Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 20:38
Bu koronovirus pandemiyası həqiqətdir!
Tanınmış uroloq həkim, tibbi bloger Vasif İsmayıl Azərbaycanda insanların karantin tədbirləri yumşalandan sonra koronavirusa olan inamı və yoluxmaqdan qorxusunun tamamilə itməsi və daha da laqeyd olmasının yarada biləcəyi acı fəsadlardan yazıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkim pandemiyadan yorulan və əvvəlki həyat rejiminə birdən-birə və tez qayıtmasını istəyən insanların böyük səhv etdiyini bildirib.
Həmin yazını təqdim edirik:
"Azərbaycan insanı pandemiya şərtlərində tətbiq edilən karantin tədbirlərindən yoruldu. Bunu ölkənin müxtəlif informasiya vasitələrini, eləcə də sosial şəbəkələri izləyərək görmək olar. İnsanlar sosial məsafəni qorumaq istəmir, banklarda, mağazalarda, növbədə bir-birinə çox yaxın məsafədə, adətən rusların bir deyimində olduğu kimi, "qutudakı siyənək" kimi davranırlar. Bu şərtlər daxilində bizi nələr gözləyir? Əvvəla, onu deyim ki, belə davranan tək xalq biz deyilik. Bizim kimi davranan cəmiyyətlər çoxdur. Amma bizdən daha ağıllı davranan cəmiyyətlər də var. Bu cəmiyyətlərin həm evlərinə, həm maşınlarına, həm səhiyyə sistemlərinə, artıq həm də sosial məsafə və qaydalara uyma davranışlarına da həsədlə baxırıq. Əziz azərbaycanlılar! Bir həkim olaraq-sizin içinizdən çıxmış bir həkim olaraq, sizin içinizdə yaşayan bir həkim olaraq sizə bunları izah edim, lütfən. Bu koronovirus pandemiyası həqiqətdir! Sizə kim nə deyir, hansı sosial şəbəkədən hansı möhtərəm insanı dinlədiniz, vacib deyil - pandemiya həqiqətdir. Bu virus hamını öldürmür, çox zəif mikrobdur. Amma...hamıya yoluxur. Bu gün öldürücülük dərəcəsi 1-6 % arasında dəyişir. Rəqəmlər kiçikdir, razıyam, amma biz də çoxuq. Bu gün Azərbaycan üçün 1 % haradasa 100 min adam deməkdir. Anlayıram, hamınız bezmisiniz, amma bu mikrob qarşısında dünyanın ən böyük dövlətləri, alimləri, sehrbazları və falçıları acizdir. Bu virus bir təbii fəlakət kimi, dünya tarixində dəfələrlə olduğu kimi, indi də öz qaydaları ilə oynayacaq və öz qaydaları ilə də gedəcək. Mütləq gedəcək. Getdiyi zaman bizlərin əksəriyyəti sağ qalacaq, rahat olun. O zaman niyə karantin tədbirləri görürlər? Niyə camaatı evlərinə həbs edir, bəzən isə çölə buraxırlar? Yaxın oturun, izah edirəm. Biz insanlar indiyə qədər bədənimizdə yaşayan və bizə heç bir zərər törətməyən digər mikrobar kimi buna da öyrəşəcəyik. Bu gün çəkisi 70 kg olan insanın bədənində təqribən 1 kg mikrob var. Bu bir kiloqram mikroba öyrəşmək üçün əcdadlarımız milyonlarla tələfat verib, amma bəziləri yaşayıb və biz dünyaya gəlmişik. Öyrəşdiyimiz hər mikrob bizim bədənimizi öz həyat sahəsi kimi görür. Biz insanlar düzənlikləri, çay, dəniz sahillərini, dağları, təpələri bölüşdürüb yaşamırıqmı? Bu mikroblar da bizi öldürə-öldürə, axırda bizimlə barışıq bizim dağlarımızda, təpələrimizdə....yəni orqanlarımızda məskən salıb yaşayırlar. Bu koronovirus da bizdə məskən salacaq və bizimlə birlikdə sakit yaşamağı öyrənəcək. Yaxşı, nələr baş verir?! Bu gün cəmiyyətdə 3 qrup insan var? Heç vaxt koronovirusa yoluxmamış, hazırda koronovirusa yoluxmuş və koronavirusa yoluxaraq sağalmış. Sizə 3 sxem göstərəcəm. Azərbaycanda...nəinki biz, bütün dünyada karantin tədbirləri ideal aparılsa idi, yəni heç kəs evindən-eşiyindən kənara çıxa bilməsə idi, 1 ay sonra vəziyyət aşağıdakı kimi olacaqdı. Virus daşıyan hər kəs xəstəxana və digər karantin müəssisələrində (otellər və s.) olacaq və cəmiyyətdə ortalıqda ancaq yoluxmamış, ya da artıq yoluxub sağalmış insanlar dolaşacaqdı. Bu ssenari artıq mümkün deyil, əzizlərim. Biz bu qatarı 2019-un son ayında artıq qaçırdıq. Elə isə indiki vəziyyətə nəzər yetirək. Gördüyünüz kimi, virus daşıyan insan hər yerdə var. Virus daşıyan bir insan həyat normal davam edərsə, 14 günə virusu 1 000 adama daha yoluxduracaq. Bunlardan da 10 nəfəri öləcək...əlbəttə, şərtlər ideal olarsa. Siz buna hazırsınızmı? Amma bundan sonra ikinci, hətta üçüncü dalğa da gələcək və axırda aşağıdakı kimi mənzərə yaranacaq. Hamı yoluxub və hamı sağalıb. O zaman biz bu virusdan artıq qorxmayacağıq. O zaman normal həyat yaşanacaq. O zaman biz yenə günəşə, soyuğa, qar və yağışa sevinəcəyik. İndilik nə edək? Operativ qərargahın dediklərinə əməl edək. Sevməsək də, əməl edək. Etiraz etsək də, əməl edək. Çünki, bu gün dünyada bu virus səbəbilə itirilmiş 300 min insan bu qədər qısa müddətə xəstələnməsəydi, biz onların əksəriyyətini sağalda bilərdik. İtirilən insanların əksəriyyəti yaşlılıqdan, xroniki xəstəlikdən deyil, adi aparat çatışmazlığından öldü. Dünyada heç bir ölkənin səhiyyə potensialı bu qədər xəstəni eyni anda qəbul etməyə hazır deyil. Onsuz da axırda bu imtahandan sağ çıxacayıq, yetər ki, üzü ağ çıxaq!