Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar Rəhimzadə: Könüllülük ümummilli hərəkata çevrilib

Vüqar Rəhimzadə: Könüllülük ümummilli hərəkata çevrilib

Tarix: 15 May 2020 15:30

Dövlətimizin başçısı İlham Əliyev daim bəyan edir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. İslahatları aparmaqla ölkəmiz güclənir və gələcək dayanıqlı inkişafı təmin edilir. Tərəqqi islahatlarsız mümkün deyil. Bu inkişaf, tərəqqi, islahatlar ölkəmizin bütün sferalarını əhatə edir. Bunu şərtləndirən amil təbii ki, dövlətimizin başçısı tərəfindən dövrün, zamanın tələblərinə uyğun qarşıya yeni-yeni vəzifələrin qoyulmasıdır. Bütün dövr üçün öz aktuallığını qoruyan, dəyişməyən tezis isə Azərbaycanın gələcəyinin gənclərə məxsus olmasıdır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənclərdən, onların fiziki və mənəvi sağamlığından, xalqına, Vətəninə bağlılığından, dövlət maraqlarını hər şeydən üstün tutmasından asılıdır.

Gənclərin potensial imkanlarının ortaya qoyulmasına, ictimai-siyasi fəallıqlarının artırılmasına, dövlət idarəçiliyində irəli çəkilmələrinə geniş imkanlar açan Dövlət proqramları icra edilir, müxtəlif layihələr həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə diqqəti özünü 2007-ci ili "Gənclər ili", 2020-ci ili isə "Könüllülər ili" elan etməsində daha qabarıq şəkildə göstərir. Ölkəmizdə könüllülük hərəkatının geniş vüsət alması gənclərin malik olduqları potensial imkanlarından daha səmərəli istifadə etmələrini şərtləndirir. Məhz bu amillər əsas götürülərək pandemiyanın bütün dünyanı cənginə aldığı bugünkü şəraitdə ölkəmizdə könüllülük əlillərə, kimsəsizlərə, aztəminatlı ailələrə, qocalara, qaçqın və məcburi köçkünlərə, ehtiyacı olan digər kateqoriyadan olan vətəndaşlara kömək edilməsi, insanpərvərliyin, mərhəmətin, bir sözlə, xalqımıza xas olan keyfiyyətlərin təbliği, hüquqi və mədəni maarifləndirmə, sağlam həyat tərzinin təbliği kimi istiqamətlər üzrə həyata keçirilir.

Bu gün hansı sahəyə diqqət yetirsək könüllülərin fəaliyyətini görərik. Məhz bu fəaliyyəti nəzərə alaraq, eyni zamanda, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycanda "Könüllülər ili" elan edildi. Sənəddə də qeyd olunduğu kimi, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Artıq Azərbaycanda könüllülük bir çox fəaliyyət sferalarına nüfuz etməklə ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsini, ictimai həyatın müxtəlif sahələrini, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət"dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, dövlətə xeyir gətirir. Bu, gənclərimizin istedadını, biliklərini aşkara çıxarmaqla yanaşı, kadr hazırlığı üçün də çox önəmlidir. "ASAN xidmət"lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alır, bilikli kadrlar kimi onlara inam artır, onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Bir sözlə, bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurlarının təminatçısıdır.

Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər. Ölkəmizdə "Evrovision" mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülərimizin rolu inkaredilməzdir.

Bu gün də, yəni, dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda könüllülərin fəallığı diqqətdən kənarda qalmır. Pandemiyanın insanların sağlamlığına, hər bir ölkənin iqtisadiyyatına böyük zərbələr vurduğu göz önündədir. Bu bəla öncə hər kəsdən birlik, həmrəylik çağırışlarına dəstək olmağı tələb etdi. Buna görə də özünütəcrid qaydaları daha da aktuallaşdı, evdə qalıb sağlamlığımıza, böyüklərimizə, ətrafımızdakı insanlara, döğmalarımıza dəstək olmaq günümüzün əsas tələbinə çevrildi. Tətbiq olunan karantin qaydalarında böyüklərimizə hörmətdən irəli gələn yaşı 65-dən yuxarı vətəndaşların evdə olmasına duyulan ehtiyac da könüllülərimizin fəaliyyətinə işıq saldı. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə yanaşı, könüllülərimiz də yaşı 65-dən yuxarı olan tənha yaşlılara kömək olmağı, onlara sosial xidmət göstərməyi, qayğılarını çəkməyi özlərinin vətəndaşlıq borcu hesab edərək bu missiyanı yerinə yetirməkdən xoş əhval- ruhiyyə duyurlar. Təbii ki, bu kimi addımlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığına öz müsbət təsirini göstərir.

Böyüklərə hörmət və diqqət, onların qayğıları ilə yaşamaq, bu kateqoriyadan olan insanlara lazım olan dəstəyi göstərmək milli-mənəvi dəyərlərimizin əsas tərkib hissələridir. Həmin qayğıya mərhəməti, sədaqəti, xeyirxahlığı da əlavə etsək, bu ali keyfiyyətlərin fonunda koronavirus kimi bəladan uğurla çıxacağımızı əminliklə qeyd edə bilərik. Çünki birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun yüksək səviyyədə olduğu bir ölkədə hansısa çətinlikdən, problemdən, yaxud onların həllinin mümkünsüzlüyündən danışmaq qeyri-mümkündür. "Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir" söyləyən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu əminliyi də ifadə edir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri- ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.

Koronavirus xəstələrinin müalicəsində də könüllülərin əməyi danılmazdır və dövlət tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin 18 mart 2020-ci il tarixli "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Sərəncamı deyilənlərin bariz nümunəsidir. Həmin sənədə əsasən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə edildi. Həmin Sərəncamda bu mühüm bənd də öz əksini tapmışdır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtləri müəyyənləşdirilsin. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq Baş Nazir Əli Əsədovun "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə" Qərarında onlara 2020-ci il aprel 1-dən aylıq 250 manat məbləğində mükafat nəzərdə tutuldu. Möhtərəm Prezidentimizin fikirlərinə istinad etsək, onların əsas motivasiyası bu, deyil. Əsas odur ki, hər kəs öz borcunu yerinə yetirmək istəyir.

Bir əsas məqamı da qeyd etməliyəm ki, dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi bu qısa müddətdə fəaliyyət istiqamətini genişləndirməklə davamlı uğurlara öz töhfəsini vermişdir.

Ətrafında birləşdirdiyi "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, "BİR Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Könüllü DOST" Proqramı, "Aqrar İnkişaf Könüllüləri" İctimai Birliyi, "Nəqliyyat Könüllüləri" Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, "Miqrasiya Könüllüsü" İctimai Birliyi, "Könüllü Gömrükçü" Dəstəsi, "Turizm Könüllüləri" İctimai Birliyi, habelə "Gənc Könüllülər" Hərəkatı və sair təşkilatların, hərəkatların təmsilçiləri ölkəmizdə koronavirus infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımlarını yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, dövlət başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini vurğulamışdılar.

Mərkəz məqsəd və məramına uyğun olaraq sosial mediada genişmiqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, ictimaiyyəti görülən işlər, həmçinin pandemiyanın yaratdığı fəsadlarla bağlı məlumatlandırır, günümüzün əsas tələblərinə çevrilən şəxsi gigiyena və sosial təcrid qaydalarına düzgün riayət olunmasının vacibliyini aşılayır, bununla əlaqədar müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir. Mərkəzin ətrafında birləşən hər bir təşkilat, hərəkat bu əminliyi ifadə edir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə könüllülərin qarşısında geniş imkan açan 2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan edilməsi koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında könüllülərin təşəbbüskarlığının, enerjisi və bacarıqlarının səfərbər olunmasına dövlət tərəfindən görülən işlərin faydalılığının artırılmasına müsbət təsir edəcək.

Bu arzu və istəklə fəaliyyətə başlayan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi adında ehtiva etdiyi missiyaya uyğun olaraq könüllü təşkilatlar və hərəkatlar arasında əlaqələndirməni yüksək səviyyədə həyata keçirməklə yerlərdə əhalinin həssas qrupları haqqında vacib məlumatların toplanmasına, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işinin həyata keçirilməsinə, həmçinin könüllü təşkilatlarının fəaliyyəti ilə müvafiq dövlət qurumlarının işinin əlaqələndirilməsinə və sair kimi məsələlələrə öz dəstəyini göstərməyə səy göstərir. Bir əsas məqamı da nəzərə alaq ki, Mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.

Təbii ki, uğurlu başlanğıc, eyni zamanda, məqsəd növbəti addımların, nəticələrin aydın mənzərəsini yaradır. Qısa müddətdə Mərkəzin gördüyü işlərin statistikasına nəzər salsaq qarşıya qoyulan məqsədə nail olunacağına böyük əsaslar yarandığını açıq-aşkar görərik. Belə ki, paytaxt və regionlarda "Böyüklərimizi qoruyaq!" devizi altında tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin qonağı olan, onlara zəruri tələbat məhsullarından ibarət bağlamaları çatdıran, 28 şəhər və rayonu əhatə edən minə yaxın könüllülərimiz 6254 ailəyə sevinc bəxş etmiş, onlara dəstək olmuşdur.

Həmçinin "Könüllü qonşu" aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər xüsusi elanlar vasitəsilə ehtiyacı olanlar barədə məlumatın əldə olunmasına şərait yaratmışlar. Bir zəng əsasında ehtiyacı olanların köməyinə çatan könüllülərimiz vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. Həmçinin Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı ilə birlikdə "Könüllü donor" aksiyasına start vermişdir. Bu nəcib aksiyada da könüllülərimiz fəal iştirak edirlər.

Bu məqamı da xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması kimi gözəl xüsusiyyətlərini önə çəkərək irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulmasını bu nəcib keyfiyyətəlrimizə bariz nümunə kimi qeyd etmişdir. Mehriban xanım Əliyeva belə bir arzunu ifadə etmişdir: "Qoy, xoş əməllərin sayı artsın. Uca Tanrı sizi qorusun!".

Möhtərəm Prezidentimiz İlham Əliyevin pandemiyaya qarşı həyata keçirdiyi mübarizə tədbirləri ilə bağlı ölkə vətəndaşları tərəfindən dövlətimizin başçısına ünvanlanan minnətdarlıq və təşəkkür məktublarında da könüllülərimizin bu fikirlərinə rast gəlirik: "Cənab Prezident, biz gənclər daim Sizin siyasətinizi və islahatlarınızı dəstəkləyirik və daim yanınızdayıq. Ölkəmizdə könüllülük yeni mərhələyə qədəm qoyub və böyük potensiala malikdir. Gənclərimiz Sizin diqqət və qayğınız, yaratdığınız şərait əsasında bu potensial imkanlardan daha səmərəli istifadə edərək günbəgün güclənən, qüdrətlənən dövlətimizin yeni-yeni hədəflərə nail olmasına öz töhfəsini verməyə səy göstərirlər".

Göründüyü kimi, ölkə vətəndaşları arasında dövlətimizin həyata keçirdiyi siyasətə dəstək, Azərbaycan Pespublikasının möhtərəm Prezidentinə inam və etimad yüksək səviyyədədir. Şübhəsiz, bu yüksək inam və etimad, dövlət-vətəndaş birliyinin möhkəmliyi fonunda pandemiyaya qarşı mübarizədən də uğurla çıxacağıq. Eyni zamanda, yeni iqtisadi və sosial inkişaf modeli əsasında Azərbaycanın davamlı inkişafı təmin ediləcək, bütün sferaları əhatə edən islahatlar yeni-yeni hədəflərin gerçəkləşməsini şərtləndirəcəkdir. Bir sözlə, hər zaman olduğu kimi, pandemiya dövründə də dünyanı birləşdirən Azərbaycan ən yüksək zirvələri fəth edəcək.

Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
"İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru


Etiketlər:  Vüqar Rəhimzadə Könüllülük ümummilli hərəkata çevrilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