Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 12:30
"Səhlənkarlıq edib qoruyucu maskadan istifadə etmədiyim üçün koronavirusa yoluxdum".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında jurnalist Xaliq Rəşidoğlu deyib.
Jurnalist bildirib ki, içtimai nəqliyyatdan tibbi maskasız istifadə etdiyi üçün bu virusa yoluxub: "Marşrut avtobusunda maskadan istifadə etmirdim. Axşam evdə bir neçə gün hərarət və baş ağrılarım başladı. 5 gündən sonra Təcili Tibbi Yardıma müraciət etdim. Həkim briqadası gəldi, simtomları dedim, məndən test götürdülər. 2 gün sonra cavab gəldi ki, analizlərin nəticəsi pozitiv çıxıb və mən koronavirusa yoluxmuşam. Yenidən Təcili Tibbi Yardım Briqadası məni Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirdi. Klinikada müalicə prosesi çox yüksək səviyyədə təşkil olunub. Tibbi heyət olduqca operativ və keyfiyyətli xidmət göstərirdilər".
X. Rəşidoğlu bildirib ki, klinikada 14 gün müalicə kursu keçib: "12-gündən sonra yenidən test elədilər və məlum oldu ki, sağalmışam. İki dəfə təkrar test edəndən sonra evə yazıldım. Hazırda ev şəraitində müalicəm davam etdirilir, tibbi heyətin nəzarətindəyəm. Artıq normal həyata qayıdıram. Təngnəfəslik, halsızlıq yoxdur, arabir hərarət olsa da da irəliləyiş çoxdur".
Jurnalist Azərbaycan əhalisinə müraciət də edib: "Vətəndaşlara tövsiyyə edirəm ki, virus yoxdur deyib keçməsinlər. Tibbi maskalardan və digər qoruyucu vasitələrdən daim istifadə etsinlər, sağlamlıq insan üçün hər şeydən əvvəldir. Cəmiyyət içərisinə çıxan şəxs özünü və yaxınlarını qorumaq üçün maskadan istifadə etməli, gigiyenik qaydalara diqqət yetirməlidir. Səhlənkarlıq edib maskasız ictimai nəqliyyatdan istifadə etməyim bununla nəticələndi. İstəmərəm ki, kimsə bu virusa yoluxsun. Ona görə də tövsiyyə edirəm ki, hamı maskadan istifadə etsin".