Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həm musiqiçidir, həm də ''Böyük dördlüy''ə daxil olan şirkətdə maliyyəçi kimi çalışır - Uğur hekayəsi - FOTO

Həm musiqiçidir, həm də ''Böyük dördlüy''ə daxil olan şirkətdə maliyyəçi kimi çalışır - Uğur hekayəsi - FOTO

Tarix: 10 May 2020 07:02

Vədad Rzalı: "Vaxtımı dəyərləndirməyi uşaqlıqdan öyrətmişdilər"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Səhər və günorta maliyyəçidir, axşam evə qayıdıb pianino arxasında oturur və rəqəmlərdən, hesabatlardan uzaq musiqiçi olur. Musiqi ilə məşğul olmağı həyatında balansı saxlamaq üçün zəruri hesab edir.

Müsahibimiz Kanadada dünyanın dörd böyük audit şirkətindən biri olan "PwC"də məsləhət xidmətləri departamentində baş mütəxəssis vəzifəsində çalışan, eyni zamanda musiqiçi kimi fəaliyyət göstərən Vədad Rzalıdır.

Qeyd edək ki, V.Rzalı Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi İstedadlar Qrupunda - XİQ) maliyyə üzrə təhsil alıb. ADA Universitetində isə MBA üzrə təhsilini davam etdirib.

- Vədad bəy, dostunuz sizin haqqınızda "iqtisadi sahədə dünya səviyyəsində sertifikatları olan bir gənc" deyə bəhs etdi. Maraqlıdır, hansı sertifikatları almısınız və bunları almağa nə vaxtdan başlamısınız?

- Birinci kursda oxuyandan başlamışam. Çünki araşdırdım və gördüm ki dünyada audit və mühasibatlıq biliklərinin sübutu kimi mütləq ACCA sertifikatını almalısan. 14 imtahan var idi (indi 13 olub). Müəllimsiz, özüm hazırlaşıb imtahanları verməyə başladım. Sonra CFA sertifikatının imtahanlarına hazırlaşdım. O da maliyyəyə aiddir. Amma sırf mühasibatlıq deyil, daha genişdir. Hər iki sertifikatın axırıncı mərhələsindəyəm. Bu il koronavirus pandemiyası olmasaydı, ikisini də tam bitirmiş olacaqdım.

- İkinci kursun əvvəlindən "Bank Standard"da işləməyə başlamısınız. Tələbələr, adətən, ya pul qazanmaq, ya da təcrübə yığmaq üçün işləyirlər. Sizdə səbəb nə idi?

- Vaxtı itirməkdən qorxurdum. Düşünürdüm ki, Amerika, Çin, Rusiya və s. digər ölkələrdə dünyaya dəyişiklik gətirə biləcək insanlar vaxt itirmirlər, çalışırlar. Ona görə öz peşəmlə bağlı kitabdan öyrəndiklərimi qısa zamanda təcrübədə tətbiq etməyə istəyirdim.

- Bir çox insanlar iş dünyasına düşəndən, bəzən illər keçəndən sonra vaxtı doğru dəyərləndirmədikləri qənaətinə gəlirlər. Vaxtla bağlı yanaşmanızın belə desək, 2-ci kursda - elə vaxtında o cür formalaşmasından da danışaq.

- Bu, valideynlərim tərəfindən uşaq yaşlarından mənə aşılanan keyfiyyətlərdəndir. Atam həmişə deyirdi ki, sənin oxuduğun hər paraqraf, gələcək üçün bir açardır, puldur və sən bunu dəyərləndirməlisən. Ona görə, uşaq vaxtımdan valideynlərim günümün dolu keçməsi üçün çalışırdılar. Dərsdən sonra üzgüçülük, milli rəqs, rəsm, piano dərsi və s. gedirdim. Vaxtımı dəyərləndirməyi uşaqlıqdan öyrətmişdilər.

- Ancaq indi belə yanaşmalar var ki, uşağı heç də bu qədər yükləmək olmaz. Bu, sizin üçün yüklənmək demək deyildi?

