Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2019 15:48
Bakı. Trend:
İyunun 7-də Bərdə rayon ərazisində 1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovun idarə etdikləri “Qazel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində avtomobildə olan sərnişinlər – İlyas Gülməmmədov və Nizami Əliyevin aldıqları xəsarətlərdən xəstəxanada vəfat etmələri faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin Elvin Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin