Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 10:51
Bütün münaqişəli problemlərə çıxışın birbaşa beynəlxlaq dialoq məkanından izolyasiya ilə məhdudlaşdığı bir ərəfədə sanki Qarabağ düyünü yeniləşən formasiyada virtual düzən üzərindən nizama qovuşur. Strateji görüntüdən bir az da o tərəfə keçən bu dəyişiklik Azərbaycan və Rusiya XİN başçılarının sadəcə üç gün fərqi ilə iki dəfə ard-arda telefon danışığı və Rusiya XİN sözçüsünün ardından özünü çox gözlətməyən Lavrovun İrəvanı silkələyən Qarabağ bəyanatı ilə daha aydın müşayiət edilir. Əvvəla, dünyanın mikrokorona "müharibəsinə"qərq olduğu bir vaxtda regional maraqların nüvə mərkəzi Qafqaza Rusiyanın timsalında yenidən istinad Ermənistan rəhbərinin Azərbaycan dövlət başçısına ard-arda siyasi beynəlxalq tribunal məğlubiyyətlərindən sonra əsla təsadüf sayıla bilməz. Burada Rusiyanın Qarabağ probleminə baxış bucağı təkcə beynəlxalq faktorlar deyil, həm də Ermənistanın daxili siyasi vəziyyəti üzərindən dəyişikliyə uğrayır. Məsələyə xüsusilə Sərkisyana keçmiş bağlılığı fonunda Qarabağ klanının son ümidi separatçıların yeni liderinin Paşinyana əks müqavimətdə Rusiyanı qane edən fiqur kimi ortaya çıxması prizmasından yanaşsaq, yanılmarıq. Bütün bunlar öz yerində, ancaq əsas "müəmma" qətiyyən ermənipərəst Lavrovun gözlənilməz aktivliyi və ya Ermənistanın qeyri-müəyyən vəziyyətə düşməsi ilə bağlı deyil, Koronanın diqtə etdiyi geosiyasi şəraitdən doğan şərtlərin Şimalda zamanında və dəqiq hesablanması aydınlığa qovuşur. Bəli, geosiyasi vəziyyətin heç vaxt və hər mənada Qarabağ məsələsinin bu qədər xeyrinə dəyişmədiyi bir ərəfədə pafossuz müharibə tezliyinin 30 illik nəticəsiz danışıqların sayına bərabərlik əmsalı sadəcə qapalı sərhəd xaricində arzuolunan deyil. Bu mənada, Koronanın özü ilə bərabər gətirdiyi şokların effektində yalnız isterik bəyanatlarla yetinən Ermənistan fərqində olmadan Rusiyanın yardım əlini geri çevirir. Bu, bir növ geosiyasi nizamın seçim zərurətindən dolayı Rusiyanın əsas strateji siyasi hədəf kursundan kənarda qalan Ermənistana bəlkə də uzadılan sonuncu kömək əli sayıla bilərdi. Buna rus-erməni siyasi ekspert dairələrində Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilənən bir sıra vahid ortaq mövqelər də işıq salır. Əlbəttə ki, ermənipərəst rus XİN başçısının İrəvanda bir növ fırtına yaradan Qarabağ aktivliyinin davamlılıq effekti cəmi bir neçə ay çəksə belə, prosesləri heç bir halda Ermənistanın lehinə çevirmək mümkün olmayacaq. Üstəlik, mövcud şəraitə tabe olmaqdan başqa seçim imkanı tanımayan bu geosiyasi legitimlik Qərb yolunda irəliləyən Ermənistanın hələ də Rusiyaya ümid və gözləntilərinin özünü doğrultmaması fonunda İrəvan-Moskva gərginliyinin ikinci dalğası ilə daha da kəskin hal alacaq. Görünən odur ki, Ermənistan hökuməti indiyə qədər danışıqlarda iştirak edə-edə hər vəchlə real müzakirələrin inkar acısını təkbaşına həzm etməyi bu dəfə tale yazısından silə bilməyəcək. Təbii ki, burada söhbət heç də Qarabağ məsələsinin masaüstü real həll formulunun Rusiya tərəfindən bütün çılpaqlığı ilə bəyan edilməsi və danışıqların növbəti gedişatına təsir edəcək detalların açıqlanması ilə məhdudlaşmır. Olduqca incə və dərin baxış tələb edən məsələnin əsas mahiyyəti real həll formulunun (mərhələli həll planı) masaüstü sənəd funksiyasından çıxaraq aktivasiya dövrünün başlanmasında gizlənir. Ermənistanı cənginə alan "Qarabağ fırtınasının" əsas səbəbi də məhz bundan qaynaqlanır. Bu həm də real danışıqları hər formada imitasiya edən Ermənistanın əslində yekun razılığın əldə olunmamasına rəğmən sülh prosesinə məcbur edildiyinin isbatıdır. Müzakirələrdə siyasi varlığını hər cür inkar edərək real danışıqlardan boyun qaçıran erməni hökuməti bununla da avtomatik olaraq sülh prosesini sabotaj "rolunu" əldən vermiş olur. Artıq erməni cəmiyyətini Qarabağ probleminin tərəflər arasında məhz mərhələli həll planını üzrə tənzimlənməsi reallığından daşındırmaq heç bir halda mümkün olmayacaq. Əvvəl masaüstü formul funksiyasını yerinə yetirən bir sənədin heç gözlənilməyən bir əl tərəfindən paraflanması danışıqları imitasiyaya ən kiçik bir imkan yeri belə qoymur. Bu mənada məsələyə iki aspektdən baxış ön plana çıxır: siyasi müstəvidə və hərbi sferada.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində təbliğat daha vacib amildirmi?
Dünyada səhiyyədən və yeganə davamlı İran-ABŞ qarşdurmasından savayı, bütün sistemlərin fəaliyyətinin durduğu bir dönəmdə Qarabağ məsələsi beynəlxalq dialoq meydanlarının mərkəzinə çevrilir. Düzdür, söhbət hələ hər nə qədər verilən açıqlamadakı proseslərə hazırlıqdan getməsə və əsas məramı fərqli siyasi tələblərdən qaynaqlansa da, haqq sferamızda istənilən müsbət canlanma hər zaman Bakının maraq tribunasında özünə xüsusi yer edib. Bu gün Bakını diqtə edən tərəfə çevirən də məhz müxtəlif siyasi beynəlxalq müzakirələrdə haqlı rolunu öz qələbəsinə çevirərək diplomatik uğurlarının apogeyinə çatdırmasındadır.
Yeni mərhələdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində təbliğat daha vacib amil kimi önə çıxmasa da, Bakının beynəlxalq müstəvidə prosesə həmrəy çağırışları artırması ilə dinamik balansı qoruması şərtdir. Tarixdə sülh yolu ilə heç bir torpaqların azad edilmədiyi reallığı üzərində dayansaq, burada Qarabağ müstəvisindəki siyasi savaşın hərbi, iqtisadi gücümüzə qeyri-adekvatlığını inkar edə bilmərik. Buna baxmayaraq yeni siyasi dönəmdə Rusiyanın Qarabağ məsələsində haqlı tərəfin geosiyasi azadlığına xüsusilə də konfiqurasiya dəyişikliyinin doğurduğu siyasi nəticələrdən dolayı meydan tanıması Azərbaycanın hərbi cəbhədə savaşı ilə yanaşı, beynəlxalq məkanda yeni təbliğat taktikasını da zərurətə çevirir. Bildiyiniz kimi, Azərbaycan erməni işğalçıları tərəfindən zəbt edilmiş ərazilərinin bərpa edilməsi istiqamətində uzun illərdir ki, iki cəbhədə savaş verir. Bunlardan biri hərbi cəbhədə düşmənə qarşıdırsa, digəri diplomatik-siyasi müstəvidə Qarabağ probleminə və Azərbaycan həqiqətlərinə dünya ictimaiyyətinin ikili standartlarına qarşıdır. Son günlər Qarabağ ətrafında geosiyasi aktivlik bir daha bu məsələyə qayıtmağı şərtləndirir. Çünki Rusiyaya rəğmən düşmənin həyasızlığı ən az Azərbaycanın haqq səsi qədər güclüdür. Əslində, burada qəribə heç nə yoxdur. Arxitekturası başqa dövlətin əraziləri üzərindən qurulan bir ölkənin siyasi təbliğat maşınlarının istehsal etdiyi yalanlar, iddiadan ötəyə keçə bilməyən bu həyasız "mübarizənin" səsi bəlli səbəblərdən daha çox eşidilir. Minsk Qrupu çərçivəsində özünə