Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 08:00
Bakı. Fidan Babayeva - Trend:
Azərbaycanda xüsusi karantin rejimi dövründə arıçılıq məhsullarının satışı çoxalıb.
Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
O bildirib ki, daxili bazarda satışları ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb.
Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər bal ehtiyatı olmasına baxmayaraq ölkəyə bal idxalı da artıb:
“Bu fonda xarici istehsalçılarla rəqabət artır və daxili bazarda yerli istehsal olan balın satışı azalır. Ötən il İran və Ukraynadan böyük həcmdə ucuz günəbaxan balı idxal olunub”.
B.Həsrətov qeyd edib ki, 2019-cu ildə Azərbaycanda satış üçün 6 min ton bal istehsal olunub, əhalinin tələbatı isə, hesablamalara əsasən 5 min ton təşkil edib: “Bu, onu ifadə edir ki, ölkədə tələbatın təmin olunması üçün kifayət qədər bal ehtiyatı var və idxala zərurət yoxdur”.
Assosiasiya sədri əlavə edib ki, iki il əvvəl Azərbaycanda arı ailəsi 200 min idisə, bu il arı ailələrinin sayı 500 minə çatıb:
“Məhsuldarlıq da çoxalıb, əgər əvvəllər bir arı pətəyindən 10 kiloqram bal əldə edirdiksə, indi məhsuldarlıq 5 kiloqram da artıb. Mayın sonunda biz 2020-ci ilin ilk balını hasil edəcəyik, bu proses avqustun sonunadək davam edəcək”.