- Əgər uşağın gördüyü işə marağı yoxdursa, o, yüklənmiş olacaq. Amma valideynlərim məni nəyəsə məcbur etmirdilər. O dediyim məşğuliyyətlərin özüm də həvəsində olmuşam. Amma razıyam, uşaq istəməsə də, valideynlərin məcbur etdiyi halları da görürdüm. Valideyn əsəbiləşirdi, uşaq da maraq göstərmirdi. Mənim bəxtim gətirdi ki, valideynlərimin məsləhət bildiyi məşğuliyyətlər öz marağımda da olub (Gülür).

- Tələbənin iş tapmaq məsələsinə gələk. Tələbələrin çoxu işləmək istəyir, amma iş tapmadıqlarını deyirlər. İş tapmaq prosesi necə oldu?

- İndiyə qədər iş tapmaqla bağlı problemim olmayıb. Həmişə inanmışam ki, insan təhsil, savad, dünyagörüşünə güvənirsə, qeyd etdiklərim onda varsa, mütləq iş tapacaq. Mən banka bir aylıq təcrübə keçmək üçün getmişdim. Birinci maliyyə nəzarəti departamentində başladım. Oradakı işləri müəyyən qədər öyrənəndən sonra investisiya bankçılığı departamentinə keçdim. Həmin dövrdə o şöbədə pilot layihə icra olunurdu. Ancaq bir ayın tamamında təcrübə müddətim bitdi. Bir həftə sonra əlaqə saxlayıb dedilər ki, işini, işə yanaşmanı bəyənirik, yarımştat pilot layihəmizdə işləməyinizi istəyirik. Bu, çox maraqlı idi. Həmin vaxt heç bir şirkət, bank elə layihə etmirdi. Orda çox yaxşı təcrübə qazandım. Bizim oradakı müdirimiz uzun zamanlar Amerika, Ukrayna kimi ölkələrdə işləmişdi, gözəl bazası var idi və s. Beləcə universiteti bitirənə qədər orda çalışdım, sonra hərbi xidmətə getdim. Qayıtdıqdan sonra bir neçə ay yenə həmin bankda işlədim, sonra - 2015-ci ildə "PwC" şirkətinə qoşuldum. 2017-ci ildə məni Moskva ofisinə ezamiyyətə göndərdilər. Orda çalışandan sonra Bakıya qayıtdım. 2019-cu ildə şirkətin Kanada ofisinə transfer olundum.

- Maliyyə sahəsindəki sertifikatların imtahanlarına hazırlıq prosesi heç də asan deyil. Məsələn, CFA-ni çətinliyindən dolayı yarımçıq qoyanlar da çoxdur. Dərs, iş, sertifikatlara hazırlıq bir tələbənin rejimini necə edirdi?

- Maksimum 5-6 saat yatırdım. Səhər yeddi-səkkizin yarısı oyanırdım, günorta bir-ikiyə qədər universitetdə olurdum. Axşam altıya qədər isə iş vaxtım idi. İş çox olanda, təbii ki iş saatım uzanırdı. İşdən sonra gəlib dərslərimə, sertifikat imtahanlarıma hazırlaşırdım. Əgər universitet imtahanları ilə sertifikat imtahanları üst-üstə düşürdüsə, gecə üç-dördə qədər də qalıb oxuyurdum. Bundan əlavə, tələbə vaxtı fərqli müsabiqələrə qatılırdım. O müsabiqələr də vaxt tələb edirdi. Yəni çalışırdım ki, özümü yükləyəcək başqa nələrsə də tapım (Gülür).

- Özünüzü yükləmək tükənməyə, verimliliyin aşağı düşməsinə gətirib çıxarmırdı?

- Yox. Universiteti qırmızı diplomla bitirdim. Eyni zamanda, iştirak etdiyim müsabiqələrdə qalib gəlirdim. Özümü yükləyirdimsə, çox yorulsaydım, yəqin ki bu nailiyyətlər də olmazdı. Buna alışmışdım və əvvəldən az yatırdım. Bu rejimə öyrəşdiyim üçün özümü stress altında hiss etmirdim, yaxud "çatdırmıram" kimi düşüncədə də deyildim. Əksinə, daim hərəkətdə olmaq mənə xoş idi. Bir də ki mən şənbə və bazar günləri dincəlirdim. Gəzirdim, beynimi rahatladırdım. İndiyə qədər tükəndiyimi hiss etməmişəm. 

- Tələbə kimi işləyib qazandığınız pul xərclərinizi qarşılayırdı?

