqətdə saxlamalı, bərabərsizlik aradan qaldırılmalı və hamı üçün insan hüquqlarını müdafiə etməlidir. Biz qlobal nəqliyyat və ticarət sistemində işin pozulmalarını minimal həddə salmalıyıq və ixraca məhdudiyyətlər tətbiq etməməliyik. Xüsusən də ərzaq və tibb ləvazimatlarında təchiz xəttində ümumi düsturdan istifadə etməliyik. Əvvəlcə söylədiyim kimi, bu pandemiya sərhəd tanımır. Bizim Avropada faciəvi surətdə ilkin təcrübəmiz olub. Biz bütün Avropa İttifaqı ölkələrində bu böhranın yaratdığı ciddi sosial və iqtisadi itkiləri aradan qaldırmalıyıq. Bununla belə, bu, bizi pandemiyaya qarşı qlobal mübarizəyə böyük töhfənin verilməsində çəkindirməli deyil və çəkindirmir.

Bizim “Avropa heyəti” adlı paketimiz tərəfdaş ölkələrə dəstək verəcək və xüsusən də Afrikada ən zəif ölkələrə bu günə qədər 20 milyard avrodan çox vəsait verilib. Bu gün sizin məqsədiniz üzv ölkələr arasında əsas ehtiyaclar və tələblər üzrə məlumat bazasının qurulmasından ibarətdir. Həmin məqsəd mümkün qədər səmərəli şəkildə Avropa İttifaqının bu baxımdan səylərinin təmin edilməsinə yardımçı ola bilər. Biz insan sağlamlığının və planetimizin durumunun bir–biri ilə necə bağlı olduğunu və mövcud bərabərsizliklərin bizi daha da zəiflətdiyini anlamağa başlayırıq. Bir sözlə, gəlin, bundan özümüz üçün dərs götürək. Aydındır ki, biz daha çox iş görməliyik. İndi heç zaman görünmədiyi kimi, biz 2030-cu ilə olan Gündəliyin tam icrasına və iqlim dəyişikliyi ilə bağlı “Paris sazişi”nə gəldikdə ümumi səylərimizə diqqət yetirməliyik.

Gəlin, bu fürsətdən istifadə edək ki, sabahın dünyası daha mükəmməl olsun. Müxtəlifliyin zənginliyini özündə tərənnüm edən dünya mövcud olsun. Vətəndaşlarımız və planetimiz qorunsun. Biz birlikdə daha səmərəli ola bilərik. Bunu nümayiş etdirmək bizim məsuliyyətimizdir.

Pandemiyaya qarşı birgə mübarizənin aparılması bərpa mərhələsində və pandemiyadan sonra daha səmərəli dünyanın qurulmasında daha güclü, çoxtərəfli əməkdaşlıq üçün əsas yol olacaq. Biz Avropa İttifaqı olaraq, bu məqsədlə bütün tərəfdaşlarla işləməyə hazırıq və işləməyi arzulayırıq".


Etiketlər:  Avropa İttifaqı gündən milyard avro həcmində vəsaitin toplanılması üçün digər qurumlara qoşulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