Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 20:52
Bakı. Trend:
Sadəcə xarici görünüşü baxımından deyil, həm də texnoloji infrastrukturu, yeri və imkanları ilə İstanbulun qürurverici abidələrindən biri olacaq daha bir əsəri ölkəmizə qazandırdıq.
Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının açılış mərasimindəki çıxışında deyib.
Mayın 21-də keçirilən açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yaponiyanın Baş Naziri Şinzo Abe iştirak ediblər.
Ərdoğan açılışda iştirak etdiyinə görə Yaponiyanın Baş naziri Şinzo Abeyə təşəkkür edərək xəstəxananın ölkə, millət və İstanbul üçün xeyirli olmasını arzulayıb.
Keçmişdə yapon şirkətləri ilə Marmaray və Osman Gazi körpüsü kimi əhəmiyyətli infrastruktur layihələrinə imza atdıqlarını xatırladan Ərdoğan sözlərini belə davam etdirib:
“Bu gün biz dərin köklü və çoxşaxəli Türk-Yapon dostluğuna yeni bir halqa əlavə edirik. Xəstəxanamızı iki ölkə əməkdaşlığına uyğun olaraq Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası olaraq adlandırdıq. Bunlar, bizim xüsusilə dostluğumuzun davamlılığını göstərən addımlardır. Sadəcə xarici görünüşü baxımından deyil, həm də texnoloji infrastrukturu, yeri, imkanları və digər xüsusiyyətləri ilə İstanbulun qürurverici abidələrindən biri olacaq daha bir əsəri ölkəmizə qazandırdıq”.
Bu möhtəşəm əsərin Türkiyə-Yaponiya əməkdaşlığının və həmrəyliyinin göstəricisi olduğunu vurğulayan dövlet başçısı xəstəxananın 789 min kvadratmetr sahə üzərində inşa edilmiş 1 milyon 21 min kvadrat metrlik qapalı ərazisiylə dünyanın qabaqcıl tibb mərkəzləri sırasına daxil olduğunu qeyd edib.
2 min 682 yatağından 456-sı reanimasiya şöbəsinə aid olan xəstəxananın COVİD-19 pandemiyasına qarşı mübarizədə çox əhəmiyyətli rol oynayacağını bildirən Türkiyə Prezidenti 107 şöbədən ibarət tibb müəssisəsinin hər gün 35 min ambulator və 7 min yataq xəstəsi qəbul etmə, eləcə də 500 xüsusi əməliyyat keçirmə gücünə malik olduğunu qeyd edib:
“Xəstəxanamız millətimizlə birlikdə, İstanbul Hava limanına yaxın ərazidə yerləşməsi səbəbilə xarici qonaqlarımıza da xidmət göstərə biləcək. Bu o deməkdir ki, İstanbul artıq beynəlxalq tibb mərkəzinə çevrilib. Tibbi xidmətlərin dəyərinin daha yaxşı dərk edildiyi bir dövrdə, bu xəstəxana səhiyyə turizmində Türkiyənin marka əsərlərindən biri olacaq”.
COVİD-19 pandemiyası ilə mübarizə barəsində danışan Rəcəb Tayyib Ərdoğan mayın 20-dən etibarən ölkədə yoluxma sayının 1000-dən aşağı olduğunu, normallaşma ilə əlaqədar addımlar atılmaqla yanaşı, qabaqlayıcı tədbirlərin də davam etdirildiyini deyib.
O, həmçinin Türkiyənin pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi yardım göndərdiyini və bu yardımların davam etdiyini bildirib.
Telekonfrans vasitəsilə tədbirdə iştirak edən Yaponiyanın Baş Naziri isə çıxışı zamanı sağlamlıq rəmzi olan şam və Yaponiyanın simvolu olan sakuranın adını daşıyan xəstəxananın İstanbul xalqına sağlamlıq gətirməsini diləyib.