Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 17:32
Nə xüsusi karantin rejimi, nə pandemiya 1530 nəfərin evlənməsinə əngəl ola bilməyib. İki aydan çoxdur bütün restoranlar fəaliyyətini dayandırsa da, nikah masasına əyləşənlər var. Lakin müəyyən şərtlər daxilində bu insanların nikahına icazə verilib. Münasibətlərini rəsmiləşdirsələr də, toy məclisi qura bilməyən bu cütlüklərə millət vəkili Fazil Mustafanin fərqli təklifi var.
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Fazil Mustafa - Milli Məclisin deputatı: "20 -25 nəfərlik bir məclislərə icazə verilir, lap yaxın adamlar çevrənin insanları orada şənlənirlər. 2 saat, 3 saat toydan qabaq da hesab açılır, hesabı da kimlərin ki toylarına gediblər, kimləri yaxın hesab edirlər, onlara bildirirlər ki, bu hesaba da adamlar gənc ailəyə dəstək vermək üçün pul köçürürlər".
Yəqin ki, toyların karantindən sonra da bu formada keçirilməsini evə dəvətnamə gələrkən qanı qaralan bir çoxları arzu edir. Lakin millət vəkili bunun mümkünsuz olduğu qənaətindədir.
Fazil Mustafa - Milli Məclisin deputatı: "Yox, olmaz. Bunu, məsələn, Gürcüstanda etmək olar, Avropada etmək olar, Türkiyədə etmək olar, Azərbaycanda qəti olmaz. Azərbaycanda 50 min manat verib, 100 min manat verib Türkiyədən müğənni çağırıb öyünməsən olmaz, gəlinlə bəy deyir ki, o müğənnilər olmasa, bizim ailə qurulmayacaq..."
Ümumiyyətlə, xalqımız toy adət-ənənələrinə çox önəm verir. Bizdə ən kiçik toy məclisləri 200-250 adamın iştirakı ilə keçir. Heç kəsə sirr deyil ki, həmin toydakı insanların heç də hamısı toy sahibinin yaxınları olmur.
Nail Cəlil - Sosioloq: "Geniş yayılmasa da belə bir adət var, xüsusən şəhər yerlərində, restoranlarda toy edənlər çox vaxt bunu məcburiyyətdən edirlər. Bir stolun qiyməti, dəyəri, restoranlara çəkilən xərc bir qədər baha olur və insanlar da bu xərci çıxarmağın yolunu çoxsaylı insanları tanışları hətta təsadüfi tanışları belə toya çağırmaqda görür".
Lakin ekspertlər bildirir ki, insanlar dost-tanışı şad günlərinə, sadəcə, pul üçün çağırmamalıdır.
Nail Cəlil - Sosioloq: "O şəxslər bunu bir borc, öhdəlik kimi görürlər. Bir nəfər şəxs öz toyuna 100-1000 nəfər adam çağırırsa, həmin adamlar da onu toya çağırmağı özlərinə borc bilirlər və o da həmin borcu ödəməyi özünə borc bilir".
Millət vəkili Fazil Mustafa deyir ki, bu, insanların şəxsi seçimidir. Bu məsələyə müdaxilə etmək düzgün olmaz. Lakin heç bir halda göstəriş xətrinə kimlərisə toya dəvət etmək düzgün deyil.
Fazil Mustafa - Milli Məclisin deputatı: "İnsanlar bunu bir şöhrətpərəstlik nümayişindən çıxartmalıdırlar, yəni gerçək bir ailə həyatı qurmağa yönəltməlidirlər, ailə səadətinin qurulmağına yönəltməlidirlər".
Nail Cəlil - Sosioloq: "Bu insanların adətlərinə, dəyərlərinə aid olan bir məsələdir, bunu qanun çərçivəsinə salmaqla deyə bilmərik ki, biz qonaqların sayı 30 olsun, 20 olsun, 50 olsun. İstisna hallarda, məsələn, koronavirus pandemiyası ilə əlaqədar deyək ki, müəyyən məhdudiyyətlər qoyula bilər, yəni qanun bu halları tənzimləyir".
Dünya təcrübəsinə nəzər salanda görürük ki, dünyanın heç bir yerində sadə xalqın nümayəndələri 500-700 nəfərlik toy keçirmir. Ancaq toy sahibinin yaxınları və dəyər verdikləri insanların əhatəsində məclis təşkil olunur.