yer etmiş digər dövlətlər və onların müttəfiqləri məhz siyasi dayaqları naminə həqiqətləri ən ali formada görməzdən gəlirlər. Təbliğatımız hərbi, iqtisadi gücümüzə hər nə qədər adekvat səviyyədə olmasa da, ən azından Qafqazda maraqlı olan gücləri nəhayət bu məsələdə Qarabağda lehimizə konsensusa gətirə biləcək səviyyədə olmalıdır. Buraya Bakıda cəmləşən ermənilərin Azəbaycana haqq səsini də əlavə etdikdə, məqsədimizə qismən deyil, tam nail olmuş olacağıq. Çünki bu dəfəki fürsəti parametrləri heç bir qütblü dünya nizamına uyğun olmayan, qütbsüz Korona diqtə edir və onun şərtlərindən kənara çıxmağın gətirəcəyi bəlaları isə hesablamaq elə də çətin və uzaqda deyil. Qarabağ probleminin tənzimlənməsi hazırkı geosiyasi reallıqda siyasi müstəvidəki "aktivlikdən" - işğal prosesinin davamı kontekstindən kənara çıxa bilməyən danışıqlar prosesindən deyil, hərb yolu ilə ərazilərimizin işğal asılılığının tamamilə aradan qaldırılması mümkünlüyündən daha çox asılıdır. Bunu üçün isə ilk növbədə müstəqil bir dövlətin real siyasi, iqtisadi, enerji, sosial, hərbi və digər mühüm sahələrdə inkişafı və dayanıqlı uğurları qələbə tarixinin bütün səhifələrini əhatə edəcək qədər böyük olması reallığı olduqca mühümdür.
Bu mənada, ərazi bütövlüyümüzə Dağlıq Qarabağ və onun ətraf rayonlarından başladılan sui-qəsdə qarşı 30 illik azadlıq mübarizəmizə sadəcə itirilən vaxt prizmasından yanaşmaq nə dərəcədə doğrudur?
Az öncə diqqət etdinizsə, yuxarıda Qarabağla bağlı yetişən bu prosesdə təbliğatın daha vacib amil olub-olmaması sualı üzərində istər-istəməz bir ümidsizlik hiss edilir. Düşmən həyasızlığının beynəlxalq məkanda Azərbaycanın haqq səsini üstələməsinin təbii səbəblərdən baş vermədiyi artıq bir faktdır. Ancaq əsl paradoksal vəziyyət əsla bu nöqtədə deyil, bu gün beynəlxalq siyasi məkanda Qarabağ məsələsini Qafqazda siyasi mənafeləri üzərindən dəyərləndirən və Azərbaycana ikili tətbiqləri üçün fürsət axtaran həmin dövlətlərin üst qurumlarının siyasi, hərbi, iqtisadi gücümüzə məhz öz reytinqli hesablamları ilə şübhə qoymamasındadır. Bu gün müxtəlif dialoq məkanlarında sülh masasında Qarabağ məsələsinə "həmrəyliyi" daim laxlayan tribunalar digər tərəfdən Azərbaycanın Ermənistan üzərində bütün sferalarda üstünlüyünü faktlarla nümayiş etdirərək işğalçılıq siyasətindən əziyyət çəkən Ermənistanın ölkəmizə təcavüzünü təsdiqləməklə ən az BMT qətnamələrinə bərabər mühüm sənədlərə imza atmaqdadırlar. Digər münaqişəli problemlərin siyasi inkişaf tarixi ilə müqayisədə Qarabağ məsələsinin üzləşdiyi bu paradoksallığı inkar edəcək ikinci bir fakt yoxdur. Dünyanın ən güclü orduları reytinqində getdikcə irəliləyən Azərbaycan 52-ci yerlə 96-cı yerdə qərarlaşan Ermənistanı geridə qoyur. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci, tank gücü üzrə 32-ci yerdədir, Ermənistan isə 78-ci yerdədir. Azərbaycan ordusunun son 10 ildə inkişaf etdiyini artıq xarici ekspertlər də yüksək qiymətləndirərək bunu birbaşa ölkəmizin iqtisadi gücü ilə əlaqələndirirlər. Stokholm Sülh Problemlərinin Tədqiqatı Beynəlxalq İnstitutunun məlumatında Azərbaycanın hərbi büdcəsinin ÜDM-in 4%-i qədər olduğu bildirilib. İlk onluqda yer alan Türkiyə və digər böyük dövlətlərlə əlaqələrimiz yüksələn xətlə inkişaf edir.