- Bakalavr təhsili aldığım dönəmdə əlaçı təqaüdüm var idi. Üstəlik Beynəlxalq Nobel Qardaşlıq Fondunun və "Azercell" şirkətinin təqaüdlərini də alırdım. Eyni zamanda maliyyə ilə bağlı müsabiqələrdə iştirak edib qalib olurdum və ordan da pul qazanırdım. Təqaüdlər və qrantlardan aldığım pul sayəsində həmin vaxt bankda aparıcı mütəxəssisin maaşı qədər aylıq gəlirim olurdu.

- O təqaüdləri də heç də bütün tələbələr qazana bilmirlər.

- Təqaüdü almaq üçün müsabiqələrə qatılırdıq. "Azercell"in təqaüdü üçün 3 mərhələ keçmək lazım oldu. Nobel Qardaşlıq Fondunun təqaüdü də elə. Bu təqaüdlər də məhdud sayda olurdu. Fond universitetdə cəmi 5 tələbəyə təqaüd verirdi. Məntiq imtahanı olurdu, inşa yazırdıq və müsahibə edirdilər. Yoxlayırdılar, universitet nəticələrinə baxırdılar. İnşa müsabiqələrində mövzu seçib işləyirdik. Sonra o tezislə çıxış edirdik, suallar verirdilər. Bu prosesləri keçənlər qalib olurdular. Elə müsabiqələr olurdu ki, 2-3 ay çəkirdi. Hər dəfə yeni biznes keyslərin həllini tapmaqla məşğul olurduq. Bəzən finalda 48 saat oyaq qalıb işləyirdik. Yatmayaraq tam analizi hazırlamaq, onu tətbiq və təqdim etmək və qalib gəlmək asan deyildi.

- Böyük audit şirkətlərində iş yükü ağır, iş vaxtı çox olur. Yəqin ki 5 il audit şirkətində çalışmağa tab gətirməyinizin səbəbi də o rejimlərə öyrəşməyinizdir.

- (Gülür) Bəli, rejim elədir. Əgər layihə varsa, doğrudan da çox işləməli oluruq, bu, dünyanın hər yerində elədir. Keçən həftə mən yemək fasiləsi 15 dəqiqə olmaqla hər gün səhər saat səkkizdən gecə saat birə qədər işlədim. Əlbəttə ki, bu, çox insan üçün çətindir. Sağlamlıq cəhətdən yanaşanda, daim bu rejimdə olmaq ziyandır. Amma audit və konsaltinq şirkətlərində həyat çox maraqlıdır. Müxtəlif şirkətlər, fərqli industriyalar, yeni layihələr görürük. Ona görə bu şirkətdə işləyən insanlar daha tez görürlər, yeniliklərdən daha tez xəbərdar olurlar, daha tez inkişaf edirlər. Düzdür, çətin yoldur, amma nəticəsi də böyükdür.

- Həm də professional şəkildə musiqiylə məşğul olursunuz. O rejimlə musiqiyə də vaxt tapırsınız.

- Musiqi ilə məşğul olmağım həyatımda balansı saxlamaq üçün zəruridir. Səhər və günortalar maliyyəçiyəm, axşam evə gələndə piano arxasına otururam və rəqəmlərdən, hesabatlardan uzaq musiqiçi oluram. Özüm musiqi bəstələyirəm, ifa edirəm.

Vaxt ayırmağa gəlincə, bu, məncə, düşüncə tərzindən asılıdır. Əgər insan işdən çıxanda, "yorğunam, gedim televizora baxım, heç nə etməyim" kimi düşünürsə, təbii ki o, nəinki musiqi, heç nə ilə məşğul olmayacaq. Amma işdən sonra özü üçün ayırdığı vaxtı daha səmərəli keçirmək, nəsə oxumaq, dinləmək, istəyirsə, yeni bir şey öyrənmək üçün daim nəsə axtarırsa, onda yorğun olduğunu, heç nə etmək istəmədiyini düşünmür. Düzdür, elə günlər olur ki, mən də çox yorğun oluram və heç nə etmək istəmirəm. Amma yenə də çalışıram ki, həyatım ancaq işdən ibarət olmasın. Onda bu rutinləşəcək və irəliləyiş olmayacaq.

