Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 22:21
"Karantində düz üç kiloqram çəki atmışam. Mən heç zaman kök olmamışam. Səhnə gözəlliyi sevir, məhz bu səbəbdən mütəmadi olaraq idmanla məşğul oluram. İdman alətlərinə belə ehtiyac yoxdur. "YouTube"a daxil olub, orada evdə asan idman hərəkətlərinə baxıb, təkrarlamaq olar. Necə ki bunu mən də edirəm. Təqribən otuz dəqiqə idmanla məşğul oluram. Axşamlar isə çörək yemirəm. Gərək nəfsinə yiyə durasan".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu opera müğənnisi, Xalq artisti Fidan Hacıyeva deyib:
"İndi-indi gözəllik salonları açılır. Lakin bundan əvvəl "YouTube"da vizaj və saç düzümlərini etməyi öyrədən proqramları izləyib həm makiyajı, həm də saçlara müxtəlif düzümlər verməyi öyrənmişəm. Saçlarıma rəng boyasını da özüm qoyuram. Xanımlara bir məsləhətim var, "YouTube"a girib vizaj və saç düzümlərini öyrədən məşhur stilistlərin əl işlərinə baxsınlar. Beləcə, onlar salona getmədən özlərinə bər-bəzək verə biləcəklər. Əllərinin altında makiyaj ləvazimatları, fen və daraq varsa, hər şey etmək olar. Hər şey insanın özündən və fantaziyasından, yaradıcılığından aslıdır".
F.Hacıyeva karantin günlərində oğlunun dəcəlliyindən də danışıb:
"Kiçik oğlumun yeddi yaşı var. Hər gün gəlib məndən soruşur ki, ana karantin nə zaman bitəcək ki, çıxıb dostlarımla parkda oynayım? Cavab olaraq deyirəm ki, Allaha yalvar tez bitsin. Bir də görürəm ki, gedib pəncərənin önündə durub, Allaha yalvarır ki, tez bitsin bu karantin (gülür). Uşaqları bir yerdə tutub saxlamaq, inanın çox çətindir. İndi onların qaynayıb-qarışan vaxtıdır. Hava da isinib. Amma birtəhər kompüter oyunları ilə başlarını qatıram".
Dünyanı cənginə alan koronavirus pandemiyasının xaricdə törətdiyi fəsadlardan söz açan sənətçi təhlükənin hələ də sovuşmadığını bildirib:
"İngiltərədə çox yaxın dostlarım yaşayır. Desəm ki, orada vəziyyət acınacaqlıdır, az demiş olaram. İnsanlar artıq markete gedəndə belə bir-birilərindən çəkinib qorxurlar. Min şükür ki, bizdə belə bir qorxunc hal yaşanmır. İnsanlar anlamalıdırlar ki, koronavirus çox təhlükəli bir xəstəlikdir. Dövlətimiz zamanında doğru qərarlar verdi, sərhədləri bağlayıb karantin elan etdi. Ölkəmizdə karantin davam edir. Dövlətimiz tərəfindən karantin şərtləri hazırda yumşaldılsa da, rahatlaşmaq olmaz. Çünki təhlükə hələ də sovuşmayıb. Koronavirus can almaqda davam edir. Bu, əsl fəlakətdir".
Xalq artisti karantinin müsbət və mənfi tərəflərindən də danışıb:
"Karantin bizi qohumlarımızdan uzaqlaşdırdı. Canlı, sıx ünsiyyətimiz əvvəlki kimi deyil. Anamın 67 yaşı var, karantin başlayandan evdən küçəyə bir dəfə də çıxmayıb. Mənimlə birgə yaşayır. Karantinin mənfiləri bunlar olsa da, müsbəti odur ki, bu vaxta qədər ev işləri ilə məşğul olmağa vaxtım yox idi ki, yemək bişirim, övladlarıma dərslərində yardımçı olum. Karantində bir çox ailələr daha da möhkəmləndi. Elə bəstəkarlar tanıyıram ki, karantin müddətində simfoniya yazıblar. Oxumadığım kitabları mütaliyə etməyə vaxt oldu. Xarici dil biliklərimi artırıram. Məşğuliyyət tapmaq üçün əlimizdə dünyaya çıxışımız olan internet var.
Karantinin başqa müsbət tərəfləri də kifayət qədər çoxdur. Bu müddətdə çox böyük işlər gördüm. Altı nömrəli məktəbin direktoruyam. Uşaqlarla onlayn formada festivallar, konsertlər, müsabiqələr keçirirəm. Bakı Baş Mədəniyyət İdarəsi onlayn formada musiqi festivalı təşkil edib. Uşaqların başı qarışıb bu festivala. Onların potensialları bir daha üzə çıxdı. Sabahdan etibarən respublika üzrə bütün musiqi məktəblərində onlayın formada müsabiqə başlayır. Mən də bu musabiqənin münsif heyətindəyəm. Uşaqların videomateriallarına baxdım, dedim ki, onlar hamısı birinci yerə layiqdir. Çünki hamısı biri-birindən istedadlı və bacarıqlıdır. "WhatsApp"da müəllim və şagirdlərlə qruplar açmışıq. Orada ünsiyyət qurub məsləhətlərimizi əsirgəmirik".