Bu faktlara xüsusilə də Azərbaycan dövlətinin və rəhbərinin siyasəti nəticəsində nail olduğumuz heç bir şübhə yeri qoymur. Baxın, Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında iqtidarın 2019-cu ildəki uzunmüddətli strategiyasına görə Azərbaycan ilk onluqda qərarlaşmaqla Ermənistanı dəfələrlə üstələyir. Məhz bu cür dayanıqlı siyasət nəticəsində ölkəmiz sözügedən hesabatda iqtisadi sabitliyini də ilk sıralara daşıya bilir.
Təməli gələcəyə hesablanmış və siyasi sabitlik üzərində qurulan bir dövlətin gücünə ən nüfuzlu beyinlərin təhlilləri də şübhə qoymur. Ötən il "News & World Report" mətbu orqanı tərəfindən aparılmış təhlilə əsasən Azərbaycan dünyanın ən güclü ölkələrinin siyahısında hətta coğrafiyaca ona yaxın inkişaf etmiş ölkələrə belə meydan oxuyur. Cəmi 80 ölkənin yer aldığı siyahıda Azərbaycan ən güclü ölkələr arasında 45-ci yerlə yenə öz sözünü deməyi bacarır. Bu açıq şəkildə Ermənistanın işğalçılıq siyasətinə təkcə Azərbaycan tərəfindən deyil, həm də reallıqların verdiyi ən strateji cavabdır.
Daim ərazi iddiaları ilə irəliyə getməyə can atan Ermənistanın dalanı təkcə siyasi, hərbi sahələrə bitmir. Bu təcridolunma iqtisadi, investisiya, enerji və nəqliyyat dalanı ilə hər keçən gün daha da çıxılmaz hal alır. Azərbaycan bütün bu səylərinə kiminsə maddi və mənəvi iradəsi altında deyil, öz gücü - iqtisadi inkişafın templərinə görə, dünya miqyasında irəliyə daşıdığı 35-ci ön mövqeyi ilə nail olur.
Bu günlərdə Qarabağ üzərindən Rusiyadan qaz endirimi ümidsizliyi ilə enerjisi dibə vuran Ermənistan mühüm dəhlizlərin mərkəzi nöqtələrinin habı Azərbaycanla nəinki hərbi, eləcə də siyasi rəqabət böhranında boğulur. Bu siyahını danışan beynəlxalq indekslərin dili daha da uzatmaq, xüsusilə də ordusu, sosial rifahı və Rusiya ilə münasibətləri defolt astanasında olan erməni hökumətinin iflas təhlükəsi ilə dəstəkləmək üçün kifayət qədər faktoloji resurslar var. Sonuncu Qarabağ mübaribəsində düşmənə cavab zərbələrinin kəskinliyinin qazandıracağı qələbə də elə məhz bu uğurlu rəqəmlərdən asılı olacaq. Odur ki, Azərbaycanın bu zamana qədər apardığı mübarizə sadəcə müharibəyə deyil, qələbəyə hazırlıq idi. Bu tarixi hazırlığı Azərbaycanın siyasi, iqtisadi, enerji, sosial, hərbi gücü - dövlətinə həmrəy hökuməti əbədiləşdirəcək!
Sonda bu yerdə Ermənistan reallığını tamamlayacaq çox yaxşı bir deyim var ki, qara heç vaxt qaranı örtə bilməz. Təəssüf ki, günəşə və işığa həsrət Ermənistan hələ də öz zülməti ilə qarasını örtdüyünü sanır.
Sosial tədqiqatlar mərkəzi