- Özlərini inkişaf etdirmək istəyən kadrlar daim yeni nəsə öyrənirlər. Siz hazırda nə öyrənirsiniz?

- Proqramlaşdırmanı öyrənirəm. Fikirləşirəm ki, indi ingilis dili biliyi nə qədər zəruridirsə, kodlaşdırma da bir müddətdən sonra belə olacaq. Buna görə, işdən sonra və həftə sonları bunu öyrənməyə vaxt ayırıram.

- İş prosesində kodlaşdırmaya tələb var, yoxsa özünüzü gələcək üçün hazırlayırsınız?

- Artıq o tələbi hiss edirəm. Çox bəsit işləri belə proqramçılarla birgə edirik. Öyrənsəm, bunu özüm də edərəm. Eyni zamanda, Kanadada olan şirkətlərlə danışanda görürəm ki, onlar hansısa proseslərin avtomatlaşdırılmasını istəyirlər. O dövr gələcək ki tapşırıqların çoxunu proqramlar, süni intellekt sayəsində avtomatlaşdırılmış şəkildə həll edəcəyik. Məlumatsız olsaq, robotla, kompüterlə savaşmaq gülünc ola bilər. Ona görə o kodda yaranan problemi tapıb düzəltmək üçün biliyimiz olmalıdır. Təbii ki yenə də maliyyə bilikləri lazımdır, amma prosesləri bilmək və nəzarət etmək üçün öyrənməliyəm. Çünki proses çox sürətli gedir.

İndi tələbə olsaydım, maliyyə ixtisası üzrə oxusaydım, mütləq paralel şəkildə kodlaşdırmanı öyrənərdim. Bəlkə də, daha tez başlayardım. Çünki artıq 14-15 yaşlılar elə nəticələr göstərirlər ki, gecikirik. Ona görə tez-tez öyrənməyə çalışıram (gülür).

- Əvvəldə qeyd etdiniz ki, dünyaya dəyişiklik gətirmək istəyən insanlar vaxt itirmirlər. Vaxt məsələsindən çox danışdıq, bəs dünyaya dəyişiklik gətirməklə bağlı məqsədləriniz varmı?

- Orda çatdırmaq istədiyim o idi ki, mən özümü dostlarımla, öz ətrafımla müqayisə etmirdim. Dünyanın müxtəlif yerlərində öz üzərlərində işləyən çox gənc var və onlar heç vaxt dayanmırlar. Fikirləşirəm ki, məsələyə qlobal baxmaq lazımdır. Tutaq ki sinifdə hamı tənbəldir, öz üzərində çalışan bircə mənəm. Amma mən bununla kifayətlənməməli, məsələyə daha qlobal baxmalıyam. Çünki sinfindəki insanlar tənbəl olsalar da, başqa siniflərdə çox aktiv tələbələr var. Dünyanın fərqli ölkələrində də elə.

Dəyişikliyə gəlincə, mən öz üzərimdə çalışıram ki, daha böyük, maraqlı layihələrdə iştirak edim. Məsələn, Kanadada bir neçə layihədə iştirak etmişəm. Hansılar ki, onlarda yeni texnologiyaların tətbiqi üçün çalışırdıq. Həyatımızı daha da yaxşılaşdıran, bizneslərin təbiətə zərər vurmadan fəaliyyət göstərməsi ilə bağlı layihələr idi. O layihələrdə iştirak üçün isə üzərində işləyirsən, biliyinə, təcrübənə inanıb səni cəlb edirlər. Həm öyrənirsən, həm də yaxşı dəyişikliklərdə iştirak etmiş olursan.

- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?

- İnsan heç vaxt nəyi niyə etdiyini unutmamalıdır. Son məqsədi unutmaq olmaz. Bəzən insanın işi o qədər çox olur və o qədər problemləri həll etmək üçün çabalayır ki, o anda niyə çabaladığını soruşanda, cavab verə bilmir. İnsan həmişə niyə bunu etdiyini, hara getdiyini unutmamalıdır. Əziyyəti niyə çəkdiyini bilirsənsə, uğur səninlə olacaq.

Milli.Az


Etiketlər:  Həm musiqiçidir həm Böyük dördlüyə daxil olan şirkətdə maliyyəçi kimi çalışır Uğur hekayəsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